BİLİRƏM
Yalançını, yarımçığı, yaltağı,
Hər sözündən, kəlməsindən bilirəm.
Neçə dəfə peyvənd olan calağı,
Ağac üstə minişindən bilirəm.
Neçə-neçə uyuşmazı anmışam,
Ad-sanını insan kimi danmışam.
Əşya bilib yoxluğunu sanmışam,
Xoşagəlməz, pis işindən tanıram.
Məhərrəm tanıyır yekəboyunu,
Söydürür hər zaman əsil-soyunu.
Çoxları tapşırıb qurda qoyunu,
Keyliyindən,mələşindən bilirəm.
DÖNMƏZƏM
Haqq yolunda min-min bəla çəksəm də,
Öz andımdan dönməzəm ki,dönməzəm.
Qəm əlindən sinəmdə dərd əksəm də,
Od almışam, sönməzəm ki, sönməzəm.
Bir baxışdan, işarədən qananam,
Arifləri, alimləri ananam.
Öz odumda, atəşimdə yananam,
Vad atını minməzəm ki,minməzəm.
Ulu tanrı kəlamıdı kəlamım,
Məhərrəməm, qismətimdi ənamım.
Aşıb-daşır yenə eşqim-ilhamım,
Boş-boşuna dinməzəm ki, dinməzəm.
Dostları ilə paylaş: |