ARALANMIŞAM
Min bir həsrət ilə qəlbimə köçən,
Tənə sözlərindən qaralanmışam.
Yalan vədlər verib, and-aman içən,
Adımla adından aralanmışam.
Sənin yollarında qaldığım üçün,
Məhəbbət havası çaldığım üçün.
Saf eşqə səcdələr qıldığım üçün,
Özüm öz dostumdan paralanmışam.
Ömrün karvanı geriyə dönməz,
Göynəmiş bu dilim sən deyib dinməz.
Sənin səviyyənə Məhərrəm enməz,
Başqa bir gözəldən çaralanmışam.
DÜŞDÜ
Yaxşı axtarırdım qoca dünyada,
Taleyim yamanca yamana düşdü.
Bəxtim bəd gətirdi, düşdüm fəryada,
Ruzigarım sərt keçən zamana düşdü.
Pay ummaram pay verməyən sirdaşdan,
Qara qabaq ilə hər sallabaşdan.
Zəhləm gedir qalmaqaldan, savaşdan,
Onunçün min aha-amana düşdü.
Məhərrəm sən varsan söz meydanında,
Şadlıq axır damarında,qanında.
Qələm, kağız, telli saz var yanında,
Qismətim dərd bilən qanana düşdü.
Dostları ilə paylaş: |