DUYANA SƏN
Sazın-sözün adamı var,
De duydurub, duyana sən.
Söz deyənin ilhamı var,
De duydurub, duyana sən.
Şair tanrı mirzəsidi,
Səsi haqqın gur səsidi,
Ətri bahar nəfəsidi,
De saydırıb, sayana sən.
Həm sevincim, həm amalım,
Bu gün, sabahım, zamanım,
Damarımda axan qanım,
De yaydırıb, yayana sən.
Duyan çoxdu Məhərrəmi.
İnci səpər gəlsə dəmi.
Götür sazı , al qələmi,
De andırıb, anana sən.
ANLAYARDIQ
Biz bir azca biz olsaydıq,
Bizi biztək, anlayardıq.
Qatlanmayan diz olsaydıq,
Özümüzü danlayardıq.
Ya utanıb ölməliyik,
Ya dinindən dönməliyik,
Ya biryolluq dinməliyik,
Tənbəlliyi sonlayardıq.
Məhərrəm haqq sözlə dinər,
Minsə, murad atı minər.
Hər oğulda olsa hünər,
Yad-yaltağı yanlayardıq.
QINAQ OLUNAN
Qanmazları qınamazlar,
Qanandı qınaq olunan.
Yanmazları sınamazlar,
Yanandı qınaq olunan.
Əsilzadədən küsərlər,
Ağızlarını büzərlər.
Kənarlaşıb da gəzərlər,
Talandı qınaq olunan.
Küsərlərmi dəlidən,
Ona oxşayan zəlidən.
Nə çıxacaq bəl-bəlidən,
Dolandı qınaq olunan.
Qoşulmaynan hər yetənə,
Aralıqlarda bitənə.
Övlad olsan bu vətənə,
Yalandı qınaq olunan.
Məhərrəmi nadan duymaz,
Haqqlı qisas yerdə qalmaz.
Anlaqsıza saz da çalmaz,
Yamandı qınaq olunan.
Dostları ilə paylaş: |