1. Xrematonimlər
“Maddi mədəniyyət əşyalarının, silah, musiqi alətləri, zərgərlik məmulatları, qiymətli daşlar, avadanlıq əşyalarının və s. xüsusi adını bildirən “xrematonim” [2, s.209] yunan mənşəli chrematos+onoma sözündən olub “əşya”, “iş” anlayışını bildirən termindir [41, s.336]. Azərbaycan dilində bu növ xüsusi adlar müxtəlif sahələrə məxsus maddi-mədəni əşyalara aid edilmişdir. Bu növə şirniyyat, sabun, parça, mebel, soyuducu, tüfəng, mineral su, daş-qaş və s. adlar daxil edilmişdir [41, s.336-337]. “Bürhani-qate” lüğətində həmin növə aşağıdakılar nümunə ola bilər:
a) Şirniyyat adlarına mənbədə hazırlanma qaydası izah edilmiş müxtəlif halva adlarını aid edə bilərik. Məsələn: آزاد میوه Azadmive [165, 13b] – təmizlənmiş badam, püstə və noxud ləpəsindən hazırlanmış halva; آفروشه Afruşe [165, 16b], افروشه Əfruşe [165, 35b] – un, yağ və baldan hazırlanan halva; توبرتو Tubərtu [165, 121b] – mənalarından biri də halva adıdır; زلیبیا Zəlibiya [165, 206a] – məşhur halva adı; میده Məydə [165, 391b] – halva adıdır və müxtəlif cür hazırlanması haqqında məlumat verilib və s.
b) Lüğətə daxil edilmiş musiqi alətləri “saz adı” kimi qeyd edilmişdir. Məsələn: ارغن Ərğən [165, 25b], ارغنن Ərğənən [165, 25b], ارغنون Ərğənun [165, 26a], ارغون Ərğun [165, 26a] – Əflatunun hazırladığı saz; افسر سگزی Əfsər-e səgzi [165, 36a] – mənalarından biri saz adıdır; بربط Bərbət [165, 62a] – məşhur saz adıdır, bəziləri bərbətin ud musiqi aləti olduğunu deyir; رود Rud [165, 195b] – saz adıdır; شیشاک Şişak [165, 265a] və شیشم Şişəm [165, 265a] – məşhur saz adı; نا انبان Naənban [165, 393a] – məşhur saz adı; نای ترکی Nay-e torki [165, 396b] – məşhur musiqi aləti olan bu zurnanı döyüş zamanı çalırdılar; نای مشک Nay-e məşk [165, 397a] – məşhur saz adı, ona نای مشکک Nay-e məşkək də deyilir.
c) Parça adı: شان Şan [165, 245b] – müxtəlif mənalarda izah olunan bu söz xrematonim kimi “Hindistandan gətirilən ağ parça növü”dür; نرم دست Nərmdəst [165, 398b] – parça növüdür. Həmçinin dar və yumşaq geyimdir, Şiraz ləhcəsində “nərme” deyilir.
Ç) Daş-qaş: شاه گوهران Şah-e qouhəran [165, 247a] – Xosrov Pərvizdə olan əfsanəvi bir gövhərin adıdır. Onu ipə bağlayıb dənizə atar, bir saatdan sonra çıxardıqda, ətrafına çoxlu gövhərlər yapışmış olurdu.
d) Silah adı: خورمهر Xormehr [165, 162a] – Süleymanın (ə) qılıncı.
Dostları ilə paylaş: |