Əlif Ey qaməti mövzunü, eyya xub nigar,
Bitmədi qəddinə bənzər dəxi bir sərv, çinar.
Bi Bu gün gülşəni-hüsnündə qoy əfğan edəlim,
Yaraşar səhni-çəməndə ki edə fəryad həzar.
Ti Tamaşa edəriz vəslini lütfünlə bu gün,
Dili-dərvişə əta eyləsən, ey şah, nə var?
Sə Sənaxan olalı bülbüli-can gülşəndə,
Hüsnünə qarşı olur şamü səhər xoş güftar.
Cim Cəmalını görüb, qeyrə nəzər eylər isəm,
Dostum, tiri-müjgənlə iki gözümü çıxar.
Ha Həyatım gedər, ey dost, üzün görməyicək,
Sən sözün de, imdi nicə eyləyə can təndə qərar.
Xe Xəyalın yazalı nəqşini dil lövhəsinə,
Göz edər qiblənüma kimi gözüm leylü nəhar.
Dal Dad etməz isən dadımızı, xuni-gözün,
Məni nahaq yerə öldürsə gərək axıri-kar.
Zal Zahid gözəli sevməyə tövbə demiş imiş,
Döndü cürmünü bilib, etdi yenə istiğfar.
Ra Rəva gördü fələk, biz nedəlim, gülşəndə
Bülbülə ahü fəğan həmdəm ola, qönçəyə xar.
Za Zülfünündə məni (yax) eşqlə Mənsur kimi,
Can fədadır yoluna, eyləyə canım bərdar.
Sin Səndən çevirərsəm üzümü, etmə məcal,
Kəs qələm kimi başımı, dilimi yar, ey yar.
Şin Şəha, zülmün əli şəhri-dili yıxdı dariğ,
Çıxısar can bədənindən, edisər tərki-diyar.
Sad Sandım ki, səhab içrə nihan oldu qəmər,
Yar hüsnündə məgər etmiş imiş zülfünü tar.
Zat Zə’fi-qəm hicrinlə qoy ölsün, yeridir,
Dili-aşüftə ki, cana, ona pənd etmədi kar.
Ta Təvafi-hərəmin eyləmişəm bunca zaman,
Etiqadım budur, ey dost, məni yaxmaya nar.
Za Zülm eyləmə, aşiqlərinə lütf eylə,
Eyləmişdir bunların eşqin odu canına kar.
Eyn Eynin dilü canlarmı qoydu aləmdə,
Ki etmədi qəmzələrin tirilə onu şikar.
Ğeyn Ğayətdə səfadır k’ola yanında həbib,
Ol sana naz edə, sən onu edəsən busə kənar.
Fi Fəraqın gecəsində bu qədər ah etdim,
Ki oldu dil ayinəsi dərdim ilə jəngü qubar.
Qaf Qəndil ruhundan yaxar, ey dost, dəlil,
Ki günəş aləmə ənvarını eylər izhar.
Kaf Könlüm evi viranını mə’mur etdi,
Həmdülilla, hələ eşqin olalıdan me’mar.
Dostları ilə paylaş: |