A BƏDBƏXT
Boşuna çərləmə, mənasız sözün,
Tək bircə misrama dəyməz, a bədbəxt.
Eybini yer örtsün, qapansın gözün,
İnsan heç özünü öyməz, a bədbəxt.
Ağzın köpüklənir söz danışanda,
Kişilər işinə sən qarışanda.
Küsüb güclülərlə tez barışanda,
Qəddini min dəfə əyməz, a bədbəxt.
Uzaqsan söhbətdən, sazdan,sənətdən,
Kənar da gəzmirsən böyük qələtdən.
Məhərrəməm, gəl uzaqlaş adətdən,
Adam hər yetəni öyməz, a bədbəxt.
OLMAZ
Qartalı qayadan, durnanı göydən,
Əsrəmiş nərləri döndərmək olmaz.
Adi xəstəliyi diləməz bədən,
Haqq deyən sözlünü sindirmək olmaz.
Tanrıdan istərəm hər kəsə qismət,
Kişiyə ar-qeyrət, qadına ismət.
Yaxşıdan götürsün yamanlar ibrət,
At alıb namərdi mindirmək olmaz.
Məhərrəməm, dönüm şama-çırağa,
Onun üçün siz söz olun sorağa.
Ahıl görüb heç durmasan ayağa,
Onu acı sözlə dindirmək olmaz.
Dostları ilə paylaş: |