ÇƏKMƏZ
Nəfsinin qulu, xalqın qulduru,
Vətən dərdi çəkməz, el dərdi çəkməz.
Qoy onu əkənin çatlasın goru,
Axın dərdi çəkməz, sel dərdi çəkməz.
Kişi libasında canlı büt olan,
Gözü ac, cib dolu, daimi lüt olan,
Bədənə yerişən böyük bit olan,
Nə tufan, nə duman, yel dərdi çəkməz.
Zalım anlayarmı aman, ah nədi,
Sevib, sevindirmək, ya günah nədi.
Zülmət gecə nədi, nur sabah nədi,
Məhərrəməm, ölsə, dil dərdi çəkməz.
ÖZÜNƏ
Anasından tülkü kimi doğulan,
Kölgələrdə şir görünər özünə.
Sızqa olub quraqlıqda soğulan,
Ya xan Araz, Kür görünər özünə.
Gədalığı ədasından bilinən,
Nifrət dolu gülüşlərlə gülünən.
Təpəsinə qaramatlar əllənən,
Əvəzi yox, bir görünər özünə.
Danışığı çərçivəyə sığmayan,
Mərifəti toplamayan, yığmayan,
Boşalanda yağış kimi yağmayan,
Məhərrəməməm, sirr görünür özünə.
HEÇ NƏ
Gedib dolansan da Məşhəd, Kəbanı,
Qəlbində nur, işıq yoxdursa, heç nə.
Saya salmırsansa ata-ananı,
Sözlərin onlara oxdursa, heç nə.
Üzdə mələksənsə, daxildə iblis,
Səxavətin yoxsa, müflissən,müflis.
Dolanıb dünyanı beyni duman, sis,
Küdurət canında çoxdursa, heç nə.
Dil-dodağın haqq kəlamı demirsə,
Sözlərin tənədi, ya da əmirsə,
Kimsə əllərindən çörək yemirsə,
Məhhərrəməm, günün ahdırsa, heç nə.
DÜZÜ DE DÜZÜ
Qolunu buran yox,dilini kəsən,
Kişisən gördüyün düzü de düzü.
Təndirə düşəcək bir gün, tələsən,
Səni kül edəcək közü de, közü.
Əməlinlə övladını korlama,
Vicdanını, qeyrətini zorlama.
Sənə deməsinlər alçaq,zırlama,
Ədalət kəlməli sözü de,sözü.
Zəhərli şahmara uyma, Məhərrəm,
Duyulmaz kəsləri duyma, Məhərrəm,
Özünü o yerə qoyma, Məhərrəm,
Dünyaya düz baxan gözü de,gözü.
PEŞMANIQ
Çiynimizdə vəzifəyə qaldırdıq,
Zara gəlib ondan doyduq, peşmanıq,
Yaramazı yararlıtək sırıdıq,
Məqsədini indi duyduq, peşmanıq
Danışanda zəhər tökür ağızı,
Sözü cəfəngiyyat, səsi vızvızı.
Kişi görkəmində olan naznazı,
Boş-boş sözlərinə uyduq, peşmanıq.
Nə yaxşını seçir, nə də yamanı,
Nə ahı kəsilir, nə də amanı.
Məhərrəməm, gəlib axır zamanı,
Baş bilən yerinə qoyduq, peşmanıq.
GÖZLƏ
Təbib olan dərdə dərman, əlac tap,
Dəyəcək zərbəni yaxından gözlə.
Baltada nə günah, bizimkidi sap,
Özünü insanın laxından gözlə.
Verən əlin öz təpənə dəyməmiş,
Yedirtdiyin basıb səni döyməmiş.
Öz ağlını özcə dilin söyməmiş,
Saman altındakı axından gözlə.
Məhərrəməm, seçiləni seçginən,
Biçən zaman yüz ölçərək biçginən.
Əcəl şərbətini elə içginən ,
Fələyin tərsinə çarxından gözlə.
SATILMIŞLARLA
Yaxşı olammıram, yaxın deyiləm,
Yad ilə yaltağa satılmışlarla.
Dəniz ləngəriyəm axın deyiləm,
Günahkar deyiləm batılmışlarla..
Dedim, könül, davran incə, din incə,
Şükür elə, muraz ata minincə.
Çoxu düçar ola bilmir sevincə,
Ünsiyyət eyləməm atılmışlarla.
Aşırmaram öz yolumda həddimi,
Çıxarmaram insanlığın səddini.
Məhərrəməm, əymə cavan qəddimi,
Yol getməm qanına qatılmışlarla.
BAŞI BATMIŞI
Yalandı kəlməsi boşdu boğazı,
Çətindi anlamaq başı batmışı.
Şərdi əməlləri bilmir çox, azı,
Oyatmaq çətindi qəfil yatmışı.
Xalq, millət dediyi dolan cibidi,
Villa, mersedesi, son mod cipidi.
Bu gün onun dövranıdı, dəbidi,
Tanı insafını çoxdan atmışı.
Almağa tələsir, ver deyir dili,
Həlləvidi, göy gənədi, ya zəli .
Məhərrəm təsvirni düz çəkdi, bəli,
Ömrünün payızı qışı çatmışı.
OLURUQ
Mənimki taxtından salınanlardı,
Bilirsən, nə şirin əziz oluruq.
Kürsüsü, möhürü alınanlardı,
Dərdinə şərikli əkiz oluruq.
Keçənləri yada salıb ağlayar.,
Gündüzləri başa qara bağlayar.
Hərdən –hərdən dostlarını yağlayar,
Dar gündə dərdləşib diz-diz oluruq.
Vaxt olub ki gözü yeri görməyib,
Bir insanın möhürünü hörməyib.
Məhərrəməm, bir haraya gəlməyib,
Üstəlik də biz üzbəüz oluruq.
OLMASIN
Ozanam, alqışım qarğışım keçir,
Dilərəm həyanın hoyun olmasın,
Haqq özü yaxşını, yamanı seçir,
Matəm et qapında, oyun olmasın.
Qazandığın dərmanlara verilsin,
Qəddar canın yay oxutək gərilsin.
Vədəsiz cəsədin yerə sərilsin ,
Kəsilsin əsilin, soyun olmasın.
Məhərrəmi aldatmağa nə var de,
Nə çörək tap, nə dövlət tap, nə var de.
O canına sağalmayan azar de ,
Heç kim sənin kimi qoyun olmasın.
DƏYƏRMİ
Əziz doslar yad yaltağın sözüylə,
Köhnə dostla döyüşməyə dəyərmi.
Baxma mərd insana əyri gözüylə,
Cəhl salıb didişməyə dəyərmi.
Fitvaya getməynən düzü bilməmiş,
Deyilən yalanı, sözü bilməmiş.
Dostdan aralanma özü bilməmiş,
Qəzəblənib söyüşməyə dəyərmi.
Ağlını, kamalını dərk elə,
Yaltaqlığı varlığından tərk elə.
Yaxşılığı edirsənsə ərk elə,
Məhərrəmlə eyişməyə dəyərmi.
BİLMƏZ
Vicdanın, qeyrətin kir ləkəsini,
Kür, Araz yuyammaz , yuya da bilməz.
Cahillər dərk etməz sellənən təbi,
Duya bilməyibdi, duya da bilməz.
Quyu qazanların özləri düşər,
Əhvalı pozular, halı dəyişər.
Bircə hiyləsiylə odlanar bəşər,
Qan soran doymayıb, doya da bilməz.
Bir adın altında on ləqəbi var,
Qudurğan ev yıxar, kin-qəzəbi var.
Məhərrəm adında bir ədəbi var,
Yamana uymayıb, uya da bilməz.
SƏN DƏ BAX
Abırsızın,həyasızın,sırtığın,
Durub namaz qılmağına, sən də bax.
Boynundadı günahları bir yığın,
Boşalıban, dolmağına sən də bax.
Əyri yolun köndəlindən gedənin,
Abad könlün vir-viranə edənin.
Pul naminə yaxasını didənin,
Dərin fikrə dalmağına, sən də bax.
Xəyanətdi axıb gedən qanından,
Ölən olsa qəpik çıxmaz canından.
İt yaxşıdı beləsinin onundan,
Hər yetənin olmağına, sən də bax.
Elə bilmə baci oğluna dayıdı,
Dəqiq tanı, meşədəki ayıdı.
İnsanların ifləməsi, zayıdı,
Min bir hava çalmağına sən də bax.
Məhərrəməm, gördüyümü tanıram,
Onun üçün onu heyvan sanıram.
Bu səbəbdən alışıram ,yanıram,
Özü kimi sol-sağına sən də bax.
GÖRMÜŞƏM
Mülayim üzlünü, şirin sözlünü,
Yad qabını yalamağım görmüşəm.
Fəsadlı, fitnəli min bir üzlünü,
Öz xalqını talamağın görmüşəm.
Nitq eləyir, vətən düşmür dilindən,
Dad eyləyir vətəndaşlar əlindən.
Özü kimi oğul gəlib belindən,
Kürəkdə od qalamağın görmüşəm.
Paxıllıqdan yollarımı bağlayıb,
Əldən qapıb bığlarını yağlayıb.
Cəsədini cavandan sağ saxlayıb,
Çaqqal sayaq ulamağın görmüşəm.
Danışığı yaraşmayır yaşına,
Bir buna bax, kimsə gəlmir xoşuna.
Külü qoyum beləsinin başına,
Millətinə qanlı yağı görmüşəm.
Təsir etmir nə yalvarış, nə minnət,
Beləsiylə edərəmmi heç ülfət.
Məhərrəmə çəkdiribdi o zillət,
Cib xətrinə çox qılığın görmüşəm.
Dostları ilə paylaş: |