Mehdi Məmmədovun 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
23 aprel 2018, 15:00
2018-ci ilin may ayında Azərbaycanın görkəmli teatr rejissoru, tanınmış aktyor, teatrşünas alim və pedaqoq, SSRİ Xalq Artisti, SSRİ Dövlət mükafatı laureatı, sənətşünaslıq doktoru, professor Mehdi Əsədulla oğlu Məmmədovun anadan olmasının 100 illiyi tamam olur.
Nadir istedada malik rejissor kimi Mehdi Məmmədov milli teatr səhnəsində Azərbaycan və dünya dramaturji irsinin dərin məzmunlu və rəngarəng janrlı nümunələrinə verdiyi mükəmməl quruluşlarla ölkə teatrı tarixinə parlaq səhifələr yazmışdır. Sənətkarın canlandırdığı obrazlar yüksək ifaçılıq nümunələridir. Mehdi Məmmədov pedaqoji sahədəki uzunmüddətli dolğun fəaliyyətini, eyni zamanda, səmərəli elmi yaradıcılıqla ahəngdar şəkildə əlaqələndirmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanın teatr ənənələrinin yeni nailiyyətlərlə daha da zənginləşdirilməsində diqqətəlayiq xidmətlər göstərmiş böyük sənətkar Mehdi Məmmədovun 100 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Xalq Artisti Mehdi Məmmədovun 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 aprel 2018-ci il.
Dostları ilə paylaş: |