Məhərrəmin yeni şeirləri



Yüklə 3,87 Mb.
səhifə107/151
tarix05.01.2022
ölçüsü3,87 Mb.
#73700
1   ...   103   104   105   106   107   108   109   110   ...   151

ÇÜRÜTMƏ GÖZƏL, ÇÜRÜTMƏ

Mah camalı dörd divarda,

Bürütmə gözəl, bürütmə.

Cavan canı lalda, karda,

Çürütmə gözəl,çürütmə.
Gəl mənimlə dur üz-üzə,

Gözlər həsrət qalıb gözə.

Gəl əyləşək biz diz-dizə,

Unutma gözəl, unutma.


Oxşayım üzdə xalını,

Dadım damaqda balını.

Aydan ayna camalını,

Yanıltma gözəl,yanıltma.


Məhərrəməm, xəyala dal,

İlhamını, gəl məndən al.

Olmagınan hərdəm xəyal,

Gəl atma gözəl, gəl atma.

SƏNİ
Gədədən törəyən gədə,

Məqamında satar səni.

O anlamaz qorxu, hədə,

Dərinlərə atar səni.


Abırı ,isməti bilməz,

Küdurətdən üzü gülməz.

Bu yekəbaş, qaradinməz,

Xəyanətdən yortar səni.


Məhərrəməm, ondan yayın,

Etibarı olmaz zayın.

Qədrini bil ilin, ayın,

Torpaqlara qatar səni.



SƏNƏTKARAM
Hər alçağın qabağında,

Alçalmayan sənətkaram.

Danəndənin sınağında,

Fikri əyan sənətkaram.


Bəyliyimi bildirənəm,

Böyük-kiçik endirənəm.

Ürəyimi dindirənəm,

Sevib-sayan sənətkaram.

Ölməzləri sağ bilənəm,

Dönməzləri dağ bilənəm.

Yenməzi dayaq bilənəm,

Sözü bəyan sənətkaram.


Yolçusuyam sazın-sözün,

Vurğunuyam doğru-düzün.

Xəyalı göylərdə gəzən,

Haqqı sayan sənətkaram.


Hüseynli Məhərrəməm,

Gah Koroğlu gah Kərəməm.

Duyanlara bir aləməm,

Canı qıyan sənətkaram.




ÖMRÜ BOYU

Süysünündən əyilənlər,

Düzəlməzdi ömrü boyu.

Hər nə gəldi, deyinənlər,

Dözülməzdi ömrü boyu.
Sözü dürdanə olmayan,

Özü mərdanə olmayan,

Duyan, danəndə olmayan,

Üzülməzdi ömrü boyu.


Hər gədanı bəyləməzlər.

Sözünü də söyləməzlər,

Məhərrəməm, haqsız sözlər,

Çözülməzdi ömrü boyu.



KORLAYIBDI

Əsilzadə olanları,

Əsli-hular korlayıbdı.

Sırıyıbdı yalanları,

Ürəyini qorlayıbdı.
Əvvəl öyrənib bicliyi,

Sonra tutubdu gicliyi.

İndi pozulub dincliyi,

Vicdanını zorlayıbdı.


Məhərrəm haqla əlləşir,

Boşuna salmayır həşir.

Sənətiylə sayılıb şir,

Qızıl kimi parlayıbdı.




GÖRMƏYƏNLƏR

İşığın qədrini bilməz,

Zülməti görməyənlər.

Nə danışmaz, nə də dinməz,

Sənəti görməyənlər.
Verən əli olmayandı,

Nəfsi, qarnı dolmayandı.

Haqqa səcdə qılmayandı,

Qisməti görməyənlər


Öz kefinə dolanandı,

Gördüyünə calanandı.

Yad oduna qalanandı,

İbrəti görməyənlər.


Ay Məhərrəm, baxma zaya,

İnsan kimi salma saya.

Dar günündə yetməz haya,

Hörməti görməyənlər.




DEMƏ

Koroğluya köklənmişəm,

Gəl bu səsə pəsdi demə.

İmran köçüb, təklənmişəm,

Hər səsliyə səsdi demə.
Coşub yenə çağlayıram,

Bənd bərəni bağlayıram.

Mən Əkbəri ağlayıram,

Sən sonuncu səsdi demə.


Məhərrəm də möcüzədir,

Sözü, söhbəti təzədir.

Göz gözəldir, üz təzədir,

Bu necə həvəsdi demə.




OLANLAR VAR

İşi ayrı, ürəyi bir,

Sözü ayrı olanlar var.

Yetənlərlə dilbir, əlbir,

Özü ayrı olanlar var.
Özünü var-dövətlə ölçər,

Heç bilinməz, nə yol seçər.

Günü elə-belə keçər,

Gözü ayrı olanlar var.

Qazandığı olar qarğış,

Yalan nəfəs, yalan çağrış.

Sir-sifəti qırış-qırış,

Üzü ayrı olanlar var.


Tapdalayar yediyini,

Tez dansınar dediyini.

Keçməz dağın gədiyini,

İzi ayrı olanlar var.


Məhərrəmdi dərdə qalan,

Telli sazı zildə çalan.

Ona tay döy, belə falan,

Düzü ayrı olanlar var.




SÖZSÜZ

Öz evində sayılmayan,

Öz elində xardı, sözsüz.

Doğmasına qıyılmayan,

Yada qismət vardı, sözsüz.
Əl çəkməyən xəsislikdən,

Eylədikləri pislikdən.

Çıxammayan duman, sisdən,

Sonu ahu-zardı, sözsüz.


Mərdi gördüm, gəldim təbə,

Ehtiyacım yoxdur həbə.

Məhərrəməm, de mərhabə,

Dostu düz ilqardı, sözsüz.



VƏTƏN

Onu qoyub qaçanlardan,

Əllərini üzüb vətən.

Qürbətə nur saçanlardan,

Əllərini üzüb vətən.
Ələ baxımlı olandan,

Feyziyab olan yalandan,

Qəlblərə salan talandan,

Əllərini üzüb vətən.


Yad diliylə danışandan,

Boş-boş bizə sarışandan,

Arsız-arsız irişəndən,

Əllərini üzüb vətən.


Görmədiyim cəfasını,

Məhərrəməm qafasını.

Sızıldadan anasını,

Əllərini üzüb vətən




QARA GÖZLÜ

Məni məndən eyləyibdi,

Qara qaşlı, qara gözlü.

Dodağa bal bələnibdi,

Qəlb oxşayan, şirin sözlü.
Durub dolanır başıma,

Onunçün gəlir xoşuma.

Yaşı uyğun döy yaşıma,

Qəlbim açır gülərüzlü.


Qayğıkeşdi, mehribandı,

Can içində gözəl candı.

Məhərrəm ona heyrandı,

Hər kəlməsi, sözü duzlu.



ZİLİMƏ BAX

Nə sızlarsan qəm içində,

Nərə çəkən zilimə bax.

Bir köklənək dəm üstündə,

Cəh-cəh vuran dilimə bax.
Qanmazlara şapalağam,

Vüqarımla qarlı dağam.

Nicat verib mənə ağam,

İmanıma, dinimə bax.


atda muraz üstəyəm,

Min şövq ilə həvəsdəyəm.

Fikri bütöv, boy bəstəyəm,

Məhərrəməm, elimə bax.




DANIŞIR

Daşı bircə daş üstünə,

Qoymayanlar da danışır.

Dəyib danəndə şəstinə,

Duymayanlar da danışır.
Baş bular xanəndə sayaq,

Davranar danəndə sayaq.

Görünər sazəndə sayaq,

Qanmayanlar da danışır.

Yaxşı işə yaman deyən,

Dad eyləyən, aman deyən,

Bizə düşmən, zaman deyən,

Anmayanlar da danışır.


İşlədər cəza, günahı,

Fikirləşməli sabahı.

Məhərrəmin tutar ahı,

Uymayanlar da danışır.




AŞIQ ƏKBƏR SƏSİNDƏDİ

Ürəyimin döyüntüsü,

Aşıq Əkbər səsindədi.

Sevinc, fərəh öyüntüsü,

Aşıq Əkbər səsindədi.
Xatirələr çözülməsi,

Ayaq yerdən üzülməsi,

Şəlalələr zümzüməsi,

Aşıq Əkbər səsindədi.


O səs mənim xoşumdadı,

Hay-harayı guşumdadı.

Məhərrəməm, damaq dadı,

Aşıq Əkbər səsindədi.



SAZIN SÖZÜN

Aşıq qardaş, əsirlərdən,

Soraqlıdır sazın, sözün.

Neçə ulu nəsillərdən,

Bayraqlıdır sazın, sözün.

Öz təbindir, ilhamındı,

Öz çeşməndi, öz camındı.

Öz ürəyin, öz kamındı,

Dayaqlıdır sazın, sözün.
Ozanların nəfəsisən,

Müdriklərin kəlməsisən.

Əsirlərin xoş səsisən,

Soraqlıdır sazın, sözün.


Məhərrəmi yada salın,

Vətəninə səcdə qılın.

Zil oxudub ilham alın,

Yaraqlıdı sazın, sözün.




DİLƏYƏNDİ

Molla ahu-vayı istər,

Aşıq toy-şan diləyəndi.

Şadlıq ilə gülsün bəşər,

Cümlə cahan istəyəndi.
Qoy sevinsin ulu bəşər,

Uzaq olsun bizlərdən şər.

Yüz əyrini düz xətt kəsər,

Canı yanan biləyəndi.


Yaxşı işin yox xatası,

Kimdi başımı qatası.

Məhərrəməm,ay qadası,

Haqqı haqlı göstərəndi.



GƏLİN

Qədəmlərin mübarəkdi,

Eşqi, andı bilən gəlin.

Can deyənə can gərəkdi,

Vüsal yaşın silən gəlin.
Ruzi gətir gəlişinlə,

Dünya gülsün gülüşünlə,

Həyat dinsin dinişinlə,

Sevgi dolu gülən gəlin.


Vəfalı ol həmdəminə,

İnsaların hər cəminə.

Dönmə kimsənin qəminə,

Sevincini bölən gəlin.


Ata, ananı sevindir,

Qaynatanı sayıb, endir.

Qaynənəni xoş dindir,

Murad atın minən gəlin.


Məhərrəm də, gəlsin dilə,

Dediyini bilə-bilə.

Çalış yaşa gülə-gülə,

Ürəklərə çilən gəlin.




KİMİ


(Məni eldən soruş deyənə)
Sən özünü tanıdıbsan,

İnsanların zayı kimi.

Çox yaralar qanadıbsan,

Meşədəki ayı kimi.

Halal nədi yeməmisən,

Şükür sözü deməmisən.

Çoxlarının qənimisən,

Tanınmırsan dayı kimi.


Məhərrəməm, unutmaram,

Var olanla çoxdu aram.

Düz söyləmək olub çaram,

Sənsən tula tayı kimi.




BƏRƏKALLAH


(Əməlinə valeh olduğumun birinə)
Düşüncəylə kamalına,

Fəsarətə bərəkallah.

Xoş diləklə amalına,

Hərarətə bərəkallah.


Doğrultmusan etimadı,

Ucaltmısan təmiz adı.

Sevindirdin qohum, yadı,

Sərasətə bərəkallah.


Ürəyimi dağ eylədin,

Əhvalımı çağ eylədin.

Məhərrəmi sağ eylədin,

Ünsiyyətə bərəkallah.



TELMANIMIZ


(Eloğlum Telman Səfərova)
Hər kəlməsi, hərəkəti

İbrətlidir Telmanımız.

Səxavəti, sədaqəti,

Sərvətlidir Telmanımız.


Nur tökülür camalından,

Zövq alırsan kamalından,

Mən halıyam amalından,

Qüdrətlidir Telmanımız.


Yorulmazdı, cəfakardı,

Xeyirxahdı, şəfakardı.

Yar-yoldaşa vəfakardı,

Hörmətlidir Telmanımız.


Nəfəsində gül ətri var,

Öz aləmi öz xətri var.

Kişi sözü baş sətri var,

Vəhdətlidir Telmanımız.


Məhərrəməm, üzü gülür,

Tikəsini yarı bölür.

Hara getsə, haqqa dönür,

Cürətlidir Telmanımız




ÖMÜR-GÜNÜN ƏLLİ İLİ

Budur haqladı, çatdı,

Ömür-günün əlli ili.

Sanki qəflətdən oyatdı,

Ömür-günün əlli ili.

Sazım ilə sirdaş oldum,

Coşub, coşub atəş oldum.

Sevgi, arzu, təlaş oldum,

Ömür-günün əlli ili..
Saç ağardı, diş töküldü,

Vədəsiz belim büküldü.

Əlim göylərə düküldü,

Ömür-günün əlli ili..


Gözəllər də deyir əmi,

İşə salıram qələmi.

Gətirdin üzümə qəmi,

Ömür-günün əlli ili..


Məhərrəməm, izim qalıb,

Çox qiymətli sözüm qalıb.

Şükür səbir,dözüm qalıb,

Ömür-günün əlli ili..



İNANMIRAM

(Yalançının birinə)
Mayan yalanla qurulub,

Düz deyəndə inanmıram.

Xasiyyətin çox sorulub,

Yüz deyəndə inanmıram.


Unutmursan vərdişini,

Aldadırsan hər kişini.

Dəyişmirsən yerişini,

İz deyəndə inanmıram.

Biclik yağır gözlərindən,

Əsarət yox düzlərindən.

Anılırsan üzlərindən,

Biz deyəndə inanmıram.


Hərdən həddini aşırsan,

Hər nə gəlsə qarışırsan.

Məhərrəməm,qırışırsan,

Söz deyəndə inanmıram.




Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin