FƏRQLİ İNSANLAR
Öz hisslərimizə qarşı hamımız laqeyd deyilik. Amma məsələ ünsiyyətə gələndə, özümüzü fərqli aparırıq. Mən iki əsas xarakterli insan müşahidə etmişəm. Birincisini Ölü dəniz adlandırmışam. Ölü dəniz İsraildə yerləşir. İordan çayı da daxil olmaqla, bir çox çaylar ora tökülür. Ancaq onun heç bir çıxışı yoxdur. Dəniz qəbul edir, lakin ötürmür. Belə insan çox düşünür və bir çox şey hiss edir. Onun daxilində hər şeyin sığdığı böyük anbar var. Buna görə onun kiminləsə bölüşməyə ehtiyacı yoxdur. Əgər siz Ölü dənizdən «Nə olub sənə? Axşamdan susursan» — soruşsanız, çox güman ki, o, belə cavab verəcək: «Mənə? Hər şey qaydasındadır. Niyə soruşursan ki?» Susmaq onun xoşuna gəlir. Siz onunla Çikaqodan Detroyta bir söz eşitmədən gedə bilərsiniz. O özünü xoşbəxt hesab edəcək.
Digəri isə — Söhbətcil axındır. Belə insanın gözləri və qulaqları birbaşa dillə bağlıdır. O, hər görüb-eşitdiyini danışır. Yanında kimsə olmasa, tez dostuna zəng edir: «Bilirsən, nə görmüşəm? Təsəvvür edirsən nə eşitmişəm?» Əgər telefonla danışmağa adam tapmasa, onda öz-özünə danışacaq. Onun duyğuları aşıb-daşır. Onları saxlamağa yer yoxdur. Adətən, Ölü dəniz Söhbətcil axınla ailə qurur. Çünki ilk baxışdan onlar gözəl cütlüyə bənzəyirlər.
Əgər siz Ölü dənizsinizsə və görüşdüyünüz insan Söhbətcil axındırsa, sizi gözəl axşam gözləyir. Nə barədə danışacağınızı və ünsiyyətə necə başlayacağınızı düşünməyə ehtiyac olmayacaq. Ümumiyyətlə, düşünməyə gərək qalmayacaq. Sizdən yalnız vaxtaşırı başınızı yelləmək və dodaqaltı «Aha» demək tələb olunur. Söhbətcil axın bütün axşamı dayanmadan danışacaq və siz evə qayıdarkən «Necə də gözəl insandır!» deyə təkrarlayacaqsınız. Əgər Söhbətcil axın sizsinizsə və görüşünüz Ölü dənizlədirsə, onda yenə də gözəl vaxt keçirəcəksiniz. Çünki Ölü dəniz dünyada ən yaxşı dinləyicidir. Siz durmadan üç saat danışa bilərsiniz. O, diqqətlə sizi dinləyəcək və siz evə qayıdanda «Necə gözəl insandır!» deyə düşünəcəksiniz. Siz bir-birinizi cəzb edirsiniz. Amma toydan beş il keçəndən sonra, gözəl bir səhərdə Söhbətcil axın deyəcək: «Biz beş ildir ki, evliyik, ancaq mən onu heç tanımıram». Ölü dəniz isə «Mən onu yaxşı tanıyıram. Görəsən, nə vaxt susacaq. Mən artıq yorulmuşam». Ruhdan düşməyin. Ölü dəniz danışmağı, Söhbətcil axın isə dinləməyi öyrənə bilər. Xasiyyət çox şeyi müəyyən edir, lakin hər şeyi deyil.
Hər gün həyat yoldaşınızla ünsiyyət qurmağı öyrənin. Qoy hər kəs gün ərzində baş verən üç hadisəni danışıb öz hissləri barədə düşünsün. Mən bunu «məcburi minimum» adlandırıram. Elə bundan başlayın. Bir neçə aydan, bəlkə də bir neçə həftədən sonra bir-birinizlə ünsiyyət qurmaq daha asan olacaq.
Dostları ilə paylaş: |