TELMANIMIZ
(Eloğlum Telman Səfərova)
Hər kəlməsi, hərəkəti
İbrətlidir Telmanımız.
Səxavəti, sədaqəti,
Sərvətlidir Telmanımız.
Nur tökülür camalından,
Zövq alırsan kamalından,
Mən halıyam amalından,
Qüdrətlidir Telmanımız.
Yorulmazdı, cəfakardı,
Xeyirxahdı, şəfakardı.
Yar-yoldaşa vəfakardı,
Hörmətlidir Telmanımız.
Nəfəsində gül ətri var,
Öz aləmi öz xətri var.
Kişi sözü baş sətri var,
Vəhdətlidir Telmanımız.
Məhərrəməm, üzü gülür,
Tikəsini yarı bölür.
Hara getsə, haqqa dönür,
Cürətlidir Telmanımız
ÖMÜR-GÜNÜN ƏLLİ İLİ
Budur haqladı, çatdı,
Ömür-günün əlli ili.
Sanki qəflətdən oyatdı,
Ömür-günün əlli ili.
Sazım ilə sirdaş oldum,
Coşub, coşub atəş oldum.
Sevgi, arzu, təlaş oldum,
Ömür-günün əlli ili..
Saç ağardı, diş töküldü,
Vədəsiz belim büküldü.
Əlim göylərə düküldü,
Ömür-günün əlli ili..
Gözəllər də deyir əmi,
İşə salıram qələmi.
Gətirdin üzümə qəmi,
Ömür-günün əlli ili..
Məhərrəməm, izim qalıb,
Çox qiymətli sözüm qalıb.
Şükür səbir,dözüm qalıb,
Ömür-günün əlli ili..
İNANMIRAM
(Yalançının birinə)
Mayan yalanla qurulub,
Düz deyəndə inanmıram.
Xasiyyətin çox sorulub,
Yüz deyəndə inanmıram.
Unutmursan vərdişini,
Aldadırsan hər kişini.
Dəyişmirsən yerişini,
İz deyəndə inanmıram.
Biclik yağır gözlərindən,
Əsarət yox düzlərindən.
Anılırsan üzlərindən,
Biz deyəndə inanmıram.
Hərdən həddini aşırsan,
Hər nə gəlsə qarışırsan.
Məhərrəməm,qırışırsan,
Söz deyəndə inanmıram.
ETMƏZ
Təbiətin təravəti
Duyğusuza təsir etməz.
Təmiz qızın bəsarəti,
Hər yetəni əsir etməz.
Şad xəbərlər gətirməyən,
Vərdişini itirməyən,
Haqq sözünü götürməyən,
Haqqı deyib, həşir etməz.
Anlayan döy, qəlbi kinli,
Özü xırça, beyni cinli.
Ay Məhərrəm Hüseynli,
Əyri düzə təsir etməz.
HƏKİM
(Həkim Mayıl Məhərrəmova)
Göydə Allah,yerdə sənsən,
Ümidim, gümanım, həkim.
Şəfan ilə yüzdə birsən,
Sənə qurban canım, həkim.
Ağrı-acı aman vermir,
Yalan vədlər beynə girmir.
Harayıma kimsə gəlmir,
Qoyma, canım yanır, həkim.
İstəmirəm vaxtsız ölüm,
Qaytar məni geri dönüm.
Toy-düyünə sazla dönüm,
Odur şöhrət, şanım, həkim.
Məhərrəməm, yazıb yazan,
Qıyma vaxtsız getsin ozan.
Sevinməsin qəbir qazan,
A gövhəri-kanım həkim.
DOSTUM
(“Tovuz”xeyriyyə cəmiyyətinin
sədri və dostum Akif İsmayılova)
Tez köçsə də qəm karvanın,
Ruhun ölməz qaldı, dostum.
Hayıf sənin əziz canın,
Susub dinməz oldu, dostum.
Çox eşitdim haqq səsini,
Duydum eşqi-həvəsini.
Ürək sözün kəlməsini,
Gördüm dönməz oldu, dostum.
Gözlərimi yaş bürüdü,
Qəlbimi təlaş bürüdü.
Sinəmi atəş bürüdü,
Sandım sönməz oldu, dostum.
Hicran üzdü ürəyimi,
Gözdə qoydu diləyimi.
Fələk deşdi kürəyimi,
Üzüm gülməz oldu, dostum.
Məhərrəm də gəldi zara,
De sən hara, ölüm hara.
Necə tapım dərdə çara,
Bunu bilməz oldu dostun.
VALLAH
Gözü görə-görə susan,
Ölüdü ki, ölü vallah.
Yeyibən qabına qusan,
Dəlidir ki, dəli vallah.
Kor-koranə atır addım,
Üzə baxır maddım-maddım.
Acı sözdən zəhər daddım,
Zəlidir ki, zəli vallah.
Məhərrəməm, beləsinə,
Noxda lazım təpəsinə.
Ömür sürür sinə-sinə,
Olub ilan dili, vallah.
MƏNLƏ
Qoşa gəzək seyrangahı,
Ömrün gözəl çağı mənlə.
Gəl unudaq giley, ahı,
Bülbül sevən bağı mənlə.
Mahnı deyib, dildar olaq,
Uşaqlığı yada salaq.
Nə ağlayaq, nə saç yolaq,
Qoşa gəzək dağı mənlə.
Nə qalacaq, o qalacaq,
Alın yazısı olacaq.
Məhərrəm yaşa dolacaq,
Kəsməynən ayağı mənlə.
İNDİ
Çiynimizdə gətirmişik,
Düşürdə bilmirik indi.
Yalan yerə şişirtmişik,
Şişirdə bilmirik indi.
Azdırıb, yoldan çıxıbdı,
Neçə könüllər yıxıbdı.
Yiyəsinə kəm baxıbdı,
Düz işdə bilmirik indi.
Yer ilə göylə əlləşir,
Günbə-gün boynu kəlləşir.
Məhərrəməm, dəcəlləşir,
Keçmişdə bilmirik indi
OLARSAN
Sən axırda tozanaqda,
Külək qurbanı olarsan.
Dərya gəzmə sızanaqda,
Fələk qurbanı olarsan.
Yeyib-içib, şellənirsən,
Yerli-yersiz dillənirsən.
Öz kefinlə küllənirsən
Külək qurbanı olarsan.
Duy ürəyə damanını,
Qınamaynan zamanını,
Kəsmə dostun amanını,
Çələk qurbanı olarsan.
Qırdırma qol-qanadını,
Düzgün dərk et inadını.
Təmiz saxlaynan adını,
Mələk qurbanı olarsan.
Anla aşıq Məhərrəmi,
Batırmaynan, batsın gəmi.
Hər yetənə demə əmi,
Dilək qurbanı olarsan.
TANIYARLAR
Kişiləri zəhmətiylə,
Zəkasıyla tanıyarlar.
Namusuyla, qeyrətiylə,
Vəfasıyla tanıyarlar.
Onlar əzəl mərd yaranır,
İnsan kimi fərd yaranır.
Elə sevinc, dərd yaranır,
Cəfasıyla tanıyarlar.
Əməlləriylə bəllənər,
Bəhrəsiylə güllənər.
Cəsarətlə dillənər,
Səxasıyla tanınar.
Söz qanana sözü olar,
Köçən zaman izi olar.
Nur tökülən üzü olar,
Ziyasıyla tanıyarlar.
Məhərrəməm, mərdliyi say,
Şöhrətini aləmə yay.
Onun qəlbi geniş saray,
Qayəsiylə tanıyarlar.
Dostları ilə paylaş: |