2) məhsulun təyinatına (istehlakçının tipinə) görə təsnifləşdirilir. Məhsullar bu əlamətlər daxilində də müxtəlif əlamətlərə görə təsnifləşdirilir.
Görünə bilmə qabiliyyətinə (maddiliyinə) görə məhsullar iki iri qrupa:
1) maddi məhsullara
2) xidmətlərə bölünür.
Maddi məhsullar əşya forması alan, görünə bilən və fiziki xüsusiyyətləri olan bütün məhsullardır. Maddi məhsullar da, öz növbəsində, istifadə müddətindən asılı olaraq qısamüddət istifadə olan məhsullara və uzunmüddət istifadə olan məhsullara bölünür.
Qısamüddət istifadə olunan məhsullar. Bu məhsullara qısa zaman kəsiyində və yaxud bir və ya bir neçə istifadə prosesində tamamilə istifadə olunan, öz əşya formasını, istehlak xüsu-siyyətlərini tamamilə itirən məhsullar aiddir. Məsələn, xammal və materiallar, ərzaq məhsulları, şəxsi gigeyena məhsulları, dəstləşdirici məmulatlar və s. məhsullar qısamüddətli istifadə olunan məhsullar hesab olunur.
Uzunmüddət istifadə olunan məhsullar. Uzunmüddətli istifadə edilən məhsullar, bir qayda olaraq, bir neçə il istifadə olunan və istifadə müddəti ərzində öz əşya formasını və fiziki və istehlak xüsusiyyətlərini saxlayan məhsullardır. Avadanlıqlar, bütün növ nəqliyyat vasitələri, məişət cihazları, əsaslı tikinti obyektləri və bu kimi digər məhsullar bu məhsul tipinə aiddir.
Xidmətlər istehlakçılara hər hansı bir problemi həll etməyə, yaxud fayda almağa imkan verən və mülkiyyət hüququ olmayan, maddi, əşya forması və fiziki xüsusiyyətləri olmayan məhsullardır. Xidmətlər hər hansı bir predmet, məmulat və şey deyildir, o, fəaliyyətdir .