DUY GÖRƏK
Məni coşa gətiribsən, qulaq as,
Dinlə sazı, bu xoş anı duy görək.
Şirin kəlmələrlə quraraq təmas,
Dost axtaran əziz canı duy görək.
Yaxşı insanların dönüm gözünə,
Dədə ozanların çöküm dizinə.
Baxım gözlərinə, nurlu üzünə,
Sənətində soltan, xanı duy görək.
Gərək çörəyimi çörəkçi yesin,
Pulu lazım deyil, bir “sağ ol” desin.
Aşığı görməyə daim tələssin,
Dərindən dərk elə, tanı duy görək.
Mən də zil üstündə coşum, çağlayım,
Xotkarların gədiyini bağlayım.
Kərəm olub, Əsli deyib ağlayım,
Məhərrəmtək gövhər –kanı duy görək.
Dostları ilə paylaş: |