Məktəbəqədər yaşlı uşaqların əmək təlimi və tərbiyəsinin mahiyyəti, məqsədi və vəzifələri Plan


Texnologiya məşğələlərində istifadə olunan təlim prinsipləri



Yüklə 0,68 Mb.
səhifə13/33
tarix01.01.2022
ölçüsü0,68 Mb.
#104220
1   ...   9   10   11   12   13   14   15   16   ...   33
Texnologiya məşğələlərində istifadə olunan təlim prinsipləri

P l a n

1. Təlimin prinsipləri haqqında.

2. Texnologiya təlimi prinsiplərinin izahı.

3. Texnologiya təlimi prinsiplərinin qarşılıqlı əlaqəsi.



Nəticə

Ədəbiyyat



1. Təlimin prinsipləri haqqında. Didaktik prinsiplər təlimin müvəffəqiyyətlə nəticələnməsini təmin etmək üçün irəli sürülən başlıca tələblərə daxildir. Didaktika məfhumu yunanca didaktikos sözündən götürülüb lüğəti mənası öyrədirəm deməkdir. Təlimin prinsipləri ilk dəfə böyük çex pedaqoqu Yan Amos Komenski tərəfindən “Böyük didaktika” əsərində formalaşdırılıbdır. Komenski təlimdə müvafiqlik, sistematiklik, ardıcıllıq, əyanilik, şüurluluq və fəallıq prinsiplərini irəli sürmüşdür. Bundan sonra rus pedaqoqu K.D.Uşinski XIX əsrin ikinci yarısında fiziologiya və psixologiya elmlərinin inkişaf nailiyyətlərinə istinad edərək, didaktik prinsipləri elmi cəhətdən əsaslandırdı. XIX əsrdə İsveç pedaqoqu İ.H.Pestalotsi, alman pedaqoqu A.D.Disterverq, böyük rus yazıçısı L.N.Tolstoy və başqaları təlimin prinsiplərini sistemə salıb əsaslandırmışlar. Prinsip - latın sözü olub əsas qayda, aparıcı ideya, fəaliyyətə əsas tələb mənasını verir. Prinsip dərk olunmuş qanunlardan istifadə etmək, fəaliyyəti həmin qanunların tələblərinə tam uyğun təşkil etməklə bağlıdır. Bir qrup nəzəriyyəçilər təsdiq etmişlər ki, məktəbəqədər yaşlı uşaqlar biliyi müəyyən sistemlə əlaqəli şəkildə mənimsəyə bilirlər. Buna görə onlar biliyi məktəbəqədər yaşlı uşaqların anlaq səviyyəsinə uyğun sistemdə qurmağı irəli sürürlər. Texnologiya təliminin prinsipləri aşağıdakılardır. 1. Alınmış bilik və bacarıqların həyatla və əməklə əlaqələndirilməsi prinsipi. 2. Təlimdə elmilik prinsipi. 3. Təlimin tərbiyəedici prinsipi. 4. Təlimdə müvafiqlik prinsipi. 5. Təlimdə sistematiklik və ardıcıllıq prinsipi. 6. Təlimdə şüurluluq və fəallıq prinsipi. 7. Təlimdə əyanilik prinsipi. 8. Təlimdə fərdi yanaşma prinsipi. 2. Texnologiya təlimi prinsiplərinin izahı. Alınmış bilik və bacarıqların həyatla və əməklə əlaqələndirilməsi prinsipi. Uşaq bağçası üzrə proqramda nəzərdə tutulmuş bilik, bacarıq və əvrdişlərə yiyələnməkdə bu prinsip başlıca yerlərdən birini tutur. Məktəbəqədər yaşlı uşaqlara real aləmi yaxşı öyrətməklə təlimdə çətinlikləri aradan qaldırmaq imkanı artır. Biliyin əməklə və həyatla əlaqələndirilməsi bir tərəfdən uşaqlarda əməyə və əmək adamlarına məhəbbət hissi yaradır, onlarda əmək məhsullarının qədir-qiymətini bilmək, ondan qənaətlə istifadə etmək bacarığı formalaşdırır, digər tərəfdən onların biliyinin artmasına kömək edir. Bunun nəticəsində uşaqlarda böyüklərin əmək fəaliyyətinə maraqları güclənir, onlarda əməksevərlik və məsuliyyət kimi yüksək əxlaqi keyfiyyətlər daha da inkişaf edir. Biliyin həyatla əlaqələndirilməsi məktəbəqədər yaşlı uşaqların öyrənmə marağı və bacarığına müsbət təsir göstərir ki, bununla onlar ictimai həyatda baş verən hadisələrlə daha yaxından tanış olurlar. Biz uşaqları biliklərlə silahlandırmaqla bərabər onlara ətraf mühiti öyrənmək üçün hazır olmağı öyrətməliyik. Bununla yanaşı məktəbəqədər yaşlı uşaqlar əmək adamlarının fəaliyyətində gördüklərini öz əməli fəaliyyətlərində tətbiq etmək kimi (əmək işlərində) mühüm bacarıqlara yiyələnməlidirlər. Fəaliyyətin rəngarəng növlərini müşahidə etmək uşaqları yaşlıların həyatına yaxınlaşdırır və onlarda müstəqillik kimi mühüm əxlaqi keyfiyyət yaradır. Verilən biliklərin həyatla və əməklə əlaqələndirilməsi uşaqları məktəb həyatına hazırlayır. Təlimdə elmilik prinsipi. Texnologiya məşğələlərində elmilik prinsipinin gözlənilməsi hər bir məşğələnin elmi şəkildə qurulmasını tələb edir. Elektron informasiya vasitələrinin həyatımızın bütün sahələrinə daxil olduğu müasir şəraitdə elmilik prinsipi tələb edir ki, elmin son nailiyyətləri məktəbəqədər yaşlı uşaqların yaşına və anlaq səviyyəsinə uyğun şəkildə maraqlı faktlar əsasında şərh edilsin. Yeni əmək növləri, onların insan həyatında roluna dair tərbiyəçinin maraqlı və inandırıcı söhbəti uşaqları daha çox cəlb edir. Xüsusilə tərbiyəçi uşaqlara elm və texnikanın yenilikləri barəsində, hər bir alət və avadanlığın təkmilləşdirilməsi və yeni növlərin yaradılması haqqında məlumatları ardıcıl olaraq söhbətlərlə uşaqlara çatdırdıqda onlar belə söhbətləri uzun müddət yadda saxlayırlar. Texnologiya məşğələsi zamanı terminlərin düzgün işlənməsi, müasir terminlərdən istifadə olunması təlimdə elmilik prinsipinin gözlənilməsidir və bu prinsip tərbiyəçidən yüksək hazırlıq tələb edir. Texnologiya təliminin tərbiyəedici prinsipi. Təlimin tərbiyəedici xarakteri pedaqoji qanunauyğunluqdur. Texnologiya məşğələsi uşaqları yalnız biliklərlə silahlandırmır, həm də onların mənəvi dünyasına, əqidəsinə, əməksevərliyinə, estetik baxışlarına və fiziki kamilliyinə güclü müsbət təsir göstərir. Texnologiya məşğələsi zamanı hər bir mövzudan tərbiyəvi nəticə çıxarmaq və onu uşaqlara çatdırmaq tərbiyəçidən böyük məharət, bacarıq tələb edir. Pedaqoji işdə o, tərbiyəçinin fəaliyyəti qüsurlu hesab edilir ki, keçəcəyi mövzudan nə kimi tərbiyəvi nəticə çıxarmaq və onu uşaqlara aşılamaq bacarığına malik olmur. Uşaqlar dayənin əməyini müşahidə edir, onun işinin həm faydalı, həm də necə çətin olduğunu öyrənirlər. Tərbiyəçinin rəhbərliyi və göstərişi ilə uşaqlar çalışırlar ki, dayəyə kömək etsinlər və onun əməyinə hörmətlə yanaşsınlar. Bununla tərbiyəçi təlimin tərbiyə məqsədini icra etmiş olur. Təbiətdə əmək uşaqların görüş dairəsini genişləndirmək, kənd təsərrüfatı işlərinə marağı gücləndirməklə Vətən haqqında şüurun formalaşmasına böyük təsir göstərir. Vətənin seyrinə çıxmaq, doğma yerlərə olan sevgi bütün həyatı boyu uşaq yaddaşında qorunub saxlanılır. Uşaqların əmək adamları ilə tanışlığı onların əməksevərlik tərbiyəsində mühüm rol oynayır. Məşğələlərdə əməklə tanışlıq, əmək adamları ilə ünsiyyətə, Vətənə, xalqa məhəbbət, başqa xalqlara rəğbət və hörmət tərbiyəsinə kömək edir. Müvafiqlik prinsipi. Bu prinsip təlim prosesində uşağın bilikləri anlaya bilməsini bacarıq və vərdişlərin öhtəsindən gələ bilməsini nəzərə almaq, təlimi uşağın inkişaf səviyyəsinə uyğunlaşdırmağı tələb edir. Qeyd etmək lazımdır ki, həmişə yaş səviyyəsi ilə anlaq səviyyəsi uyğun gəlmir. Belə ki, eyni yaşlı uşaqlar bəzən müxtəlif duymaq, qavramaq, anlamaq səviyyəsinə malik ola bilirlər. Buna görə müvafiqlik prinsipi uşağın bilik dərəcəsini, gücünü, eləcə də yaş və anlaq səviyyəsini ciddi nəzərə almağı tələb edir. Əgər uşaq bağçasında tərbiyəçi bu prinsipə riayət etməzsə, onun verdiyi bilik başa düşülməz və əməyi hədər gedər. Müvafiqlik prinsipi təlimin məzmununu, üsul və vasitələrini uşaqların səviyyəsinə uyğunlaşdırmağı tələb edir. Məsələn, kiçik qrupda uşaqların duyma qabiliyyəti, diqqəti, marağı və hafizəsi zəif olduğundan böyük qrupa nisbətən məşğələ daha çox oyunvari, qısa və əyani qurulmalıdır. Belə ki, uşaqların əməyini oyun otağında oyuncaqların öz yerlərinə səliqəli düzülməsi, artıq əşyaların yığışdırılması, bağça həyətində ağac yarpaqlarının və budaqlarının toplanması və s. işləri yerinə yetirməklə təşkil etmək olar. Burada əsas məsələ tərbiyəçinin həmin işlərin yerinə yetirilməsini əyani şəkildə göstərməsidir. Texnologiya məşğələlərində müvafiqlik prinsipi dörd mühüm didaktik qaydada ifadə olunur: a) məlumdan-məchula; b) asandan-çətinə; c) sadədən-mürəkkəbə; d) ümumidən-xüsusiyə. Məlumdan-məchula qaydası bu qaydaların içərisində ən mühümüdür. Bu, məchulu, uşağa bəlli olmayanı məlum əsasında öyrətmək deməkdir. Məsələn, əmək prosesinin yerinə yetirilməsində istifadə olunan əl alətləri haqqında heç bir təsəvvürü olmayan uşağa onları başa salmaq üçün qayçı, bıçaq, iynə və s. haqqındakı məlum təsəvvürlərindən istifadə edilir. Asandan-çətinə qaydası tələb edir ki, uşağa yeni bilik və bacarıq öyrədərkən asan üsul və anlayışlardan başlamalı və tədricən onlar çətinləşdirilməlidir. Sadədən-mürəkkəbə qaydası əmək təlimində sadə iş üsullarından və alətlərdən başlayıb, mürəkkəb iş üsullarına və alətlərinə doğru irəliləməyi tələb edir. Bu qaydanın tətbiqi uşaq bağçasında əyanilikdən geniş istifadə etməyi tələb edir. Ümumidən-xüsusiyə qaydası uşağa bilik və bacarıq verərkən, əvvəl bütöv haqqında təsəvvür yaradıb, sonra hissələri, detalları öyrətməyi tələb edir. Taxta kərpiclərdən ev maketi düzəldərək, uşaqlara əvvəlcə evin necə hazırlanacağı haqqında məlumat verdikdən və nümunə göstərdikdən sonra uşaqları işə qoşmaq lazımdır. Tikiləcək ev haqqında ümumi təsəvvür yaratdıqda sonra uşaqları onun bünövrəsi, divarları, üstünün örtülməsi işinə cəlb etmək səmərəli olar. Sistemlilik və ardıcıllıq prinsipi. Bu prinsipə görə bilik uşaqlara elə məntiqi ardıcıllıq və sistemlə öyrənilməlidir ki, əvvəlki bilik sonrakı üçün zəncirvari əlaqə rolu oynasın, onun möhkəm və asan mənimsənilməsinə kömək etsin. Sistematikliyə əməl etmədən elmi anlayışları uşaqlara mənimsətmək mümkün deyildir. Belə ki, hər bir elm özü müvafiq sistemlə qurulmuş biliklərdən ibarətdir. Hər elmin özünün sistemi var və təlim məşğələsi də həmin sistem əsasında qurulur. Sistematiklik prinsipi bacarıq və vərdişlərin qazanılmasında da özünü göstərir. Texnologiya məşğələlərində, plastilin və kağız üzərində işləyərkən uşaq əvvəlcə sadə əməliyyatlara yiyələnir, bunların əsasında isə daha çətin işləri görür. Tədricən uşağın bacarığı və vərdişlərin sayı, bundan sonra sürətlə və məhsuldar işləmək üçün şərait yaranır. Sistematiklik tək tərbiyəçinin təlim işinə aid deyil, o həm də uşağın şüurunda biliklərin, bacarıq və vərdişlərin sistemli olmasını tələb edir. Texnologiya məşğələlərində sadələr öyrənilir, onların əsasında mürəkkəbə doğru hərəkət edərək tədricən biliklər dərinləşir. Bu aşağıdakı mərhələlərdən ibarətdir. a. Bu və ya digər cismin və hadisədən əsas əlaməti seçib müəyyənləşdirmək, onun mahiyyətini açmaq (məsələn, əmək ictimai həyatda başlıca amildir, əməkdə insan üçün zəruri olan məhsullar istehsal olunur). b. Anlayışlar komponentlərindən əsasını seçib, bilik sisteminin ondan yarandığını müəyyənləşdirmək. Əmək komponentində başlıca cəhət insanın yaşaya bilməsi üçün zəruri olan məhsulların istehsal edilməsidir. Məqsədə materialın seçilməsi, alətlər, əmək fəaliyəti, əməkdən alınan nəticə və s.daxildir. Müxtəlif əmək növləri adamların tələbini ödəyir. Peşə adamlarının qarşılıqlı fəaliyyəti əmək məhsulunu hazırlamaqda mühüm cəhətdir. Şüurluluq və fəallıq prinsipi. Bilik o zaman möhkəm olur ki, o, şüurlu şəkildə mənimsənilsin və başa düşülsün. Şüurluluq və fəallıq olan yerdə fəaliyyət məhsuldar və hərtərəfli olur. Biliyi şüurlu mənimsəməyin bir çox şərtləri vardır ki, bunlar məkətəbəqədər yaşlı uşaqların əmək hazırlığı prosesində də özünü göstərir. Bunlardan biri uşaqların biliyi sübutlarla izah edə bilməsi, əşya və hadisələr arasındakı əlaqəni dərk etməkdən ibarətdir. Bu tərbiyəçinin uşaqlara biliyi sübut və dəlillərlə öyrətməsindən, onları aydın izah edib başa salmasından çox asılıdır. Bunun üçün o, uşaqların qarşısında: “İnsanlar nə üçün əməklə məşğul olurlar”, “Zəhmət çəkilməsə nə olar?” suallarını qoyur və onlarda öyrəndiklərinin əsasında müstəqil düşünməyə şərait yaratmağı, həm də onların fəallığına səbəb olur. Şüurlu biliyin mühüm əlamətlərindən biri də onu tətbiq edə bilməkdir. Bağçada uşaq öyrəndiyi qayda və qanunları tətbiq edə bilirsə, demək onun biliyi şüurludur. Uşaqlar əmək məşğələlərində bir sıra biliklərə yiyələnirlər. Onlar bilikləri əməli məşğələlərdə əməli olaraq icra etməklə müəyyən sadə vərdişlərə yiyələnirlər ki, bu da biliyin şüurlu olmasına kömək edir. Biliyin şüurlu mənimsənilməsinin bir əlaməti də uşağın öz biliyini yoxlaya bilməsidir. Uşaq gördüyü işin nəticəsini yoxlayıb qüsurlarını düzəldirsə, hazırladığı məmulatı əsli ilə müqayisə edib müsbət və nöqsanlı cəhətlərini görürsə, bu da uşağın öyrəndiklərinin şüurluluğuna və fəallığın olmasına kömək edir. Texnologiya məşğələsində təlimatlandırma tam şəkildə verildikdə, uşaqlar bir çox zehni əməliyyatdan və bacarıqlardan istifadə edirlər ki, bu da onların fəallığına səbəb olur. Məsələn, tərbiyəçi kartondan araba düzəltməyi tapşırır. Bunun üçün nümunə göstərir və bildirir ki, bu əvvəlki düzəltdikləri oyuncaqlara oxşayır. Bununla yanaşı o, uşaqlara əvvəlki əməliyyatlardan necə istifadə edəcəklərini qabaqcadan çatdırır. Beləliklə uşaqlar tərbiyəçinin rəhbərliyi altında əvvəlki bilik və bacarıqlar əsasında yeni əməliyyatı həyata keçirirlər. Əyanilik prinsipi. Əyanilik prinsipi təlimi mücərrəd sözlər üzərində deyil, uşaq tərəfindən bilavasitə qavranılan konkret əşyalar və hadisələr üzərində qurmağa deyilir. Məktəbəqədər yaşlı uşaqlara təlim prosesində əşyaların özünü, onların şəkillərini göstərmək olar. Məşğələ zamanı texniki vasitələrin tətbiqi, sxem və modellərdən istifadə etmək çox faydalı olur. Uşaq bağçalarının qabaqcıl tərbiyəçiləri əmək məşğələlərində əyanilikdən bacarıqla istifadə edirlər. İnsan həyatı ərzaq məhsulları ilə sıx bağlıdır. Ərzağın ən əvəzedilməzi və müqəddəsi çörəkdir. Çörək haqqında təsəvvürlər elə anlaşıqlı şəkildə aydınlaşdırılmalıdır ki, o uşaq beynində silinməz izlər buraxsın. Uşaqlarla məşğələni əyaniləşdirmək üçün söhbət belə aparıla bilər. Bilirsinizmi çörək süfrəyə gələnədək neçə mərhələdən keçir və insanlar nə qədər böyük əmək sərf edirlər. Çörəyin bişirilməsi və bununla əlaqədar təndirin gildən hazırlanmasını uşaqlara izah etmək məqsədəuyğun olar. Beləliklə uşaqlarda həm çörəyə məhəbbət və hörmət hissi oyanır, həm də əyani olaraq gillə işləmək həvəsi yaranır. Belə əyaniləşmiş məşğələlər uşaqların böyük marağına, fəallığına və əməksevərliyinə müsbət təsir göstərir. Fərdi yanaşma prinsipi. Məktəbəqədər qrupda olan uşaqların hər biri özünəməxsus fərdi xüsusiyyətlərə malik olur. Bu prinsip tərbiyə işində uşağın olduğu kimi-bütün xüsusiyyətləri, imkanları, üstün və zəif cəhətləri ilə birlikdə qəbul edilməsini nəzərdə tutur. Hər bir uşaq öz inkişafı, tərbiyəsi və mühitlə qarşılıqlı təsir imkanına malik olan xüsusi fərdi bir şəxsdir. Buna görə də hər bir konkret uşaqla münasibətdə onun öz fərdi, o cümlədən təbii imkanlarını tam dolğun şəkildə reallaşdırması üçün şərait yaradılmalıdır. Fərdi yanaşma prinsipinin mahiyyəti ondan ibarətdir ki, pedaqoji fəaliyyət uşağın fərdiliyini və maraqlarını nəzərə almağa yönəlib, bu əsasda qurulur və həyata keçirilir. Bu baxımdan fərdi yanaşma prinsipi ilə bağlı bəzi tələbləri gözləmək lazımdır: a) işə başlamazdan əvvəl uşağı yaxşı öyrənmək mühüm şərtdir. Belə ilkin diaqnostika uşağın fərdi xüsusiyyətlərini daha yaxşı üzə çıxarmağa imkan verir; b) pedaqoji iş prosesində hər bir uşaq üçün daha “rahat” şərait yaratmağa çalışmaq lazımdır. Pedaqoji müşahidələr göstərir ki, qrupda olan uşaqların heç də hamısının təfəkkürü, diqqəti, yaddaşı qavrayışı və s. eyni olmur. Onlardan biri görüb eşitdiklərini tez qavrayır, tez də unudur, digəri isə gec qavrayır, lakin öyrəndiyini uzun müddət yadında saxayır. Biri diqqətini yaşına uyğun bir işin üzərində xeyli saxlaya bilir, digəri bunu edə bilmir. Tərbiyəçi uşaqların bu üsusiyyətini nəzərə almasa, məşğələni lazımı səviyyədə qura bilməz. Ona görə də tərbiyəçi hər bir uşağın qüvvətli və zəif cəhətlərini vaxtında öyrənməli, qüvvətli cəhətlərini inkişaf etdirməli və onlara istinad edib çatışmazlıqları aradan qaldırmalıdır. Beləliklə fərdi yanaşma həm qabiliyyətli, həm zəif, həm də orta səviyyəli uşaqlara tətbiq etməlidir. 3. Texnologiya təlimi prinsiplərinin qarşılıqlı əlaqəsi. Hər bir texnologiya məşğələsi aparan tərbiyəçi yuxarıda qeyd edilən prinsiplərə əməl etməklə təlimdə müvəffəqiyyət qazana bilər. Müəllim unutmamalıdır ki, bu prinsiplər təlim prosesində didaktik vəhdətdə tətbiq olunur və bir-birini şərtləndirir. Belə ki, texnologiya məşğələlərində əyanilik bilik və bacarıqların şüurlu mənimsənilməsinə və möhkəm yadda qalmasına səbəb olur və təlimin müvafiqliyini təmin edir. Texnologiya məşğələsində şüurluluq əyaniliyin tətbiqini nəzərdə tutur, biliyin yadda möhkəm qalmasına kömək edir. Sistematiklik prinsipinin tətbiq edilməsi bilik və bacarıqların şüurlu mənimsənilməsini və uzun müddət yadda saxlanılmasını təmin edir. Bilik və bacarıqların əməklə əlaqələndirilməsi uşaqların öyrəndiklərinin tətbiq edə bilməsinə imkan yaradır və s. Beləliklə, texnologiya məşğələlərinin tədrisi prosesində bir prinsip o biri prinsiplərin tətbiqi üçün vasitə rolunu oynayır və onunla üzvü surətdə həyata keçirilir. Müəllim texnologiyanın tədrisi prosesində bu qanunauyğunluqlara əsaslanmalı və bu prinsipləri didaktik vəhdətdə həyata keçirərək, onların hamısına əməl etməlidir.


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin