BİRGƏ MƏŞĞULİYYƏT
Məhəbbətin vaxt dilinə daha bir dialekt — birgə məşğələlər daxildir. Bu yaxınlarda mən seminar iştirakçılarından «Mən ... olanda ərimin/arvadımın məni sevdiyini hiss edirəm» fikrini tamamlamağı xahiş etdim. Səkkiz il ailəli olan iyirmi doqquz yaşlı bir kişi belə cavab verdi: «Mən arvadımla birlikdə sevdiyimiz işi edəndə, onun məni sevdiyini hiss edirəm. Onda sanki yenidən görüşə çıxdığımız kimi bir-birimizlə ünsiyyət qururuq». Doğma məhəbbət dili vaxt olan insanlar üçün bu adi cavabdır. Onlar üçün birlikdə olmaq, hansısa bir işi birgə görmək və bir-birinə diqqət ayırmaq əsasdır.
İkimizdən birinə maraqlı olan bir şeyi birlikdə edə bilərik. Nə etdiyiniz vacib deyil, vacib olan hansı məqsədlə etməyinizdir. Məqsəd isə — birlikdə olmaqdır. O anda siz belə düşünürsünüz: «O mənim maraqlarıma şərik olur. Mənimlə vaxt keçirtmək ona xoşdur». Bu, bəziləri üçün məhəbbət səsidir.
Tresi klassik musiqi ilə böyüyüb. O özünü dərk edəndən bəri evlərində klassik musiqi səslənib. Ən azı ildə bir dəfə valideynləri onu konsertə aparırdılar. Ancaq Larinin evində isə kantri musiqisinə üstünlük verirdilər. Radioları həmişə kantri dalğalarına köklənirdi. Lari hesab edirdi ki, klassik musiqi mənasız gurultudur. Lari Tresi ilə tanış olmasaydı, o, heç vaxt konsertə getməyəcəkdi. Toya qədər Lari Tresiyə vurulduğu vaxtda o, klassik musiqini anlamasa da, Tresi ilə konservatoriyaya gedirdi. «Sən bunu musiqi adlandırırsan?» — deyə Lari istehza edirdi. Toydan sonra o, həmişə musiqi sahəsində arvadına şərik olmaqdan imtina edirdi. Lakin bir neçə ildən sonra o, müəyyən etdi ki, arvadının məhəbbət dili vaxt, dialekti isə — birgə məşğuliyyətdir. Tresi konsertləri sevdiyinə görə Lari onunla getməyə qərar verdi. Aydın məsələ idi ki, o, musiqini sevmirdi. Amma Tresini sevdiyi üçün onun doğma dilində danışmaq istəyirdi. Bir müddət keçəndən sonra Larinin klassik musiqiyə münasibəti dəyişdi. İndi hansısa əsərlər onun xoşuna gəlir. Bəlkə də, o, heç vaxt simfoniyaları dərindən sevməyəcək, ancaq Tresini sevməyi öyrəndi.
Siz birlikdə bağda işləyə, bazara gedə, qədim əşyalar mağazasına baş çəkə, təbiət qoynunda istirahət edə, musiqi dinləyə, gəzə və hətta maşın yuya bilərsiniz. Nə ilə məşğul olmağınız yalnız sizin maraq və istəklərinizdən asılıdır. Əsas odur ki: (1) ikinizdən biri bununla məşğul olmağı istəsin, (2) digəri etiraz etməsin, (3) hər ikiniz bunu birlikdə olmaq üçün etdiyinizi bilirsiniz.
Birlikdə nə iləsə məşğul olanda,
Sizin ümumi xatirələriniz yaranır.
Bu da tükənməz sevinc mənbəyidir.
Nə xoşbəxtdir o ailə ki, ümumi xatirələri var. Onlar səhər erkən dəniz sahilində necə gəzdiklərini, yaz fəslində necə çiçək əkdiklərini, bir dəfə göbələk yığdıqları vaxt gicitkənə necə ilişdiklərini xatırlayırlar. Onlar ilk dəfə beysbol oyununda necə iştirak etdiklərini, ilk dəfə xizək sürərkən ərinin ayağını sındırdığı vaxtı yadlarına salırlar. Onlar attraksionları, konsertləri və yığıncaqları xatirələrində canlandırırlar. Onlar iki mil piyada hərəkət edib şəlaləyə çatdıqlarını və qızarmış yanaqlarına şəlalənin suyu çilənəndə necə gözəl olduğunu xatırlayırlar. Bütün bu xatirələr sevgi haqqındadır.
Amma ikimiz də işləyiriksə, bəs necə vaxt tapaq? Çalışın ki, vaxt tapasınız. Çünki səhər və günorta yeməyinə vaxt tapırsınız. Sağlamlığınız üçün qida nə qədər vacibdirsə, birlikdə məşğuliyyət də nikahınız üçün o qədər vacibdir. Çətindir, elə deyilmi? Nizam-intizam tələb edir? Əlbəttə. Bəzən şəxsi planlardan imtina etmək lazım gələcək? Bəlkə də. Arabir maraqlı olmayan işlər görmək lazım olacaq? Bəli. Sizcə, buna dəyərmi? Şübhəniz olmasın. Bəs bundan nə əldə edəcəksiniz? Sevimli həyat yoldaşınızla birlikdə olmaqdan zövq almaq, onun məhəbbət dilini kamil şəkildə öyrəndiyinizdən məmnun qalmaq.
Bu iki dili mənə ayırd etməkdə kömək edən Billi və Bettiyə çox minnətdaram. İndi isə Çikaqoya yollanaq və məhəbbətin üçüncü dilini araşdıraq.
Dostları ilə paylaş: |