YARIMAYANLAR
Tanrının bədbəxti,biçarəsidi,
Arvaddan, uşaqdan yarımayanlar.
Dövranı əksinə, zaman nəsidi,
Bəxtiylə öcəşib, sarımayanlar.
Düzəlməz bir işdi şeytana uymaq,
Sevən ürəkləri sözüylə oymaq.
Böyük etirafdı səhvini duymaq,
Dəhşətdi axtarıb, aramayanlar.
Məhərrəm çox görüb səxada müflis,
Qəlbi küdurətli, beyni duman-sis.
Malına qıymayıb, yeməyir xəsis,
Yeyib səfa sürüb, zarımayanlar.
NEYLƏSİN
Dəli könül bir gözələ uyubdu.
Ayrılanda ağlamasın, neyləsin?
Həsrətindən məlul-müşkül durubdu,
Nazlı qızı yoxlamasın, neyləsin?
Alıb əldən rahatlığı, dincliyi,
Məhəbbətdir daxilimin içliyi.
Xatırlayır keçən günü gəncliyi,
Çaylar kimi çağlamasın, neyləsin?
Nə edim ki,göz önündən getməsin,
Aramızda hicran, kədər bitməsin.
Arzum budur, vaxtımız boş itməsin,
Gözdə yaşı saxlamasın, neyləsin?
Məhərrəməm, doymaq olmur nazından,
Mən yazıq da yayınmıram gözündən.
Bal süzülür bu ceyranın ağzından,
Durub dastan bağlamasın, neyləsin?
Dostları ilə paylaş: |