10. Həzrət Mehdinin (əc.) iqamətgahı və məskunlaşma mərkəzi
Həzrət Mehdinin (əc.) məkanı haradadır? Həyat yoldaşı və övladları varmı? Zühur edən zaman haradan zühur edəcək, hökumətinin mərkəzi hara olacaq?
Cavab: Bu sualların cavabını hədislərə müraciət etməklə verə bilərik. Bə`zi rəvayətlərə görə, o həzrət hər il həcc mövsümündə iştirak edir. Habelə, müxtəlif məkanlara, xüsusilə də imamların qəbri kənarına və digər müqəddəs yerlərə baş çəkir.
İslamın evlənməyə olan diqqətini nəzərə alsaq, deyə bilərik ki, ailə qurmuşdur. Əhli-beytdən bizə yetişən duaların bə`zisində bu məsələyə toxunulmuşdur.
Rəvayətlərdə həzrətin iqamətgahı barəsində bir neçə məkan qeyd olunmuşdur. Məsələn, Mədinə şəhəri, Hicaz səhrası, Rəzva dağı, Kər`ə (Yəmənin bir kəndi) və əlçatmaz diyarlar. O cümlədən, rəvayət olunmuşdur ki, həzrət Mehdi (əc.) övladları ilə birlikdə dənizin çox böyük və geniş adalarının birində yaşayacaq.
Nəcəf əhli olan Əli ibn Mazandaraninin rəvayətinə görə, həzrət Mehdi (əc.) öz dostları və övladları ilə birlikdə “Xəzra” adlı bir adada yaşayır.
Xəzra adası haqqında çoxlu bəhslər edilmişdir. Alimlərin bə`zisi bir sıra dəlillərə əsaslanaraq belə güman edirlər ki, Xəzra adası yer üzünün ən qəribə və sirli məkanı, Atlantik okeanın qərb hissəsində yerləşən “Bermud üçbucağı”dır.
Bermud üçbucağının sirli əlamətlərindən biri budur ki, onun yaxınlığından keçən hər hansı bir gəmi və yaxud təyyarə yox olur.
Həzrət Mehdi (əc.) Məkkə şəhərində zühur edəcək, Kə`bə evinə söykənib xütbə oxuyacaq və üç yüz on üç nəfər orada o həzrətə qoşulacaq.
İmam Sadiq (ə) buyurmuşdur:
“Həzrət Mehdi (əc.) ilə bey`ət edən ilk şəxs Cəbrayıl (ə) olacaq".
Redaktordan
a) Alimlərin araşdırmalarına əsasən, imamın ailə sahibi olması zəif ehtimaldan başqa bir şey deyildir. Bə`zi dualarda İmamın övlad sahibi olmasına işarə edilsə də, onun zühurdan əvvəlki dövrə, yoxsa zühurdan sonrayamı aid olduğu aydın deyildir.
Bə`zi alimlərin nəzərincə, bu məsələni bilməyin insanlara hər hansı bir faydası olsaydı, imamlar (ə) bu barədə sükut etməzdilər.
b) İmamın daimi məskunlaşdığı bir məkan yoxdur. O həzrət imamət işləri ilə əlaqədar olaraq müxtəlif məkanlarda müşahidə edilmişdir. Xəzra adası barədə nəql edilmiş hədisin həm sənəd silsiləsində, həm də məzmununda nöqsanlar vardır (Bu barədə Ayətullah Əmininin “Ədalət günəşi” kitabına müraciət edə bilərsiniz).
İmamın hökumətinin mərkəzi Kufə şəhəri olacaq.
Dostları ilə paylaş: |