EYLƏR
Ana əməliylə doğma qızını,
İsmətli, abırlı, həyalı eylər.
Çəkdirər dost, qardaş, ərin nazını,
Amalnı yaxşılar amalı eylər.
Ana görüb balasını anarlar,
Anası tək balasını sanarlar.
Dərrakəsin, qafasını qanarlar,
Onu bir oğlanın halalı eylər.
Ananın cehizi məhəbbət olar,
Tərbiyə, qanacaq sədaqət olar.
Məhərrəməm, bir də xoş adət olar,
Ana öz-özünü bahalı eylər.
QALIB
Hələ deyilməmiş min bir duyğulu,
Şeirim, dastanım, söhbətim qalıb.
Əzəldən olmuşam saz-sözün qulu,
Ürəklər oxşayan ülfətim qalıb.
Məni itirməyə tələsmə bir az,
Nə desəm dilimdən ağ kağıza yaz.
Sizə nələr deyir sinəmdəki saz,
Qəlblərə axmağa həsrətim qalıb.
Deyim dədələrin dədə sözünü,
Saflaşıb dərk eylə özün-özünü.
Unuda bilməzsən ozan izini,
Onlardan tükənməz sərvətim qalıb.
Hələ sağlığımla gərəyəm-gərək,
Vədəsiz durmasın sinəmdə ürək.
Gəzsəz, tapammazsız əlində çələk,
Aşıq Məhərrəməm, hörmətim qalıb.
Dostları ilə paylaş: |