PROFESSOR MƏHƏRRƏM QASIMLI İLƏ
DEYİŞMƏ
Məhərrəm Qasımlı
Dönüb-dönüb sınayıbdı dədələr,
Yamanların dünyasıdı bu dünya.
Çarx fırlanıb başa keçib gədələr,
Yamanların dünyasıdı bu dünya.
Məhərrəm Hüseynli
Dədə sözü, sınaqlıdı əzəldən,
Yaxşıların dünyasıdı bu dünya.
Doymaq olmaz gözəllikdən,gözəldən,
Yaxşıların dünyasıdı bu dünya.
Məhərrəm Qasımlı
Ərənləri ələyində ələdi,
Ələyib də dərdə qəmə bələdi.
Bina-başdan əyrilərlə lələdi,
Yamanların dünyasıdı bu dünya.
Məhərrəm Hüseynli
Yaradanın,yaşadanın,quranın,
Vətən,millət,xalq yolunda duranın,
Öz-özünü əməliylə soranın,
Yaxşıların dünyasıdı bu dünya.
Məhərrəm Qasımlı
Bəd ayaqda dartıb çəkir vaxtı da,
Məkrlidi nisyəsi də,nağdı da.
Yeyin olur yığvalı da, baxtı da,
Yamanların dünyasıdı bu dünya.
Məhərrəm Hüseynli
Min çeşmədən süzülərək, keçərək,
Sərraf olub ləli ləldən seçərək,
Ürəklərdən ürəklərə köçərək,
Yaxşıların dünyasıdı bu dünya.
Məhərrəm Qasımlı
Əzəlindən namərdlərə həyandı,
Hər oyunu ariflərə bəyandı.
Yaxşıları yarı yolda qoyandı,
Yamanların dünyasıdı bu dünya.
Məhərrəm Hüseynli
Həm alimdi, həm arifdi, xaqandı,
Ağsaqqaldı, ağbirçəkdi, cavandı.
Bu yamanlar yamandı ki,yamandı,
Yaxşıların dünyasıdı by dünya.
Məhərrəm Qasımlı
Orxan Paşa, hesabını götür get,
Qarışıbdı halal-haram küfür get.
Lənət oxu gərdişinə, tüpür get,
Yamanların dünyasıdı bu dünya.
Məhərrəm Hüseynli
Ay Məhərrəm, bəsdi ahın-amanın,
Çox görmüsən mərd adında qalanın.
Sığalı var, silləsi var zamanın,
Yaxşıların dünyasıdı bu dünya.
İ
Dostları ilə paylaş: |