İNCİMƏRƏM
Şər-böhtanı deyəmməsəm,
Lal desələr,incimərəm.
Haram yeyib, geyəmməsəm,
Kal desələr, incimərəm.
Vaxt-vədəsiz çallansam da,
Yad, yaltağa allansam da.
Dərddən-qəmdən hallansam da,
Hal desələr,incimərəm.
Məhərrəməm, düz söyləsəm,
Haqq kəlməmi yüz söyləsəm,
Ozan deyən söz söyləsəm,
Bal desələr, incimərəm.
YAŞAYIRAM
Bu qoca fani dünyada,
Mən də bir az yaşayıram.
Keçənləri salıb yada,
Xoş bir avaz yaşayıram.
Sazım, sözümlə ölməzəm,
Öz əqidəmdən dönməzəm.
Sənətdə bir inci, düzəm,
Könlü bəyaz yaşayıram.
Məhərrəməm, qəlbi nuram,
Yaxşılarla xoşdu aram.
Sənətimdə sənətkaram,
Sinəmdə saz yaşayıram.
MİLYONÇU
Əl tutmağın bu dünyada,
Savabı çoxdu , milyonçu.
Səxavətin dosta, yada,
Cavabı çoxdu, milyonçu.
Allah verir, verənlərə,
Möhtacla, ac görənlərə.
Sınıq könül hörənlərə,
Xitabı çoxdu, milyonçu.
Məhərrəm söz adamıdı,
İçdiyi haqqın camıdı.
Zəhməti, damaq dadıdı,
Kitabı çoxdu, milyonçu.
YAŞADIRAM
Xalqın milli sərvətini,
Sazla, sözlə yaşadıram.
Mərdin adı şöhrətini,
Sazla sözlə yaşadıram.
Duyub Qorqud vəhdətini,
Sanıb Babək qüdrətini,
Şeyx Nizami hikmətini,
Sazla, sözlə yaşadıram.
Füzulinin möhnətini,
Şah Xətai zəhmətini,
Koroğlular qeyrətini,
Sazla, sözlə yaşadıram.
Qurbaninin zəhmətini,
Abbasın məhəbbətini,
Ələsgər, Hüseyn sənətni,
Sazla,sözlə yaşadıram.
Şeyx Alının heyrətini,
Əsəd, Mirzə şöhrətini,
Əkbər, İmran adətini,
Sazla, sözlə yaşadıram.
Vurğun, Osman əzəmətni,
Xan Azaflı hörmətini,
Şərəflə keçib çətini,
Sazla, sözlə yaşadıram.
Ozan səsi səsləyəni,
Arzu-dilək bəsləyəni,
Məhərrəmi dəsləyəni ,
Sazla, sözlə yaşadıram.
İNCİMƏ
Könül, yenə nə dolubsan,
Çox ağlı kəmdən incimə.
Kimlərə yoldaş olmusan,
Dərd verən qəmdən incimə.
Səbrli ol, təskinlik tap,
Bir könül tik, min Kəbə yap.
Muraz atın köndələn çap,
Ağlı sərsəmdən incimə.
Salamat eylə başını,
Yaxşı tanı sirdaşını.
Tərifləməynən naşını,
Zil yoxsa, bəmdən incimə.
Ömür keçir yavaş-yavaş,
Kövrələrsən gözündə yaş.
Ay Məhərrəm, etmə təlaş,
Kağız, qələmdən incimə
VAR OLSUN
Mənim sazlı söz dünyama,
Qiymət qoyanlar var olsun.
Zəhmətlə çatmışam kama,
Arxa həyanlar var olsun.
Dosta açdım ürəyimi,
Arzuladım diləyimi.
Zəhmətimi, əməyimi,
Bilib duyanlar var olsun.
Xoş danışıb dillənənlər,
Gül bağında güllənənlər,
Əməlindən bəllənənlər,
İşi əyanlar var olsun.
Car eylədim harayımı,
Tikdim könül sarayımı.
Almışam haqdan payımı,
Haqqı sayanlar var olsun.
Sevdim əhli-urfanları,
Keçdim neçə tufanları.
Ürəyimdən qopanları,
Edən bayanlar var olsun.
Məhərrəmin yalanı yox,
Bu dünyadan gözləri tox.
Ətrafında yaxşılar çox,
Sanıb-sayanlar var olsun.
Dostları ilə paylaş: |