QOŞMALAR
SALAM
Ürəyin sözünü,ağlın gücünü,
Haqqın haqq sözünü yazana salam.
Düz yola çağıran insan öcünü,
Kəlməsi ləl-gövhər ozana salam.
Mənası sözündən ap-aydın olan,
Damaqda dadlanan xoş dadın olan,
Uçmağa söz adlı qanadın olan,
Nahaqqı ürəkdən pozana salam.
Həqiqət üstündə qorxu bilməyən,
Bəzən gecələrlə yuxu bilməyən.
Dirilik suyutək qoxu bilməyən,
Ürəkdən ürəyə sızana salam.
Mətdahlığa,mütrüblüyə uymayan,
Vətənindən,millətindən doymayan.
Hiyləni,fitnəni yaxın qoymayan,
Şirtək nərildəyib qızana salam.
Söz-sənətim ürəklərə toxuna,
Sazımda,səsimdə qoşa oxuna.
Məhərrəm zəhmətin gültək qoxuna,
Gözəllik planı cizana salam.
Dostları ilə paylaş: |