İÇİNDƏ
Mən səni sevmişəm, ay el gözəli,
Min-min tər qönçəli gülün içində.
Canım cəfakarı meyli məzəli,
Mən başı ucayam elin içində.
Səndən öyrənmişəm səbr, dözümü,
Dərk edib ahladım özüm özümü,
Yollardan çəkindir həsrət gözümü,
Qalmasın qan işli selin içində.
Aşıq Məhərrəməm, ağardı saçım,
Tükəndi cavanlıq, yerimir qıçım.
Söylə qocalıqdan nə söhbət açım,
Tək səsim seçilir zilin içində.
ƏYİLƏMMƏRƏM
Tanrıdan savayı, haqdan savayı,
Ölsəm də kimsəyə əyiləmmərəm.
Haqqın düz yolunu keçib dolayı,
Dolaşıq zamanda öyüləmmərəm.
İllər keçdi, mən artırdım yaşımı,
Cavankən ağartdım qarlı başımı.
Dindirsən haqqımda sirdaşlarımı,
Xəcalət ad ilə deyiləmmərəm.
Baş əydim ağ saçlı ağıllılara,
Qocaman, dərd bilən nağıllılara.
Aşıq Məhərrəməm, sığallılara,
Dilimin ucundan döyüləmmərəm.
Dostları ilə paylaş: |