Mən dünyada, dünya boyda,
Möhnətimi yaşayıram.
Sevənlərə sonsuz sayda,
Hörmətimi yaşayıram.
Sazım-sözümlə birləşib,
Səsim onlarla sirləşib,
İlhamlanıb, gurlaşıb,
Qüdrətimi yaşayıram.
Xidmətim öz xalqımadı,
Qiymətim öz haqqımadı.
Məhərrəmdi təmiz adı,
Şöhrətimi yaşayıram.
YARANANDAN
Mən gözəlin, gözəlliyin,
Vurğunuyam, yaranandan.
Xoş arzunun, xoş diləyin,
Sorğunuyam yaranandan.
Silinməzdi yeriş, izim,
Qatlanmazdı qolum, dizim.
Zaman, dövran, dünya bizim,
Yorğunuyam yaranandan.
Çox düşmüşəm dərdə-qəmə,
Sarılmışam saz, qələmə.
Hörmət olub Məhərrəmə,
Duyğuluyam yaranannan.
ÖYRƏNƏSƏN ÇAĞLAMAĞI
Könül istər üç ay yayı,
Yaylaqlarda yaylamağı.
Ətrafımda əmi, dayı,
Bir də mehriban qonağı.
Səhərlər şehdə gəzəsən,
Təzə-tər güllər üzəsən.
Deyib, danışıb, süzəsən,
Qurasan eldə yığnağı.
Məhərrəmin gələ səsi,
Duyula isti nəfəsi.
Hər ifası, hər kəlməsi,
Ola məclislər sınağı.
BİLMƏZ
Bir haqqımız bizlə olsa,
Nahaqq ona bata bilməz.
Əməlimiz düzlə olsa,
Haqq nəzərdən ata bilməz.
Gəlmişəm namərd qəsinə,
Qəlbinin qara hissinə.
Qəlbim tanrıdan isinə,
Alovuma çata bilməz.
Qoca könlüm, çəkmə təlaş,
Səbrlə döz yavaş-yavaş.
Dostuna dost kimi yanaş,
Kimsə səni sata bilməz.
Söz de, danış , ay Məhərrəm,
Sənlik deyil bu dərdi-qəm.
Səninkidir kağız-qələm,
O qan-qada, xata bilməz.
GÖZLƏMİRƏM
Gözü doymaz acgözlərdən,
Səxavəti gözləmirəm.
Zəhər olan o sözlərdən,
Hərarəti gözləmirəm.
Gecə-gündüz hiylə quran,
Könülləri vurub, qıran.
Zəli təki qanın soran,
Mərhəməti gözləmirəm.
Məhərrəm Hüseynliyəm,
Kinli kəsə çox kinliyəm.
Dosta qızıl beyinliyəm,
Küdurəti gözləmirəm.
A BOŞBOĞAZ
Üzə çıxıb görünməyə
Təki sən çıx, a boş boğaz.
İlan sayaq sürünməyə,
Təki sən çıx, a boş boğaz.
Əvvəl mədh et yuxarını,
Bil yaltaqlıq axarını,
Aç özünün paxırını,
Təki sən çıx, a boş boğaz.
Sən onsuz da sayılmırsan,
Oyadırlar ayılmırsan.
Kişi kimi yayılmırsan,
Təki sən çıx, a boş boğaz.
Cütdəşdirib qafiyəni,
Hazırla öz mafiyəni.
Anlamırsan söz deyəni,
Təki sən çıx, a boş boğaz.
Tanınıbsan, tanınmaza,
Anınıbsan,anınmaza,
Sığınıbsan,sığınmaza,
Təki sən çıx, a boş boğaz.
Vaxt olar seçkin olarsan,
Yorulub yolda qalarsan,
Məni yadına salarsan,
Təki sən çıx, a boş boğaz.
Gəlibdi eşqimin dəmi,
Anlagınan Məhərrəmi.
Çıxdaş olgunan, eləmi,
Təki sən çıx, a boş boğaz.
İT BAYRAM EDƏR
Atalardan məsəl qalıb,
At ölüb, it bayram edər.
Çaqqal qəlbə lərzə salıb,
Bədəndə bit bayram edər.
Yaman həmdərd, yaman gəzər,
Fağırları basıb əzər.
Fürsət tapıb, başlar üzər,
Kamaldan küt bayram edər.
Namərdlərə möhtacdı mərd,
Məhərrəmi üzər bu dərd.
Canı kinli, sözləri sərt,
Dəmdəmə şit bayram edər.
Sazın-sözün adamı var,
De duydurub, duyana sən.
Söz deyənin ilhamı var,
De duydurub, duyana sən.
Şair tanrı mirzəsidi,
Səsi haqqın gur səsidi,
Ətri bahar nəfəsidi,
De saydırıb, sayana sən.
Həm sevincim, həm amalım,
Bu gün, sabahım, zamanım,
Damarımda axan qanım,
De yaydırıb, yayana sən.
Duyan çoxdu Məhərrəmi.
İnci səpər gəlsə dəmi.
Götür sazı , al qələmi,
De andırıb, anana sən.
ANLAYARDIQ
Biz bir azca biz olsaydıq,
Bizi biztək, anlayardıq.
Qatlanmayan diz olsaydıq,
Özümüzü danlayardıq.
Ya utanıb ölməliyik,
Ya dinindən dönməliyik,
Ya biryolluq dinməliyik,
Tənbəlliyi sonlayardıq.
Məhərrəm haqq sözlə dinər,
Minsə, murad atı minər.
Hər oğulda olsa hünər,
Yad-yaltağı yanlayardıq.
QINAQ OLUNAN
Qanmazları qınamazlar,
Qanandı qınaq olunan.
Yanmazları sınamazlar,
Yanandı qınaq olunan.
Əsilzadədən küsərlər,
Ağızlarını büzərlər.
Kənarlaşıb da gəzərlər,
Talandı qınaq olunan.
Küsərlərmi dəlidən,
Ona oxşayan zəlidən.
Nə çıxacaq bəl-bəlidən,
Dolandı qınaq olunan.
Qoşulmaynan hər yetənə,
Aralıqlarda bitənə.
Övlad olsan bu vətənə,
Yalandı qınaq olunan.
Məhərrəmi nadan duymaz,
Haqqlı qisas yerdə qalmaz.
Anlaqsıza saz da çalmaz,
Yamandı qınaq olunan.
SƏNİ
Yalan deyib şər danışsan,
Lənətləyər ellər səni.
Təlxəkliklə sən yarışsan,
Qınaq eylər dillər səni.
Kimsə səni xatırlamaz,
Ətəyində qılmaz namaz.
Görünərsən qeyrəti az,
Sevər topal , şillər səni.
Yollarını bağlar fələk,
Qəm qucarsan ələk-ələk.
Məhərrəməm,eylə dilək,
Onda tapmaz, sellər səni.
QARABAĞLI AŞIQ VALEH
Şah ustaddı, şah babamdı,
Qarabağlı Aşıq Valeh.
Yanan qəlbimə dərmandı,
Qarabağlı Aşıq Valeh.
Təbli, təravətli olub,
Comərd, cəsarətli olub,
Haqqa ibadətli olub,
Qarabağlı Aşıq Valeh.
Ram eylədi Zərnigari,
Mələk misal bir nigarı.
Üstün tutdu o dildarı,
Qarabağlı Aşıq Valeh.
Adı İran,Turan gəzdi,
Mənəm deyənləri əzdi.
Ürəyi güldən təmizdi,
Qarabağlı Aşıq Valeh.
Əməllə savab qazandı,
Əli göylərə uzandı,
Təsdiqlənmiş bir ozandı,
Qarabağlı Aşıq Valeh.
Səsi ərşə bülənd oldu,
Bir ayağı Dərbənd oldu.
Azərbaycana bənd oldu,
Qarabağlı Aşıq Valeh.
Gəzdi Koroğlu sayağı,
Sözü demədi bayağı,
Cənnət bildi Qarabağı,
Qarabağlı Aşıq Valeh.
Ozanlarla qabaqlaşdı,
Qalib kimi o yarışdı.
Hörməti həddini aşdı ,
Qarabağlı,aşıq Valeh.
Dərdi oldu elin dərdi,
Tərif etdi dönməz mərdi,
Xalqa toy-nişan dilərdi,
Qarabağlı aşıq Valeh.
Görənləri etdi valeh,
Adı Sofi, özü Valeh.
Övladıydı aşıq Taleh,
Qarabağlı Aşıq Valeh.
Bəstəkar, şair, deyici,
Hər kəlməsi gövhər ,inci.,
Dilimdə sənsən birinci,
Qarabağlı aşıq Valeh.
Sənindi “Qarabağ şikəstə”,
“Zil qaytağı” gözəl bəstə.
“Qarabağı” könlüm üstə,
Qarabağlı Aşıq Valeh.
Unutmayır ağır ellər,
“Baş”, ”Ayaq sarıtel”lər.
Vəsf olundu çox gözəllər,
Qarabağlı Aşıq Valeh.
Başa vurdun yüz yaşını,
Sazla tapdın sirdaşını.
Açdın üzün qırışını,
Qarabağlı Aşıq Valeh.
Əbədisən ürək, qanda,
Məhərrəməm, bax bu anda.
Yaşayar adı cahanda,
Qarabağlı Aşıq Valeh.
Dostları ilə paylaş: |