Əmr isə məhəbbəti öldürür.
— Məncə, siz haqlısınız, — Meri dedi. — Mən onun qayğısına qalmıram. Bilirsiniz niyə? Onun tələbləri məni özümdən çıxarır. Mən hər şeyi anasının etdiyi kimi etməliyəm.
— Təəccüblü deyil. Kimin xoşuna gələr ki, ona əmr etsinlər? Məhəbbət əmrə tabe olmur. Biz bir-birimizdən tələb deyil, xahiş etməliyik. Çünki xahiş məhəbbətə yol açır, əmrlər isə onu məhv edir.
Bu an Mark söhbətə müdaxilə etdi:
— Tamamilə doğrudur. Mən heç vaxt xahiş etmirdim. Əmr edir, heç nədən razı qalmırdım. Mənə elə gəlirdi ki, o, pis həyat yoldaşıdır. Mən ona qarşı haqsız və qəddar idim. Yalnız indi başa düşürəm ki, onu nə qədər yaralamışam.
— Ruhdan düşməyin. Hər şeyi yoluna qoymaq olar, — mən bloknotdan iki vərəq cırdım. — Gəlin belə edək. Öz xahişlərinizi yazın. Məsələn, siz, Mark, evə qayıdanda, arvadınız nə etməlidir ki, onun məhəbbətini hiss edəsiniz? Üç və ya dörd sətir yazın. Yatağı yığışdırmasını istəyirsinizsə, onu da qeyd edin. Eləcə də siz, Meri, Markdan nə istəyərdiniz? Dörd bənddən ibarət siyahı tərtib edin. (Yəqin ki, siz siyahı tutmağı xoşladığımı artıq müəyyən etdiniz. Onlar bizə konkret düşünməyə kömək edir.)
Onlar məbədin pilləkənində oturdular. Beş dəqiqə sonra əllərində vərəqlə yanıma gəldilər. Mark bunları yazmışdı:
1. Səhərlər yatağı yığışdırmaq.
2. Mən gələnə qədər uşağı çimizdirmək.
3. Ayaqqabıları yerinə qoymaq.
4. Gəlişimə yaxın şam yeməyini hazırlamaq.
Mən yazılanları ucadan oxuyub soruşdum:
— Meri bu xahişlərinizi yerinə yetirsə, onda siz onun sevgisini duyacaqsınız?
— Bəli. Belə olan halda mən ona başqa cür münasibət göstərəcəm.
Sonra mən Merinin yazdıqlarını oxudum:
1. Mən istəyirəm ki, həftədə bir dəfə maşını mən yox, o yusun.
2. Mən mətbəxdə məşğul olanda, uşağın pampersini dəyişsin.
3. Hər həftə evi tozsoranla təmizləsin.
4. Yayda həftədə bir dəfə evin qabağındakı otları biçsin. Çünki onlar çox baxımsız qaldığına görə qonşuların yanında utanıram.
Mən Meriyə baxdım:
— Mark bütün bunları etsə, onda onun sizi sevdiyini anlayacaqsınız?
— Bəli. Çox gözəl olardı.
— Necə bilirsiniz, bunlara əməl etmək ona çətin olmayacaq?
— Xeyr.
— Bəs onun xahişləri yerinə yetirilə bilərmi? Onun sizdən istədiklərini edə biləcəksinizmi?
— Əlbəttə, o mənə laqeyd yanaşmasaydı, bunları əvvəl də edərdim. Onun belə etinasız münasibətini gördükcə, əllərim boşaldı.
— Mark, sizin atanız ananıza kömək etmirdi. Amma sənin ailəndə hər şey başqa cür olmalıdır.
— Belə də ki, atam həmişə öz maşınını yuyur və otları kəsirdi.
— Amma o, pampers dəyişmirdi və təmizlik etmirdi. Belə baxanda, siz də bunu etməyə borclu deyilsiniz. Lakin buna əməl etsəniz, Meri onu sevdiyinizi başa düşəcək.
Mən Meriyə baxdım:
— Siz də Markın xahişlərini yerinə yetirməyə məcbur deyilsiniz. Amma onu sevdiyinizi göstərmək istəsəniz, əlinizdə dörd üsul var. Hər biriniz iki ay ərzində indi tərtib etdiyiniz siyahıda yazılan xahişləri yerinə yetirməyə çalışın. Bu üsul kömək etsə, onda iki aydan sonra cədvəlinizə daha bir xahiş əlavə edin. Ancaq bir xahişdən artıq olmasın.
— Məncə, bunun bir əhəmiyyəti olacaq, — Meri dedi.
— Çox sağ olun, — Mark əlavə etdi.
Onlar əl-ələ tutaraq maşına tərəf getdilər. Mən öz-özümə dedim: «Axı məbəd də bu barədə öyrədir. Mənim necə də yaxşı işim var!». Həmin vaxt dərk etdiyimi bütün həyatım boyu yadımda saxladım.
Yalnız indi, uzun illər işlədikdən sonra görürəm ki, Markla Merinin təqdim etdiyi əhvalat xüsusi bir hadisədir. Çox nadir hallarda ər-arvad eyni məhəbbət dilində danışır. Markla Meri məhəbbətin kömək dilində danışırdılar. Onlara kömək edildiyi zaman məhəbbəti hiss edirlər. Əgər siz ayaqqabını yerinə qoyursunuzsa, uşağı bələyirsinizsə, maşını və ya qab-qacağı yuyursunuzsa, yeri tozsoranla təmizləyirsinizsə və əgər sizin həyat yoldaşınızın doğma dili — köməkdirsə, bu, ona çox şeyi göstərir.
Əgər həyat yoldaşınız toydan qabaq
Sizin üçün nəsə edirsə, bu o demək deyil ki,
Bunu həmişə edəcək.
Siz soruşa bilərsiniz: «Əgər Markla Meri eyni məhəbbət dildə danışırdılarsa, onda niyə onlar bir-birini başa düşmürdülər?». Məsələ burasındadır ki, onlar ayrı-ayrı dialektlərdə danışırdılar. Onlar bir-birinə kömək etsələr də, mühüm olanı etmirdilər. Onlar siyahı tərtib edəndə isə bu, aydın göründü. Meri üçün Markın maşını yuması, uşağın pampersini dəyişməsi, evi tozsoranlaması, həyətdəki otları kəsməsi vacib idi. Mark isə istəyirdi ki, Meri yatağı yığsın, uşağı çimizdirsin, ayaqqabıları yerinə qoysun və vaxtında yemək hazırlasın. Onlar düzgün dialektdə danışmağa başlayanda, məhəbbət kasaları doldu. Yoldaşının dialektini mənimsəmək onlar üçün çətin olmadı, çünki məhəbbət dilləri eyni idi.
Mark və Meridən ayrılmazdan öncə mən öz üç maraqlı müşahidələrimi sizinlə bölüşmək istəyirəm. Nömrə bir: onların nümunələrindəki nəticə belədir. Əgər həyat yoldaşınız toydan qabaq sizin üçün nəsə edirsə, bu, o demək deyil ki, bunu həmişə edəcək. Toya qədər biz aşiq olduğumuza görə özümüzə bənzəmirik. Biz hisslərimiz, istəklərimiz və tələbatlarımızla idarə olunuruq. Bəs toydan sonra özümüzü necə aparacağıq? Bilinmir. Məlum olan odur ki, fərqli davranacağıq.
Bu, Mark və Meri timsalında göstərilən daha bir qanuna gətirib çıxarır. Məhəbbət seçimdir. Məcburi sevdirmək olmaz. Mark və Meri bir-birini tənqid edərək heç nə əldə etmədilər. Onların tələbləri xahişə çevriləndən sonra münasibətləri düzəldi. Əlbəttə, sərt şəkildə təzyiq göstərilsə, əmrlərlə də istəyə nail olmaq olar. Həyat yoldaşınız sizə tabe ola bilər. Lakin belə olan halda, bu, sevgi olmayacaq. Ancaq sevilmək istəyirsinizsə, onda xahiş etməyi öyrənin: «Zəhmət olmasa, maşını yu, evi yığışdır, otları hamarla və s.». Həyat yoldaşınız isə seçim edir: xahişinizi yerinə yetirsin, yoxsa yox, məhəbbətini sizə ifadə etsin, yoxsa yox. Onu buna məcbur edə bilməzsiniz.
Mark və Merinin misalında üçüncü qanunu da görmək olar. Amma hər kəs onu görə bilmir. Əslində, tənqid həyat yoldaşınızın doğma məhəbbət dilini müəyyən etməyə kömək edir. Siz onun emosional tələbatının ödəmirsinizsə, o, hər şeydən çox buna qəzəblənir. Tənqid — məhəbbət diləməyin bir üsuludur, baxmayaraq ki, bu, heç də yaxşı üsul deyil. Bunu dərk edirsinizsə, onda tənqidi bir məlumat kimi qəbul edin. Məsələn, əriniz sizi tənqid edəndə, ona deyin: «Məncə, (...) Etməyim sənin üçün çox vacib idi. Amma xahiş edirəm, səbəbini izah et». Onun niyə narazı qaldığını araşdırın. Bəlkə də tənqid xahişə çevriləcək. Meri əri tez-tez ova getdiyinə görə deyinirdi. Bu, o demək deyil ki, o, ərinin istirahət etməyini istəmirdi. Sadəcə Meriyə elə gəlirdi ki, ov Markın vaxtını çox alır və evi təmizləməsinə, otları kəsməsinə və s. İşlərə mane olur. Amma Mark Merinin məhəbbət dilində danışmağa başlayanda və onun sevgiyə olan tələbatına cavab verəndə, Meri ərinin ova olan marağına qarşı çıxmadı.
Dostları ilə paylaş: |