QANMAZDI, QANMAZ
Zümzümə, laylanı duymayan adam,
Gec qanan kəl peysər, qanmazdı, qanmaz.
Onun üçün beləsinə mən yadam,
Öz ulaq adını danmazdı, danmaz.
Xəsisdi verməyə, əli bağlıdı,
Qarnı iriləşib, peysər yağlıdı.
Məlikməmmədlərin uşaq nağlıdı,
Pazdı hər kötükdə, sınmazdı, sınmaz.
Beləsi hər vəchlə təllənə bilir,
Asılıb kölgədə yellənə bilir.
Məhərrəməm, hər an dillənə bilir,
O, haqqın sözündən dönməzdi,dönməz.
QƏHƏRLƏNMİSƏN
Duyan ürəyin yox, düşünən beynin,
De necə qəmlənib, qəhərlənmisən.
Şərin şər oğlusan, canda nifrət, kin,
Kimdən mayalanıb, bəhrələnmisən.
Mənliyini qorumayan vecsizsən,
Çalasısan, zinakarsan, çox bicsən.
İnsanlar içində sərsəmi, gicsən,
Maydansan, dəyişib kəhərlənmisən.
Zümzümə, sızıltı, qəh-qəh anmırsan,
Hay-haray, nərilti, bəh-bəh anmırsan.
Zəngulə, şirin səs, cəh-cəh anmırsan,
Güman ki, qanından zəhərlənmisən.
Çevrilibsən ifritələr quluna,
Bənzəyirsən uzunqulaq çuluna.
Kəm baxırsan əcdadına, uluna,
Daxildən bağlanıb, çəpərlənmisən.
Məhərrəm nə desin səntək nadana,
Məddah kimi yad süfrədən dadana.
A heyvan xislətli yekəbaş dana,
Sən ki, arxamızca yedəklənmisən.
QORXMURAM
Qohum-qardaş soyuqluğu üşüdür,
Duman, çisgin, qar-borandan qorxmuram.
Tənə sözlər daxilimi pöşüdür,
Haqqım varsa, haqq divandan qorxmuram.
Cəfakaram, əmməllərim bəllidi,
Sazım,səsim səs içində zillidi.
Bədxahlarım fitnəkardı, fellidi,
Alim adlı çobanlardan qorxmuram.
Məhərəməm köklənmişəm kökümə,
Bağlıyam tanrıdan gələn hökmə.
Əsəbləri ram etmişəm özümə,
Haray-həşir, boş urradan qorxmuram.
SƏN
Məni tanımırsan, bu öz işindi,
Barı öz-özünü tanırsanmı sən?!
Söylə görək, nələr sənin peşəndi,
Dediyin sözləri qanırsanmı sən?!
Qeyrətlilər sevimlimdi, mənimdi,
Çörək basma , o hər kəsə qənimdi.
Məhəmmədin qoyduğu yol dinimdi,
Tanrı kəlamını danırsanmı sən?!
Qibləm vətən, torpaq dağdı, dərədi,
Səcdəm Qorqud adlı ozan pirədi.
Məhərrəməm, sinəm baldı, şirədi,
Mənimtək atəşə yanırsanmı sən?!
SƏXASIZ ÇIXDI
Dost deyib üstünə əlaca getdik,
Vəfalıyam deyən ,vəfasız çıxdı.
Özünü gizlətdi bu alçaq, düdük,
Çaralıyam deyən, çarəsiz çıxdı.
Çatışmır başının donuz gülləsi,
Təngiyə nəfəsi, kəsilə səsi.
Sən demə yalanmış hər bir kəlməsi,
Vəfalıyam deyən , vəfasız çıxdı.
Məhərrəməm, o ilqarsız, arszdı.
Vəfasızdı, müqəyyadı, karsızdı.
Diqqət etdim, diri ikən cansızdı,
Səxalıyam deyən, səxasız çıxdı.
DİLİNDƏ
Torpaq, vətən yad əllərə düşəndən,
Qınanmışıq qansızların dilində.
Təntənəli söz oynunda bişəndən,
Sıxılmışıq arsızların dilində.
Unuduruq yavaş-yavaş vətəni,
Xəyallaşıb gözümüzdən itəni.
Öymə daha neçə dağı-təpəni,
Yekələnən şansızların dilində.
Yurd deyərək yanıb oda, külə bax,
O zamandan həsrət dolu ilə bax.
Məhərrəməm, haray dolu zilə bax,
Lağ olunur hırsızların dilində.
GƏLƏCƏYİK SÖYLƏYİRİK GƏLMİRİK
İlin, ayın, xoş günlərin qədrini,
Biləcəyik söyləyirik, bilmirik.
Ürəklərin çox davamlı səbrini,
Böləcəyik söyləyirik, bölmürük.
Əlimizdən torpaq çıxıb, el çıxıb,
Xəcalətdən beynimizdən sel çıxıb.
Aralıqdan iyirmicə il çıxıb,
Dönəcəyik söyləyirik, dönmürük.
Özümüzün dediyindən yenmirik,
Zirvə dağın ətəyinə enmirik.
Susqunlaşıb, lal olmuşuq dinmirik,
Dinəcəyik söyləyirik, dinmirik.
Çarə umub, zarıyırıq boşuna,
Heç gəlmirik Allah, bəndə xoşuna.
Şəhidlərin fırlanırıq başına,
Öləcəyik söyləyirik, ölmürük.
Kişilənib min veririk bir mərcə,
Ziyan tapıb, tez düşürük biz xərcə.
Məhərrəməm,yuxumuzda hər gecə,
Gələcəyik söyləyirik, gəlmirik.
DEMƏ
Ay acıdan acı, edib qınağı,
Özünə şirinəm, şəkərəm demə.
Əgər sınayırsan eylə sınağı,
Özgənin dərdini çəkərəm demə.
Başıni bulayıb sallama yerə,
Hələ bələd döysən Araza, Kürə.
Özünü yığışdır dedim min kərə,
Üzü tərəqqiyə təkərəm demə.
Bilən yoxdur süfrən ilə səxanı,
Ələ verməyirsən darda yaxanı.
Tikən görməmişəm evlər yıxanı,
Yalandan evləri tikərəm demə.
Sabaha sağlığın baxta-baxtadı,
Varlığın dünyada tamam saxtadı.
Ürəyində yaz yerinə şaxtadı,
Əliyəm, Vəliyəm, Cəfərəm demə.
Məhərrəməm, dəsmalı at, az zarı,
Doldurubsan bədəninə azarı.
Bizlərdə bahadı sözün bazarı,
Şairi söz ilə bükərəm demə.
OLSA
Canlı bir tarixəm araşdıcıya,
Qiymətli əsərəm, yazanım olsa.
Sadə görünürəm qardaş, bacıya,
Dərdimi tez anlar, ozanım olsa.
Məni ara-axtar şənlik yığnaqdan,
İstəsən gəl keçir böyük sınaqdan.
Sədam eşidilir yaxın-uzaqdan,
Sevinnəm qəlbimə, sızanım olsa.
Belə yazılıbdı tale, qismətim,
Ruhlara can verir sözüm-söhbətim.
Məhərrəməm, bəlli abır-ismətim,
Öləndə haqq səsli əzanım olsa.
GƏLİR
Nakişini kişilənən görəndə,
Rişxəndlə əl çalıb güləsim gəlir.
Qeyrətsizi sinə gərən biləndə,
Çəkib boş beynini dələsim gəlir.
Dostunu bəyənmir, ögey, yad gəzir,
Adına yamanan təzə ad gəzir.
Qanları qaraldıb, kefi şad gəzir,
Necə çalasıdı, biləsim gəlir.
Bədən üstə qarpızı var başı yox,
Süfrəsində bozartması, aşı yox,
Məhərrəməm, onun kimi naşı yox,
Ayaqla tapdayıb , gələsim gəlir.
OLMAZ
Mərdin, danəndənin, sədaqətlinin,
Xalqına, vətənə ziyanı olmaz.
İlqarlı, imanlı, sədaqətlinin,
Düşmənə, yaltağa həyanı olmaz.
Soruşarlar dərd əhlinin halını,
Dağıtmazlar öz xalqının malını.
Qandırarlar çox gönləri qalını,
Namərdin xoş sözü, bəyanı olmaz.
Yiyəsinə ünvanlanıb sözlərim,
Yaxşı görüb, yaman görüb gözlərim.
Yoxuş gedir, taqətlidir dizlərim,
Məhərrəm xətrinə dəyəni olmaz.
Dostları ilə paylaş: |