GÖRƏ
Düyləyib yumruğu ağzının üstə,
Vurarlar uydurma yalana görə.
Özgəni şərləyib deməynən xəstə,
Güdazə gedərsən talana görə.
Oğrusan, doğruya doğruyam demə,
Sayılma sözünlə axmaq, sərsəmə.
Sənin ki əməlin bəlli aləmə,
Kişiyəm sözünü balana demə.
Məhərrəm haqq üstə olub davakar,
Tanrı dərgahında olmaz günahkar.
Qeyrətsizə sən deginən, a lal-kar,
Kürsülər gəzirsən xalana görə.
BİLƏRMİ
Allahın verdiyi hökmü, fərmanı,
Özündən bir qeyri bilə bilərmi?!
Elə nizamlayıb zamanı,anı,
Kimsə həqiqətə gülə bilərmi?!
Könül, gəz dünyanı hər an duyğulu,
Tanrı bəndəsinə ol haqqın qulu.
Yaşa ürəklərdə, sayıl sorğulu,
Dinsiz də bir dinə gələ bilərmi?!
Məhərrəm Hüseynli oxuyan vədə,
Düz sözüm çoxuna gətirməz zədə.
Var olsun düzlüyü düz görən didə,
Dost da dostluğunu tələ bilərmi?!
GÖRƏN
Əvvəlki deyilsən, dəyişən dostum,
Günahkar vəzifən puldurmu sənin?!
Bir gün deyəcəksən yediymi qusdum,
Ürəyin, nəfsinə quldurmu sənin?!
Peysərinlə cibin, şişibdi qarnın,
Buynuzumu olur azdıran harının.
Demirəm qədərini bilmə varının,
Onun da haramı boldurmu sənin?!
Bir yadan verənin almağı da var,
Axır tənəzzülə salmağı da var.
Məhərrəm, xəyala dolmağı da var,
Ədalət o haqsız yoldurmu sənin.
Dostları ilə paylaş: |