Məhərrəmin yeni şeirləri



Yüklə 3,87 Mb.
səhifə24/44
tarix26.10.2017
ölçüsü3,87 Mb.
#14358
1   ...   20   21   22   23   24   25   26   27   ...   44

İNCİMƏRƏM

Şər-böhtanı deyəmməsəm,

Lal desələr,incimərəm.

Haram yeyib, geyəmməsəm,

Kal desələr, incimərəm.
Vaxt-vədəsiz çallansam da,

Yad, yaltağa allansam da.

Dərddən-qəmdən hallansam da,

Hal desələr,incimərəm.


Məhərrəməm, düz söyləsəm,

Haqq kəlməmi yüz söyləsəm,

Ozan deyən söz söyləsəm,

Bal desələr, incimərəm.



YAŞAYIRAM

Bu qoca fani dünyada,

Mən də bir az yaşayıram.

Keçənləri salıb yada,

Xoş bir avaz yaşayıram.
Sazım, sözümlə ölməzəm,

Öz əqidəmdən dönməzəm.

Sənətdə bir inci, düzəm,

Könlü bəyaz yaşayıram.

Məhərrəməm, qəlbi nuram,

Yaxşılarla xoşdu aram.

Sənətimdə sənətkaram,

Sinəmdə saz yaşayıram.




MİLYONÇU

Əl tutmağın bu dünyada,

Savabı çoxdu , milyonçu.

Səxavətin dosta, yada,

Cavabı çoxdu, milyonçu.
Allah verir, verənlərə,

Möhtacla, ac görənlərə.

Sınıq könül hörənlərə,

Xitabı çoxdu, milyonçu.


Məhərrəm söz adamıdı,

İçdiyi haqqın camıdı.

Zəhməti, damaq dadıdı,

Kitabı çoxdu, milyonçu.




YAŞADIRAM

Xalqın milli sərvətini,

Sazla, sözlə yaşadıram.

Mərdin adı şöhrətini,

Sazla sözlə yaşadıram.
Duyub Qorqud vəhdətini,

Sanıb Babək qüdrətini,

Şeyx Nizami hikmətini,

Sazla, sözlə yaşadıram.

Füzulinin möhnətini,

Şah Xətai zəhmətini,

Koroğlular qeyrətini,

Sazla, sözlə yaşadıram.


Qurbaninin zəhmətini,

Abbasın məhəbbətini,

Ələsgər, Hüseyn sənətni,

Sazla,sözlə yaşadıram.


Şeyx Alının heyrətini,

Əsəd, Mirzə şöhrətini,

Əkbər, İmran adətini,

Sazla, sözlə yaşadıram.


Vurğun, Osman əzəmətni,

Xan Azaflı hörmətini,

Şərəflə keçib çətini,

Sazla, sözlə yaşadıram.


Ozan səsi səsləyəni,

Arzu-dilək bəsləyəni,

Məhərrəmi dəsləyəni ,

Sazla, sözlə yaşadıram.



İNCİMƏ
Könül, yenə nə dolubsan,

Çox ağlı kəmdən incimə.

Kimlərə yoldaş olmusan,

Dərd verən qəmdən incimə.


Səbrli ol, təskinlik tap,

Bir könül tik, min Kəbə yap.

Muraz atın köndələn çap,

Ağlı sərsəmdən incimə.
Salamat eylə başını,

Yaxşı tanı sirdaşını.

Tərifləməynən naşını,

Zil yoxsa, bəmdən incimə.


Ömür keçir yavaş-yavaş,

Kövrələrsən gözündə yaş.

Ay Məhərrəm, etmə təlaş,

Kağız, qələmdən incimə




VAR OLSUN

Mənim sazlı söz dünyama,

Qiymət qoyanlar var olsun.

Zəhmətlə çatmışam kama,

Arxa həyanlar var olsun.
Dosta açdım ürəyimi,

Arzuladım diləyimi.

Zəhmətimi, əməyimi,

Bilib duyanlar var olsun.


Xoş danışıb dillənənlər,

Gül bağında güllənənlər,

Əməlindən bəllənənlər,

İşi əyanlar var olsun.


Car eylədim harayımı,

Tikdim könül sarayımı.

Almışam haqdan payımı,

Haqqı sayanlar var olsun.
Sevdim əhli-urfanları,

Keçdim neçə tufanları.

Ürəyimdən qopanları,

Edən bayanlar var olsun.


Məhərrəmin yalanı yox,

Bu dünyadan gözləri tox.

Ətrafında yaxşılar çox,

Sanıb-sayanlar var olsun.




ÇÜRÜTMƏ GÖZƏL, ÇÜRÜTMƏ

Mah camalı dörd divarda,

Bürütmə gözəl, bürütmə.

Cavan canı lalda, karda,

Çürütmə gözəl,çürütmə.
Gəl mənimlə dur üz-üzə,

Gözlər həsrət qalıb gözə.

Gəl əyləşək biz diz-dizə,

Unutma gözəl, unutma.


Oxşayım üzdə xalını,

Dadım damaqda balını.

Aydan ayna camalını,

Yanıltma gözəl,yanıltma.


Məhərrəməm, xəyala dal,

İlhamını, gəl məndən al.

Olmagınan hərdəm xəyal,

Gəl atma gözəl, gəl atma.

SƏNİ
Gədədən törəyən gədə,

Məqamında satar səni.

O anlamaz qorxu, hədə,

Dərinlərə atar səni.


Abırı ,isməti bilməz,

Küdurətdən üzü gülməz.

Bu yekəbaş, qaradinməz,

Xəyanətdən yortar səni.


Məhərrəməm, ondan yayın,

Etibarı olmaz zayın.

Qədrini bil ilin, ayın,

Torpaqlara qatar səni.



SƏNƏTKARAM
Hər alçağın qabağında,

Alçalmayan sənətkaram.

Danəndənin sınağında,

Fikri əyan sənətkaram.


Bəyliyimi bildirənəm,

Böyük-kiçik endirənəm.

Ürəyimi dindirənəm,

Sevib-sayan sənətkaram.

Ölməzləri sağ bilənəm,

Dönməzləri dağ bilənəm.

Yenməzi dayaq bilənəm,

Sözü bəyan sənətkaram.


Yolçusuyam sazın-sözün,

Vurğunuyam doğru-düzün.

Xəyalı göylərdə gəzən,

Haqqı sayan sənətkaram.


Hüseynli Məhərrəməm,

Gah Koroğlu gah Kərəməm.

Duyanlara bir aləməm,

Canı qıyan sənətkaram.




ÖMRÜ BOYU

Süysünündən əyilənlər,

Düzəlməzdi ömrü boyu.

Hər nə gəldi, deyinənlər,

Dözülməzdi ömrü boyu.
Sözü dürdanə olmayan,

Özü mərdanə olmayan,

Duyan, danəndə olmayan,

Üzülməzdi ömrü boyu.


Hər gədanı bəyləməzlər.

Sözünü də söyləməzlər,

Məhərrəməm, haqsız sözlər,

Çözülməzdi ömrü boyu.



KORLAYIBDI

Əsilzadə olanları,

Əsli-hular korlayıbdı.

Sırıyıbdı yalanları,

Ürəyini qorlayıbdı.
Əvvəl öyrənib bicliyi,

Sonra tutubdu gicliyi.

İndi pozulub dincliyi,

Vicdanını zorlayıbdı.


Məhərrəm haqla əlləşir,

Boşuna salmayır həşir.

Sənətiylə sayılıb şir,

Qızıl kimi parlayıbdı.




GÖRMƏYƏNLƏR

İşığın qədrini bilməz,

Zülməti görməyənlər.

Nə danışmaz, nə də dinməz,

Sənəti görməyənlər.
Verən əli olmayandı,

Nəfsi, qarnı dolmayandı.

Haqqa səcdə qılmayandı,

Qisməti görməyənlər


Öz kefinə dolanandı,

Gördüyünə calanandı.

Yad oduna qalanandı,

İbrəti görməyənlər.


Ay Məhərrəm, baxma zaya,

İnsan kimi salma saya.

Dar günündə yetməz haya,

Hörməti görməyənlər.





Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin