Gözümdən yayınmır gözün o gündən,
İncimiş könlünü alım, ay ceyran.
Sən məni eylədin imanla dindən,
Qolumu boynuna salım, ay ceyran.
Gəl əyləş üz-üzə, nəfəs-nəfəsə,
Bülbültək salmaynan məni qəfəsə.
Oxuyum eşqinlə, gəlim həvəsə,
Xoş duyğu-xəyala dalım, ay ceyran.
Söz bilənsən, bu dərdimi bilginən,
Məhərrəməm, qəh-qəh çəkib gülgünən,
Mənim kimi danış, düzü bilginən,
Səninlə bir yerdə qalım, ay ceyran.
BƏNZƏR
Yaman tez ağardı saqqalım,başım,
Ağ saçım dağların başına bənzər.
Artıb günbəgündən artan təlaşım,
Gəncliyim bir əsrin yaşına bənzər.
Gənclər yer göstərib, əyləşin deyir,
Qızlar diqqət vermir, qəlbimə dəyir.
Qarılar, qocalar sağlıq diləyir,
Ömürdə dörd fəslin qışına bənzər.
Şükür, ruhum kimi kefim də sazdı,
Məhərrəm qəlbində bahardı, yazdı.
Kamal gördüm kamalımdan dayazdı,
Qismətim Xızırın aşına bənzər.
Dostları ilə paylaş: |