MƏN
Qarğa qarıltısı,sərçə cik-ciki,
Bezikmişəm daha, yorulmuşam mən.
Ördək firma açıb,nəğmə-cələngi,
Bu dərddən sınmışam,qırılmışam mən.
Bülbülün gülşəndə ötməyi yasaq,
Qoymurlar doyunca bir qulaq asaq,
Başda oturubdur xain,qurumsaq,
Yanıb əsəbimdən qovrulmuşam mən.
Sanmayın saz-sözə ögeyləşmişəm,
Yanıb kürələrdə dürüst bişmişəm.
Dostdan inciyərək,çox dəyişmişəm,
Eşitdim çaqqaldan sorulmuşam mən.
Buynuzu tez sınar adam vuranın,
Bədbəxtlik üstündə dövran quranın.
Acısın dadsam da hər bir yaranın,
Könül dəryasında durulmuşam mən.
Məhərrəməm, adım dillər əzbəri,
Bülbültək sevirəm güllərdən təri.
Eşqli sənətkaram əlli ildən bəri,
Bir dəfə demədim yorulmuşam mən.
QURBAN
Dostum sənlə görüşdüyüm,
Ayına,ilinə,gününə qurban.
Sənin həsrətinlə xəstə düşdüyüm,
O bülbül arzulu gülünə qurban.
Zərgər yaxşı bilir zərin qədrini,
Zəhmətkeş insanlar, tərin qədrini.
İgidin,dönməzin,ərin qədrini,
Həqiqət söyləyən dilinə qurban.
Bilginən qədrini dərdi bilənin,
Tanrı kəlamıyla deyib-dinənin.
Məhərrəməm, muraz atın minənin,
Məhəmməd hümməti, dininə qurban.
Dostları ilə paylaş: |