FƏRQİM VAR
Ay məni özünə bərabər tutan,
Mənlə sənin dağlar boyda fərqim var.
Əməlindən dediyindən bir utan,
Şeir, dastan, oxunacaq şərqim var.
Tufanları kamalımla keçmişəm,
Sərraf olub,ləli gövhər seçmişəm.
Bulaqların köbəyindən içmişəm,
Günəş dolu hərarətim,bərqim var.
Mənim qismətimdi yazıb yaratmaq,
Sənin vərdişindi yetənə atmaq.
Bu xülyaynan Məhərrəmə nə çatmaq,
Amalım var,imanım var,dərkim var.
ÇIRAMDI
Neçə ki, səndədir o ağıl-kamal,
Elə söndürdüyün mənim çıramdı.
Sənə can deyənin qədrini də bil,
Qanını sorduğun mənim yaramdı.
Azdırıbsan,aşırıbsan həddini,
Güclülərə tez əyirsən qəddini.
Pəsinmirsən övliyalar cəddini,
Zəlil olsan, çarən mənim çaramdı.
Başda gəzdirirsən qanlı çanağı,
Özünü sanmırsan dünya qonağı.
Axı sənsən kor şeytanın barmağı,
Məhərrəm dediyi qənim,haramdı.
Dostları ilə paylaş: |