Məhəbbətin boş kasaları



Yüklə 156,31 Kb.
səhifə11/61
tarix02.02.2022
ölçüsü156,31 Kb.
#114149
növüYazı
1   ...   7   8   9   10   11   12   13   14   ...   61
DİALEKTLƏR

Sözlə ruhlandırma — beş əsas dildən biridir. O özündə bir neçə dialekti birləşdirir. Biz artıq bəzilərini araşdırdıq. Onlar olduqca çoxdur. Bu mövzuda bir çox məqalələr və kitablar dərc edilib. Bütün bu dialektlərin ümumi məğzi — sözlər vasitəsilə həyat yoldaşınızı nə qədər dəyərləndirdiyinizi göstərir. Psixoloq Vilyam Ceyms qeyd edir ki, insanın ən dərin tələbatı — onun qiymətləndirilməsidir. Bu səbəbdən də əksər insanlar ruhlandırmaya ehtiyac duyurlar. Əgər siz natiqlik istedadına malik deyilsinizsə və bu dil sizə yaddırsa, amma həyat yoldaşınız üçün doğmadırsa, onda qeyd dəftərcəsi tutun. Məhəbbət haqqında məqalə və ya kitablar oxuyanda, mühazirə dinləyəndə, yaxud gözəl nitqə malik dostunuzla görüşəndə, sözləri qeyd etməyi unutmayın. Bir müddət keçəndən sonra əlinizdə böyük siyahı olacaq. O zaman sevginizi ifadə etmək üçün onlardan istifadə edə bilərsiniz.

Siz sözlə ruhlandırmadan istifadə edərək ərinizi və ya arvadınızı yanınızda olmayanda belə tərifləyə bilərsiniz. Çünki kimsə sözlərinizi onlara çatdıra bilər. Məsələn, qayınananızın yanında arvadınızın necə gözəl olduğunu söyləyin. O, hətta sözlərinizi daha da bəzəyib mütləq qızına deyəcək. O anda sözləriniz iki qat dəyərləndiriləcək. Həmçinin həyat yoldaşınızı yanınızda olanda da tərifləyin. Başqalarının yanında onunla fəxr edəndə, bilin ki, sizinlə də fəxr olunacaq. Ruhlandırıcı sözləri yazmaq da olar. Yazılan sözlərin təsiri daha böyükdür, çünki onları dəfələrlə oxuyurlar.

Mən Arkanzas ştatında Littl Rokda olanda sözlə ruhlandırma və ümumiyyətlə, məhəbbətin dilləri haqqında çox məqamları öyrəndim. Yazın mülayim günlərinin birində mən Bill və Bettiyə baş çəkdim. Onlar ağ hasarla əhatə olunmuş gözəl evdə yaşayırdılar. Hər yerdə yaşıllıq var idi və ilk çiçəklər açmışdı. İdilliya! Lakin mən evə daxil olanda, idilliya sona çatdı. Onların nikahı can üstə idi. On iki illik ailə həyatı və iki uşaq. Bill və Betti özlərindən soruşurdular: «Axı nəyə görə biz evləndik?» Elə görünürdü ki, heç nədə onların fikirləri üst-üstə düşmür. Onları birləşdirən yeganə amil — uşaqlarına olan sevgiləri idi. Onların danışıqlarından belə başa düşdüm ki, Bill çox zəhmətkeşdir, buna görə də ailəsinə vaxt ayıra bilmir. Betti isə evdə tək oturmasın deyə, yarım gün işləyirdi. Onlar bir-birindən uzaqlaşmaqla problemin həlli yolunu tapdılar. Məsafə saxlayaraq nadir hallarda mübahisə edirdilər. Amma mən məhəbbət kasasının boş olduğunu göstərən indikator əqrəbini gördüm.

Onlar mənə psixoloqla məsləhətləşdiklərini və heç bir fayda görmədiklərini dedilər. Mən onlarla seminar vaxtı tanış olmuşdum, növbəti gün isə getməli idim. Başa düşürdüm ki, onlarla görüşməyə bir də imkanım olmayacaq. Buna görə də risk etməyə qərar verdim.

Mən onların hər biri ilə ayrı-ayrılıqda bir saat vaxt keçirtdim. Hər iki tərəfi diqqətlə dinləyərək müəyyən etdim ki, qarşılıqlı soyuqluğa və mübahisələrə baxmayaraq, onlar sadəcə bir-birinin ər-arvad borclarını ödəyirlər. Bill etiraf etdi: «O, qayğıkeş ana və yaxşı evdar xanımdır. O, dadlı yeməklər hazırlayır. Amma məni sevmir. Bütün günü işdə əziyyət çəkirəm, o isə bunu dəyərləndirmir». Betti isə belə şikayətləndi: «Bill bizi hər şeylə təmin edir. Ancaq ev işlərində kömək etmir. Onun heç vaxt mənə ayırmağa vaxtı yoxdur. Sahib olduğumuz hər şey — ev, maşın biz bir yerdə olmayınca sevinc gətirmir. Çünki biz birlikdə deyilik».

Bu etiraflara əsaslanaraq hər birinə məsləhət verdim. Təklikdə Billə, daha sonra isə Bettiyə dedim ki, hər şey yalnız onlardan asılıdır. Xoşbəxtliyin açarı onların əlindədir, yəni bir-birinə üstün cəhətlərini demək, çatışmazlıqları isə müvəqqəti olaraq unutmaq lazımdır. Onlar bir daha öz yoldaşının müsbət tərəflərini sadaladılar. Mən də bu cəhətlərin siyahısını tərtib etməkdə onlara kömək etdim. Bill Bettinin gözəl ana və yaxşı evdar xanım kimi xüsusiyyətlərini vurğulayır, Betti isə ərinin zəhmətkeşliyini və maddi cəhətdən köməyini qeyd edirdi. Biz siyahının mümkün qədər daha geniş olmasına çalışdıq. Görün, Bettidə nə alındı:


  • On iki il ərzində o, bir iş gününü belə buraxmayıb. O, çox enerjilidir.

  • Vəzifədə irəliləyir. Əldə etdikləri ilə kifayətlənmir.

  • Hər ay ev pulunu ödəyir.

  • Özü elektrik, qaz və su pulunu ödəyir.

  • Üç il əvvəl o, bütün ailəsi ilə istirahətə getmək üçün böyük maşın alıb.

  • Yazda və payızda evin önündəki otları hamarlayır, ya da bunu etmək üçün işçi tutur.

  • Payızda özü və yaxud işçi tutaraq yarpaqları təmizləyir.

  • Yaxşı yeməyimiz və geyinməyimizin qayğısına qalır.

  • Ayda bir dəfə zibil atır.

  • Ailə üçün Milad hədiyyəsini mən onun pulu ilə alıram.

  • Bildiyim kimi pulları xərclədiyimə görə o, etiraz etmir.

Bunu isə Bill yazıb:

  • O, hər gün yatağı yığır.

  • Hər həftə evdə təmizlik işləri görür.

  • Uşaqlara səhər yemək verib məktəbə aparır.

  • Təxminən həftədə üç dəfə günorta yeməyi hazırlayır.

  • Evə ərzaq alır. Uşaqların dərsinə kömək edir.

  • Uşaqları məbədə və məktəbdə keçirilən bayramlara aparır.

  • Məbəddə uşaq ibadəti aparır.

  • Paltarları kimyəvi təmizləməyə verir.

  • Paltar yuyub ütüləyir.

Yenə nəsə xatırlasalar, siyahını daha da genişləndirəcəklər. Həftədə iki dəfə bu siyahıdan hansısa bir xüsusiyyəti seçib onlar bir-birini tərifləyirlər. Daha bir məsləhət. Onlar kompliment eşidəndə qarşılıqlı cavab verməyə ehtiyac yoxdur. Sadəcə «Çox sağ ol» demək kifayətdir. Onlara təklif etdim ki, iki aydan sonra münasibətlərində irəliləyiş görsələr, bu təcrübəni davam etdirsinlər. Heç nə dəyişməsə, onda əvvəlki uğursuz cəhdlər kimi bundan da imtina edə bilərlər.

Növbəti gün mən evə qayıtdım. Nəticə barədə öyrənmək üçün iki aydan sonra Bill və Bettiyə zəng edəcəyimi dəftərcəmə qeyd etdim. Yayın ortasında onlarla əlaqə saxlayıb hər biri ilə ayrı-ayrılıqda danışdım. Billin arvadına qarşı nə qədər dəyişdiyi çox təəccüblüdür. O, Bettinin də eyni məsləhət aldığını bilə-bilə narazı görünmürdü. Əksinə, heyrət içində idi. Bill əmin olmuşdu ki, arvadı onun ağır zəhmətini və ailəyə qayğısını dəyərləndirir. «Onun sayəsində özümü yenidən insan hiss edirəm. Doktor Çepmen, hələ çox səy göstərməliyik. Buna baxmayaraq, düşünürəm ki, biz doğru yoldayıq».

Lakin Bettidə o qədər də dəyişiklik görmədim. O dedi: «İndi münasibətlərimiz bir az düzəlib. Mən daim gözəl sözlər eşidirəm. Düşünürəm ki, Bill səmimidir. Amma, doktor Çepmen, mən, demək olar ki, onu görmürəm. O, həmişə olduğu kimi işi ilə məşğuldur. O mənə vaxt ayırmır».

Bunu eşidən kimi, sanki gözlərim açıldı. Anladım ki, çox vacib bir şeyi nəzərdən qaçırmışam. Onların məhəbbət dili uzlaşmamışdı. Şübhəsiz, Billin doğma dili — sözlə ruhlandırmadır. O istəyirdi ki, həyat yoldaşı onun əməksevərliyini qiymətləndirsin. Çox güman ki, Bill uşaqlıqdan ətrafındakıların dəstəyinə ehtiyac duyubmuş. Bu tələbat böyüyəndən sonra da onda qalmışdı. Betti isə başqa nəsə istəyirdi. Xoş sözlər? Nə deyim, pis deyil. Amma onun ayrı bir şeyə ehtiyacı var idi. Beləliklə, məhəbbətin ikinci dilinə nəzər salaq.



Yüklə 156,31 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin