SALAMLAR
İşim yoxdu qəlbi çirkab, qarayla,
Təməlindən düz olana, salamlar.
İnsanlıq ölçülmür pulla, sarayla,
Bir yerinə yüz olana, salamlar.
Xoş əməllə seçilənə, seçənə,
Haqq yolunda şirin candan keçənə.
Kişi kimi ürəklərə köçənə,
Zəkasıyla iz olana, salamlar.
Qəlbindən səslənən tanrı kəlamı,
Məhərrəm diləyir nurlu ənamı.
Haqqın qulluğunda dayansın hamı,
Dodaqlarda bal olana salamlar.
OLSA
Məhəbbət qocaya, cavana baxmaz,
Dərd bilən, söz qanan cananın olsa.
Kim deməz ürəkdən-ürəyə axmaz,
Canı eşq oduna yaxanın olsa.
Sevənlər, əslində, divanələrdi,
Yeri Məcnun kimi viranələrdi.
Gözləri süzülən, məstanələrdi,
O gözlə yoluna baxanın olsa.
Məhərrəməm, gözəlliyə vurğunam,
Gözəllərin divanəsi, yorğunam.
Bu səbəbdən dodaqlarda sorğunam,
Süzülüb qəlbinə axanın olsa.
Dostları ilə paylaş: |