HƏLƏ
Yersiz danışanın, iri cızanın,
Başı qoltuq altı görməyib hələ.
Əsib, coşub, havalanıb, qızanın,
Əzrail sinəsin gərməyib hələ.
Yaman olur dərdi-qəmin xanası,
Ağlar qalıb çox oğulun anası.
Duyub, dərk eyləsin biclə, çalası,
Ağıllıya kimsə gülməyib hələ.
Məhərrəm, söyləynən doğru sözünü,
Düzü düz görməyə gen aç gözünü.
Dünyanın görsən də hər cür üzünü,
Kimcə haqq yazanı silməyib hələ
MƏNƏ
Gözündə duyduğum dərd, möhnət, hicran,
Könlümü sazınla al dedi mənə.
Söylədi mən sənə olmuşam heyran,
Sözünlə qeydimə qal dedi mənə.
Arifəm, o qədər deyiləm naşi,
Olmuşam sevənin sevgi sirdaşı.
Yaman tez ağartdım saqqalı,başı,
Gəncliyi yadına sal dedi mənə.
Küskünlər sayağı qəm deyir dili,
Yan alır göylərə uzanır əli.
Elə bədbinləşib elin gözəli,
Məhərrəm, kərəmi çal dedi mənə.
QARIŞSIN
Unudub dərdimi, basım bağrıma,
Gözəl tellərinə telim qarışsın.
Son qoyum intizar adlı ağrıma,
Dodağım dodaqla, dilim qarışsın.
Hər saatın dəqiqnəin yeri var.
Xırda dərdin danışılmaz təri var.
Bəxtimizin üçü, beşi, biri var.
An içində ayım, ilim qarışsın.
Məhərrəməm, eşqimizə söz deyim,
Dediyimi dərin sevib göz deyim.
Gözləmisən bir balaca döz deyim,
Toyumuza obam-elim qarışsın.
OLSUN
Atın qabağına əti tullayıb,
Deyən yox, payındı ət sənin olsun.
İtin qabağına otu tullayıb,
Həzm elə mədəyə, ot sənin olsun.
Gör necə qudurub sürüdən azan,
Özü çaqqal olub, çaqqaldan yazan.
İş gücü özgəyə quyular qazan,
Salır ürəklərə çat, sənin olsun.
Ürəyi dediyin diliylə deyir,
Çünki gəzdirdiyi daşdır ya dəmir.
Məhərrəm namərdə ömür diləmir,
Deyir ki torpağa bat, sənin olsun.
ŞAİRƏM DEMƏ
Ürəyin yox, çörəyin yox, sözün yox.,
Doğru, dürüst, həqiqətin,düzün yox .
Anılası,gediləsi izin yox,
Adını şərləyib şairəm demə.
Nə qədər yazasan güldən, çiçəkdən,
Arıdan, çibindən, qara böcəkdən.
Axı əlin niyə çıxmır əlcəkdən,
Adını şərləyib şairəm demə.
Məhərrəm yanılmaz cəsarətində,
Zəkada, zəhmətdə, fərasətində.
Şair seçiləndi hərarətində,
Adını şərləyib şairəm demə.
HANI
Ay evində sayılmayan yekə baş,
Kişisən sözünün kəsəri hanı?!
Yatıb-yatıb ayılmayan gözü yaş,
Ömrünün mənası, əsəri hanı?!
Arvad səni bir qara qoz eyləyib,
Vədəsiz qamətin, qəddini əyib.
Sayılmaz olmusan, eyibdi, eyib,
O çürük canının təpəri hanı?!
Yaradan səni də gözündən salıb,
Əzrail vədəsiz üstünü alıb.
Arvad şahmar kimi süysündən çalıb,
Özün də deyirsən, zəhəri hanı?!
Niyə öldürürsən özün-özünü,
Qəbul da etmirsən sözün düzünü.
Cəsarət yox, çıxarasan gözünü,
Ömrün xoş məramlı səhəri hanı?!
Vərdişkarsan peysərinə verməyə,
İşləməyə, yedirtməyə hər şeyə
Məhərrəməm, iştah yoxdu yeməyə,
Bəhrəli bağının bəhəri hanı?
AYIRAMMARAM
Sən elə yurd saldın könlüm evində,
Onu top, tüfənglə ayırmmaram.
Möhkəm qurulmuşam imanda, dində,
İmansız qocalıb qarıyammaram.
Milyon gözəl olsa, sənsən gözəlim,
Bu günüm,sabahım, axır-əzəlim.
Ay mənim sevgilim, meyli-məzəlim,
Sənsiz bir kimsədən yarıyammaram.
Saçlar ağarsa da, diş tökülsə də,
Qamət əyilsə də, can çökülsə də,
Kiprik seyrəlsə də, qaş tökülsə də,
Məhərrəməm, heç vaxt zarıyammaram.
NƏDİ
Kökləynən sazını sazımın üstə,
Görək ürəklərə təsiri nədi.
Yaddaşda dil açsın musiqi, bəstə,
Anlayaq saz-sözün kəsiri nədi.
Söz açaq biçarə nakam dilqəmdən,
Könül sızıltısı andıran dərddən.
Naləsi ucalan ərşə bülənddən,
Sevginin harayla həşiri nədi.
Ruhun ver ruhluya eşqlə, həvəslə,
Bədənə lərzə sal o şaqraq səslə.
Xeyir dua söylə ozan nəfəslə,
Aşıq Məhərrəmin bu sirri nədi.
OXUYAQ
Aşıq qardaş, ozanların ruhuna
Səcda qılıb şövqlə çalaq, oxuyaq.
Əl atmayaq xəyanətin toruna,
Vəcdə gəlib cəngi çalaq, oxuyaq.
Dildə car eyləyək ustad sözünü,
Söyləyək hər kəsə sözün düzünü.
Zillədək həsrətlə sevən gözünü.
Biz də ondan bir zövq alaq, oxuyaq.
Oxudanı zövqümüzlə tən bilək,
Zirvə, dağtək hər yanını çən bilək.
Məhərrəmi doğma bilək ,şən bilək,
Dədələrə səcdə qılaq, oxuyaq.
BİLDİRMƏLİYƏM
Sənin kimliyini, bədbinliyini,
Bu xalqa,millətə bildirməliyəm.
Xəyanət eşqiylə iş biliyini,
Duyğulu olana güldürməliyəm.
Nədən girişibsən girişdiyinə,
Aləm hörmət edir irişdiyinə.
Yazığın gəlmirmi dirəşdiyinə,
Səni kor eşşəyə mindirməliyəm.
Mənim qələmimə düz-dünya bəlli,
Sənin boş başına qapaz iki əlli.
Nədən razısan naqis təməlli,
Səni öz dilinlə dindirməliyəm.
Hələ millətimə çox gərəkliyəm,
Onun xoş gününə mən diləkliyəm.
Dosta sədaqətli, bil ürəkliyəm
Qəddini əydirib sindirməliyəm.
De nədən üstümə ayaq alıbsan,
Xiffətindən pis xəyala dalıbsan.
Onun üçün sondan-sona qalıbsan,
Məhərrəməm, səni yendirməliyəm.
SEVİRƏM SƏNİ
Ay mənim qəlbimin sevgi xanası,
O gül camalını sevirəm sənin.
Üç əziz balamın əziz anası,
Arzu-amalını sevirəm sənin.
Amandı gözümdən kənara getmə,
Bu sevən könlümü vir-viran etmə.
Sən mənim gülümsən, yad yerdə bitmə,
Dodaqda balını sevirəm sənin.
Dərin tanıyırsan Məhərrəmini,
Onun atəşiylə odlu dəmini.
Azalt bu dünyada bir az qəmini,
O huş-kamalını sevirəm sənin.
YANMAZSAN
Nədəndi yadlara doğmalaşmağın,
Özcə vətəninlə, elə yanmırsan.
Nədəndi özündən uzaqlaşdığın,
Can deyən dodağa, dilə yanmırsan.
Nədir o qəlbini talayan üzən,
Yerə təslim olur göylərdə süzən.
Vəfalı yerinə vəfasız gəzən,
Gözlərdən tökülən selə yanmırsan.
Heçə döndərirsən o gənclik çağı,
Özünü bilmirsən dünya qonağı.
Musiqi gəzirsən ögey, bayağı,
Sazımda bəm ilə zilə yanmırsan.
Hələ xod gedirsən öz kefindəsən,
Boş olan xülyanın öz səfindəsən.
Həvəssiz həvəsin həvəsindəsən,
Laləyə, nərgizə, gülə yanmırsan.
Vaxt olar gələrsən mənim sözümə,
Baxa da bilməzsən dim-dik gözümə.
Məhərrəməm, tab etməzsən dözümə,
Cəfakeş, qabarlı ələ yanmırsan
BİLDİYİM
Sənə güvənirdim, insan bilirdim,
A can söylədiyim, a xan bildiyim.
Dediyin yalanı necə sinirdim,
Əllərim ətəynə yaxan bildiyim.
İşarəni tez anladım sözündən,
Məkirini başa düşdüm üzündən.
Mən almadım baxışından,gözündən,
Qəlbini qəlbimə sıxan bildiyim.
Sənə qızınmışdım, soyuqsan demə,
Bütöv anlayırdım, oyuqsan demə.
Gözlər o göz deyil, qıyıqsan demə,
Süzülüb qəlbimə axan bildiyim.
Görkəmin mələkdi, daxilin iblis,
Oldun ürəyimdə pislərdən də pis.
Naqis əməlindən deyilsən səlis,
Ruh kimi bədəndən çıxan bildiyim.
Sonda sıfır çıxdı əhdin, ilqarın,
Budurmu vəfanla namusun, arın.
Aşıq Məhərrəm tək bir sənətkarın,
Başa yox, ayağına baxan bildiyim.
Dostları ilə paylaş: |