VƏDƏSİZ
Ulu tanrım sənnən budur diləyim,
Cavan ömrümüzü alma vədəsiz.
Qəm ilə bürünüb onsuz bələyim,
Kimsəni qəmlərə salma vədəsiz.
Eşqdən, məhəbbətdən yarımayanı,
Zövq alıb qocalıb, qarımayanı.
Doyunca telini daramayanı,
Əfi ilan təki çalma vədəsiz.
Viranə olmasın könül xanası,
Saçını yolmasın oğul anası.
Sarsılmasın yar sevənin sonası,
Dillərdə günahkar olma vədəsiz.
Arzular, diləklər getməsin hədər,
Biçarəyə zülüm olmaz bu qədər.
Sevincin yerini almasın kədər,
Kəramət işindən qalma vədəsiz.
Məhərrəməm, çarəni elə bizlərə,
Taqət gəlsin qollar ilə dizlərə.
Saz gərəkdi milyonlara, yüzlərə,
Mənsiz telli sazım qalma vədəsiz.
İNAN
Bu fani dünyadan köçən zamanı,
Çoxları rəhməti qazanmaz, inan.
Hər kəs yaxşı tanır yaxşı-yamanı,
Haqqı da tərsinə yozanmaz,inan.
Unudulmaz olur dosta vəfalı,
Seçilir zəhmətkeş bir də cəfalı.
Ölməz əməliylə başlı, qafalı,
Kimsə düzü tərsə yazanmaz, inan.
Xoşbəxt odur, ölsə ruhu şad olur,
Onu anan qohum, qardaş, yad olur.
Məhərrəməm, damaqlarda dad olur,
Taleh yazdığını pozanmaz, inan.
YATARMI
Öz-özünü tənbeh elə, sual ver,
Vətən deyib, nalə çəkən yatarmı.
İtirilmiş, yada qalan torpaq,yer,
Qəm oduna bizim kimi batarmı.
Qarabağın adı qalıb dillərdə,
Zəngəzur da inildəyir əllərdə.
Fəryad edib dolanırıq ellərdə,
Yuxulayan arzusuna çatarmı.
Məhərrəm qalmayıb səndə də həvəs,
Görünür gözünə bu dünya qəfəs.
Yalançı ümidlə ömr etdik əbəs,
Kişi də qeyrəti, arı atarmı.
QUDURMUŞ
İnsafsızlıq edib fağırı vurma,
Səbr edib əl saxla, dayan, qudurmuş.
Nə lazim yazığa bu torba, qurma,
Düşün, qorx Allahdan, oyan,qudurmuş.
Yaxşılara baxa-baxa yaxşı ol,
İnsanların göz oxşayan baxışı ol.
Ürəklərin bəzəyi ol, naxışı ol,
Saysan olar, səni sayan, qudurmuş.
Məhərrəməm,düşmə ahu-fəryada,
Firon, Şəddad nə iz qoydu dünyada.
Cəhənnəmin əzabını sal yada,
Könülləri bərbad qoyan, qudurmuş.
HƏLƏLİK
Vədəsiz üzməynən alma, armudu,
Axı yetişməmiş kaldı hələlik.
Gərək dərk edəsən kamanı, udu,
Anlamaz dünyada laldı hələlik.
Can yansa, axınar üzdən göz yaşı,
Hər adam olarmı könül sirdaşı.
Sevinclər gözləyir hər addım başı,
Var-dövlət damaqda baldı hələlik.
Görüb görməzliyə vuranlar çoxdu,
Dövranlar, məclislər quranlar çoxdu.
Məhərrəm, kefini soranlar çoxdu,
Saç-saqqal vədəsiz çaldı hələlik
BAŞINA DÖNÜM
Qeyrət qalasının, adı təmizin,
Saf, təmiz adlının başına dönüm.
Ləngərdə dalğalı, qəlbi dənizin,
Damaqda dadlının başına dönüm.
Zirvəyə yüksəlib tay axtaranın,
Haqqın qismətindən pay axtaranın.
Kür, Araz adında çay axtaranın,
Qohumlu, yadlının başına dönüm.
Uymayan heç zaman fitnə-fəsada,
Kimsəni salmayan aha-fəryada.
Məhərrəm oxusun qoca dünyada,
Könülü şadlının başına dönüm.
TALAMAQDADI
Xainin iş-gücü gecə və gündüz,
Abad könülləri talamaqdadı.
Əyrilər özünü sansa da dümdüz,
Günahı günaha calamaqdadı.
Süzülüb ürəyə axa bilməyən,
Kişi tək göz-gözə baxa bilməyən.
Ürəklə dost əli sıxa bilməyən,
Quduztək yetəni dalamaqdadı.
Hüseynli Məhərrəmdi adım,soyadım,
Tanrıdı, xalqımdı, kömək, imdadım.
Sazla-sözlə pərvazlanır qanadım,
İçimdə odunu qalamaqdadı.
ZAMAN KİMİDİR
Nadanın şərinə dözə bilmirəm,
Əsəbim dartılmış kaman kimidir.
Abır həyam üçün susub, dinmirəm,
Duyduğum qəlbimə daman kimidir.
Qol-qanad açmışam arzu diləklə,
Zəhmətlə, hünərlə, polad biləklə.
İşim yoxdu fitnə-fəsad, kələklə,
Əməlim nizamlı zaman kimidir.
Məhərrəm arifdi, anlar mətləbi,
Düz yola səsləyir, haqqın tələbi.
Gətirsə sellənər çağlayan təbi,
Yığılsa min nadan saman kimidir.
BAHALI OĞLAN
Ədalı danışıb, səylik eylədi,
Geyimi bədəndən bahalı oğlan.
Puluna güvənib keylik eylədi,
Küsdürdü ahılı, cahılı oğlan.
Başı çox ucuzdu, baha papaxdan,
Mərifətdə seçilməyir ulaxdan.
Çox keçibdi imtahandan, sınaxdan,
Sayılır insanın paxılı oğlan.
Gədəsindən fərqlənməyir dədəsi,
Ona-buna kəsilməyir hədəsi.
Həzm eləyir nə istəsə mədəsi,
Özündən böyüyə yıxılı oğlan.
Səxavəti, sədaqəti yoxuymuş,
Ürəklərə nizamlanmış oxuymuş.
Könül açmaz üfunətli qoxuymuş,
Satış bazarının daxılı oğlan.
Məhərrəm də nifrət edir yalana,
Qan qaraldan ziyankara, talana.
Yaltaqlıqla karlı kişi olana,
Canı çarmıxlara çaxılı oğlan.
VALLAH
Qiblətək diz çöküb baş əydiyimiz,
Atadı, anadı, qadındı vallah.
Canan dediyimiz, can dediyimiz,
Yarın, yoldaşındı, adındı vallah.
Ata müqəddəsdi, şah əsərimdi,
Ana səcdagahdı, gövhər, zərimdi.
Bacım varlığımdı, dil əzbərimdi,
Sevinci həm mənim, yadındı vallah.
Tanrım yaradanın yaradanıdı,
Bu böyük bəşərin, axan qanıdı.
Qurban Məhərrəmin şirin canıdı,
Ağızda dadlanan dadındı vallah.
GÖRK OLUNMASI
Boş sözlər eşidib, dəng olub qulaq,
Nə gərək çoxunun dərk olunması.
Çox belə şeylərdən sancılıb dalaq,
Ağrıdır canıma bərk olunması.
Bilmirəm bu möhnət mənəmi qalıb,
Dərdi söyləməyə çənəmi qalıb.
Çoxları birləşib, dənəmi qalıb,
Bicadı dostlara ərk olunması.
Nəsihət kar etmir vərdişi çoxa,
Əllərə düşəndə yırtılır yaxa.
Məhərrəm neyləsin sinədə oxa,
Yazılıb alnıma görk olunması.
Dostları ilə paylaş: |