QORXMURAM
Qohum-qardaş soyuqluğu üşüdür,
Duman, çisgin, qar-borandan qorxmuram.
Tənə sözlər daxilimi pöşüdür,
Haqqım varsa, haqq divandan qorxmuram.
Cəfakaram, əmməllərim bəllidi,
Sazım,səsim səs içində zillidi.
Bədxahlarım fitnəkardı, fellidi,
Alim adlı çobanlardan qorxmuram.
Məhərəməm köklənmişəm kökümə,
Bağlıyam tanrıdan gələn hökmə.
Əsəbləri ram etmişəm özümə,
Haray-həşir, boş urradan qorxmuram.
SƏN
Məni tanımırsan, bu öz işindi,
Barı öz-özünü tanırsanmı sən?!
Söylə görək, nələr sənin peşəndi,
Dediyin sözləri qanırsanmı sən?!
Qeyrətlilər sevimlimdi, mənimdi,
Çörək basma , o hər kəsə qənimdi.
Məhəmmədin qoyduğu yol dinimdi,
Tanrı kəlamını danırsanmı sən?!
Qibləm vətən, torpaq dağdı, dərədi,
Səcdəm Qorqud adlı ozan pirədi.
Məhərrəməm, sinəm baldı, şirədi,
Mənimtək atəşə yanırsanmı sən?!
Dostları ilə paylaş: |