Məhəbbətin boş kasaları


FƏSİL 5 MƏHƏBBƏTİN İKİNCİ DİLİ



Yüklə 156,31 Kb.
səhifə12/61
tarix02.02.2022
ölçüsü156,31 Kb.
#114149
növüYazı
1   ...   8   9   10   11   12   13   14   15   ...   61

FƏSİL 5

MƏHƏBBƏTİN İKİNCİ DİLİ:

VAXT AYIRMAQ


Axı nə üçün ilk dəfədən mən Bettinin məhəbbət dilini müəyyən edə bilmədim? Bu ki çox aydın görünürdü. Littl Rokda olanda, o mənə nə demişdi? «Bill ailəni hər şeylə təmin edir. Amma demək olar ki, onu görmürəm. Sahib olduğumuz ev, maşın, ümumiyyətlə, hər şey bir yerdə olmadıqca, sevinc gətirmir. Çünki biz birlikdə deyilik». O nə istəyirdi? Bill ilə birgə olmağı. Billin ona diqqət ayırmasını. O istəyirdi ki, əri ona vaxt ayırsın və onlar nəsə etsinlər.

Birlikdə vaxt keçirtmək, kiməsə bütün diqqətini ayırmaq deməkdir. Divanda yanbayan oturub televizora baxanda, siz birlikdə deyilsiniz. Diqqətiniz bir-birinizə deyil, xəbərlərə yönəlir. Birgə vaxt keçirtmək televizoru söndürüb bir-birinizə baxıb söhbət etmək və fikirlərini həmsöhbətinə cəmləşdirməkdir. Bu o deməkdir ki, birlikdə gəzintiyə çıxasınız, yemək yeyəsiniz və üz-üzə oturub danışasınız. Fikir vermisinizmi, restoranda evli və evli olmayan cütlükləri seçmək həmişə mümkündür? Aşiq olanlar göz-gözə baxıb söhbət edirlər. Ər-arvad isə ətrafa göz gəzdirir. Belə düşünmək olar ki, onlar sadəcə yemək üçün gəliblər.

Mən həyat yoldaşımla iyirmi dəqiqə yanaşı oturub söhbət edəndə, biz bir-birimizə iyirmi dəqiqəlik həyat bəxş edirik. Bu anı geri qaytarmaq mümkün deyil. Deməli, bir-birimizə həyatımızın kiçik bir hissəsini veririk. Məhəbbət məhz bu cür özünü büruzə verir.

Bütün xəstəliklərə qarşı dərman yoxdur. Mən ciddi səhvə yol verdim. Düşündüm ki, Billi kimi Betti üçün də tərif vacibdir. Ümid edirdim ki, onlar daima bir-birini tərifləsə, ailədəki emosional mühit yaxşılaşacaq və sevildiklərini başa düşəcəklər. Bu, Billdə özünü doğrultdu. Onun arvadına qarşı münasibəti dəyişdi. O gördü ki, həyat yoldaşı onun zəhmətini qiymətləndirir. Bettinin həyatında isə bu, alınmadı. Çünki tərif onun məhəbbət dilinə yad idi. Bettinin doğma məhəbbət dili — vaxt ayırmaqdır.

Billi yenidən telefona çağırıb ona minnətdarlıq etdim. Bu iki ay ərzində həyat yoldaşı üçün az şey etmədiyini və arvadının onun səylərini gördüyünü söylədim.


    • Amma, doktor Çepmen, — deyə Bill etiraz etdi, — Betti xoşbəxt görünmür. Mən onda heç bir dəyişiklik görmürəm.

    • Siz haqlısınız. Mən problemin nədə olduğunu bilirəm. Çünki onun məhəbbət dilini səhv müəyyən etmişdim.

Bill söhbətin nədən getdiyini başa düşmədi. Ona izah etdim: bir insan məhəbbətin burada olduğunu görür, digəri isə, əksinə, heç nə görmür.

Bill doğma məhəbbət dilinin tərifləmək olması ilə razılaşdı. Uşaqlıqdan əhatəsindəki insanların dəstəyi onun üçün böyük əhəmiyyət kəsb edirdi. İndi isə həyat yoldaşından tərif eşitmək ona çox xoş idi. Ona dedim ki, Bettinin məhəbbət dili vaxtdır. Billə diqqəti tamamilə kiməsə yönəltməyin nə olduğunu başa saldım — qəzet və ya televizora baxa-baxa deyil, həyat yoldaşının gözlərinin içinə baxa-baxa söhbət etmək və böyük məmnuniyyətlə onun xoşuna gələn nəyisə etmək.



    • Məsələn, konsertə getmək — deyə Bill mənim sözümə qüvvət verdi. Ondan nə tələb olunduğunu o, başa düşmüşdü.

    • Bəli, — o davam etdi. — Betti həmişə şikayətlənir ki, mən nadir hallarda onunla vaxt keçirirəm. Əvvəllər biz harasa birlikdə gedirdik. Bizim ümumi maraqlarımız var idi. İndi isə mən olduqca məşğulam. Bəli, bəli, bu, onun məhəbbət dilidir. Tamamilə doğrudur. Amma, doktor Çepmen, axı mən nə edə bilərəm? İş o qədər vaxt aparır ki.

    • Siz nə iş görürsünüz ki?

On dəqiqə ərzində o mənə vəzifədə necə yüksəlməsindən, ona çətin olmasından, nail olduqları ilə fəxr etməsindən danışdı. Sonra yaxın beş il üçün gələcək planlarından söz açdı.

    • Amma yəqin ki, siz təklikdə qalmaq istəməzsiniz — mən dedim.

    • Əlbəttə, yox. Mən istəyirəm ki, həyat yoldaşım və uşaqlarım mənimlə birlikdə sevinsin. Ona görə də, Betti deyinəndə ki, mən həddindən artıq çox işləyirəm, qəlbim üzülür. Axı mən özüm üçün çalışmıram. İstəyirəm ki, bu, onun da həyatının bir hissəsinə çevrilsin. Ancaq o, həmişə narazıdır.

    • İndi siz başa düşdünüz nə üçün? Siz həyat yoldaşınıza o qədər az vaxt ayırmısınız ki, onun məhəbbət kasası boşalıb. Betti sizin onu sevdiyinizə inanmır. O, işinizə rəqib kimi baxır. Buna görə də işinizi hədəfə alıb. Əslində isə o, sizdən sevgi almadığına görə narazıdır. Bill, yalnız bir həll yolu var. Arvadınıza vaxt ayırın. Siz onun məhəbbət dilini öyrənməlisiniz.

    • Doktor Çepmen, mən başa düşürəm. Bəs nədən başlayım?

    • Bettinin müsbət cəhətlərini qeyd etdiyiniz kitabça üstünüzdədir?

    • Bəli.

    • Deməli, belə. Yeni siyahı tərtib edək. Həyat yoldaşınız tez-tez sizinlə birlikdə olmaq istəyir. Sizcə, o, nə ilə məşğul olmaq istəyərdi? O, adətən, nə xahiş edir?

Bill bunları yazdı:

  • İstirahət günü maşınla dağlara gəzməyə getmək (bəzən uşaqlarla, bəzən ikimiz).

  • Birlikdə günorta yeməyi yemək (yaxşı restoranda və ya hərdən Makdonaldsda).

  • Kimisə uşaqlara baxmaq üçün dəvət etmək və həyat yoldaşı ilə birlikdə şam etmək.

  • İşdən qayıdanda gününü necə keçirtdiyi barədə danışmaq və yoldaşının nə ilə məşğul olduğu haqqında maraqlanmaq (onunla ünsiyyət quranda fikrimin televizorda olmasından xoşunun gəlmədiyini unutmamaq).

  • Uşaqlarla vaxt keçirtmək, məktəb barədə maraqlanmaq.

  • Onlarla oynamaq.

  • Şənbə günü ailəlikcə piknikə getmək, hər yerdə qarışqa və milçəklərin olmasına görə deyinməmək.

  • Heç olmasa ildə bir dəfə ailəlikcə məzuniyyətə yollanmaq.

  • Betti ilə tez-tez gəzintiyə çıxıb ünsiyyət qurmaq. (Qabağa qaçmadan yanbayan getmək.)



    • Betti həmişə bunu məndən xahiş edir, — Bill dedi.

    • Sizə hansı məsləhəti verəcəyimi artıq müəyyən edirsiniz?

    • Bunlara əməl etmək.

    • Doğrudur, hər həftə bunlardan birini seçib iki ay ardıcıl yerinə yetirmək. Vaxtı necə tapacağınızı özünüz fikirləşin. Siz ağıllı insansınız, əks halda tutduğunuz vəzifəyə yüksəlməzdiniz. Həyatda plan qurmağı bacardığınıza görə planlarınıza Bettini də daxil edin.

    • Mən bacararam.

    • O demək deyil ki, siz işinizi atasınız. Xeyr. Sadəcə siz müvəffəqiyyətə nail olanda, arvad-uşağınız yanınızda olacaq.

Məhəbbətin vaxt dilində danışan adam üçün həyat

Yoldaşı ilə birlikdə olması əsasdır. Birlikdə olmaq —

Bir-birinizə vaxt ayırmaq deməkdir.





    • Bu, mənim ən böyük arzumdur. İstəyirəm ki, Betti xoşbəxt olsun. Onunla və uşaqlarımla birgə həyatda sevinmək istəyirəm.

Üstündən bir neçə il keçdi. Enişli-yoxuşlu vaxtlar da olurdu. Lakin ən əsası onlar həmişə birlikdədir. Uşaqlar böyüdü və ata ocağını tərk etdilər. Bill və Betti deyirlər ki, indi onların ən gözəl çağlarıdır. Bill klassik musiqini sevdi, Betti isə getdikcə həyat yoldaşında yeni gözəl xüsusiyyətlər aşkar edir. Bill heç vaxt Bettini dinləməkdən yorulmur. Hal-hazırda Bill şəxsi şirkətini idarə edir, işlər çox gözəl gedir. Arvadı isə bunu özünə təhlükə hesab etmir. O, Bill ilə fəxr edir və onu ruhlandırır. Çünki Betti əmindir ki, həyat yoldaşı üçün birinci yerdədir. Onun sevgi kasası doludur. Əgər o, nə vaxtsa diqqətə ehtiyac duyarsa, yaxşı bilir ki, bunu ərindən xahiş etməlidir. Bill də öz növbəsində onu dinləmək üçün vaxt ayırır.


Yüklə 156,31 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin