GƏLƏCƏYİK SÖYLƏYİRİK GƏLMİRİK
İlin, ayın, xoş günlərin qədrini,
Biləcəyik söyləyirik, bilmirik.
Ürəklərin çox davamlı səbrini,
Böləcəyik söyləyirik, bölmürük.
Əlimizdən torpaq çıxıb, el çıxıb,
Xəcalətdən beynimizdən sel çıxıb.
Aralıqdan iyirmicə il çıxıb,
Dönəcəyik söyləyirik, dönmürük.
Özümüzün dediyindən yenmirik,
Zirvə dağın ətəyinə enmirik.
Susqunlaşıb, lal olmuşuq dinmirik,
Dinəcəyik söyləyirik, dinmirik.
Çarə umub, zarıyırıq boşuna,
Heç gəlmirik Allah, bəndə xoşuna.
Şəhidlərin fırlanırıq başına,
Öləcəyik söyləyirik, ölmürük.
Kişilənib min veririk bir mərcə,
Ziyan tapıb, tez düşürük biz xərcə.
Məhərrəməm,yuxumuzda hər gecə,
Gələcəyik söyləyirik, gəlmirik.
Dostları ilə paylaş: |