Məf’ūlü məfā’īlü məfā’īlü fe’ūlün
Sən varkən, ey dost, mana yar gərəkməz,
Cövrün çəkəyim, qeyri vəfadar gərəkməz.
Cövrün də vəfadır mana, dərdin də dəvadır,
Bimari-dilə, bir dəxi bimar gərəkməz.
Cana bu cahan içrə vəfadar sənəmlər
Hər guşədə gərçi neçəsi var, gərəkməz.
Kuyində sənin daima üryan olayın tək,
Cənnətdə mana hülleyü dəstar gərəkməz.
Pənd etmə mana yar üçün yarını, naseh,
Yarım mana, pəndin sana, hey, var, gərəkməz.
Çeşmin məni öldürdi vü sən yox necə dersən,
Qəmzən hu şəhadət edər, inkar gərəkməz.
Məsti-meyi eşq ol, yürü aləmdə, ey Mehri,
Bəs rəndü xərabat olana ar gərəkməz.
63
Məf’ūlü məfā’īlü məfā’īlü fe’ūlün
Eşq atəşinə yanıcı pərvanələriz biz,
Bu atəşə pər yaxmayacaq ya nələriz biz.
Nuş eyləmişiz ruzi-əzəl camını eşqin,
Ta həşrədək ol şövq ilə məstanələriz biz.
Var xanəgahı bəklə riya ilə sən, ey şeyx,
Sabit qədəmiz, sakini-meyxanələriz biz.
Qafil qoymarız xubların əldən, ölüncə
Zənciri-səri-zülfini, divanələriz biz.
Rüsvalığımız xəlqi-cahan bildi, nə qəm çün,
Guş eyləməziz, nasehi-rindanələriz biz.
Meydanına eşqin bu gün ixlasla girdik,
Baş oynayıçı bir neçə mərdanələriz biz.
Ey dost, rəqiblə durub, söhbət edərsən,
Üşşaqlarız, çün yenə biganaləriz biz.
Qılmaq dilər isən dili-viraneyi mə’mur,
Gəl könlümüzü yap, qatı viranələriz biz.
Tərki-dilü can etməyəcək dost yolunda,
Ey Mehri, necə talibi-cananələriz biz.
64
Fə’ilātün fə’ilātün fə’ilātün fə’ilün
Gördü bir mahi-liqayı, yenə sevdi gözümüz,
Göz ucundan gözə-göz, odlara atdıq özümüz.
Ləbi-vəsfindən onun sormağa mən can verərəm,
Ərzi-hal etməyə leykin ona doymaz üzümüz.
Ruhi-dövründə verər zülfi bizə ömri-diraz,
Fərəhindən bir olubdur gecəmiz, gündüzümüz.
Yapışıb daməni-əğyara müdara edəriz,
Nitəkim yalvararız bir çöpə keçməz sözümüz.
Eşqi-rahində onun xak ilə yeksan olalım,
Can mülkün yıxalım, göylərə çıxsın tozumuz.
Asimanilər atar göylərə ahım tünü gün,
Bərki-ahimlə əcəb yanmaz isə ulduzumuz.
Ruhi-şə’minə onun, Mehri, çü pərvanələriz,
Yanalım, yaxılalım, bir pula almaz yüzümüz.
65
Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Neyləyim, biçarəyi-könlüm bir dəm olmaz yarsız,
Öpsəm olmaz, nitəkim cəhd eylərəm bu arsız.
Mən dilimdə namını vird etdim, əmma dilbərim,
Bir dəm anmaz, adəm olmaz bir nəfəs əğyarsız.
Vəslini iqrar edib, saldı məni sevdalara,
Döndi, inkar eylədi bu dini yox iqrarsız.
Ey təbibi-can, mədəd, bimarınam, öldüm mədəd,
Dedi: hudur aşiq öldürmək mana timarsız.
Görmədim bir xub kim, yanında olmaya rəqib,
Bu cahan bağında heç gül olmaz imiş xarsız.
Xubların mehrini, Mehri, öləriz tərk etməziz,
Kim nə der isə desin, biz olmazız yarsız.
66
Fāilātün fāilātün fāilātün fāilün
Yoluna can verməyə cananə gəlmişlərdəniz,
Talibi-dərd olmuşuz, dərmanə gəlmişlərdəniz.
Başımı top etmək üçün zülfünün çovqanına,
Eşqinin meydanına mərdanə gəlmişlərdəniz.
Mehrini könüldə möhkəm tutmuşam, haq söylərəm,
Sidqlə Mənsuru vəş urğanə gəlmişlərdəniz.
Gülüstani-hüsnünün hər guşəsində, dostum,
Bülbülü guya olub əfğanə gəlmişlərdəniz.
Gəlmişəm hüsnün zəkatından ki, şeyüllah edəm,
Sanma bu dərvişi-canananə gəlmişlərdəniz.
Ey təbibi-dil, məni bənd eylə, dərman vaxtıdır,
Zülfünün zəncirınə divanə gəlmişlərdəniz.
Şə’mi-rüxsarına cananın, ey Mehri, daima,
Yanalım pərvanəvəş, çün yanə gəlmişlərdəniz.
67
Hərfi-sin
Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Nitəkim yarın yolunda can verib, etdim həvəs,
Vüslətinə bulmadım aləmdə bir gün dəstrəs.
İllər ilə görməzəm yarım üzün mən müddəi,
Sayəsi kimi qatından əskik olmaz bir nəfəs.
Lə’li-şirininə mən can verərəm, irməz əlim,
Ah kim, qarşımda daim latəkəllüf yer məkəs.
Necə fəryad edəsən eşqin bəlasından, könül,
Bulmadın aləmdə çün fəryadına fəryadrəs.
Kuyin içrə gecələr ta sübh olunca, dostum,
İtlərinlə həmdəm olduğum mana aləmdə pəs.
Aşiqin qədrin bilər yolunda can versən rəva,
Bivəfa hərcayılar sevdasına yelmək əbəs.
Arifə bir hərf bəsdir, heç tətvil eyləmə,
Taleyin yoxdur gözəllərdən, ey Mehri, sözü kəs.
68
Dostları ilə paylaş: |