11-Nə ağlın qüvvədən salınması və nə də “təşbih” (Allahı, Onun bəndəsinə oxşatmaq) düzgün deyildir
İlahi mərifətində ağlın qüvədən salınması olmadığı kimi, “təşbih” də, düzgün deyildir. Allahı, bəndələrinə oxşatmaq, bəndənin-məxluqatın sifətlərini Ona nisbət vermək doğru deyildir. Və eləcə də, Allahı tanıma yolunda insan ağlının tamamilə aciz və tətil olması da, qeyri-səhihdir. Bunların biri təfrit, digəri isə ifrata varmaq deməkdir.
İkinci fəsil İlahi Peyğəmbərlərinin nübüvvəti
Biz inanırıq ki, Allah-təala bəşəriyyətin hidayəti və insanları tələb olunmuş (nəzərdə tutulmuş) kamilliyə və əbədi səadətə yetirmək üçün peyğəmbərlər göndərmişdir. Əgər Allah öz peyğəmbərlərini bəşəriyyətin hidayəti üçün göndərməsəydi, bəşər və dünya öz yaranış hədəfinə yetişməz, uca kamilliyə çatmaq hədəfilə yaradılan insan, azğınlıq yollarında sərgərdan olaraq, nəfsinin yaratdığı çirkab bataqlıqlarında boğulardı, nəticədə Tanrının insanı yaratmaqda olan məqsədinin, hədəfinin mənasız olması lazım gələrdi. Qur`ani-kərim buyurur: “(Allah) müjdə verən və qorxuzan peyğəmbərləri göndərdi ki, ondan sonra insanların Allaha qarşı dəlilləri olmasın. (Sədət yolunu insanlara göstərərək, onlar üçün bir üzr yeri qoymasın). Allah güclü və hikmət sahibidir!” Bizim etiqadımız budur ki, Peyğəmbərlərdən beş nəfəri “Ülul-Əzm” yəni şəriət-din sahibi və Allah tərəfindən verilmiş “müqədəs kitaba” malikdirlər. onların əvvəlincisi həzrət Nuh (ə), sonra İbrahim (ə), Musa (ə), İsa (ə) və sonuncusu isə həzrət Məhəmməd (s)-dir.
“Əhzab” surəsinin 7-ci ayəsində buyurulur: “Xatırla o zamanı ki, peyğəmbərlərdən əhdi-peyman aldıq. Səndən, Nuhdan, İbrahimdən, Musa və Məryəm oğlu İsadan əhdi-peyman aldıq!” Digər ayədə isə buyurulur: “Ulul-Əzm peyğəmbərlər kimi, səbirli və dözümlü olun!”
(Əhqaf, 35)
Biz inanırıq ki, İslam Peyğəmbəri (s) Həzrət Məhəmməd (s) Ənbiyanın axırıncısı və ilahi peyğəmbərlərin sonuncusudur. Onun şəriəti bütün dünya üçündür və dünyanın sonuna qədər mövcud olacaq yeganə dindir. Yəni İslam təlimlərinin, hökmlərinin və İslam maarifinin hərtərəfli və universal olması, bir formada ki, dünyanın sonunadək bəşər övladlarının maddi və mənəvi cəhətlərdən olan bütün ehtiyaclarını təmin edəcək formada olması, bizə bu sözü söyləməyə haqq verir ki, İslam dini sonuncu din və İslam Peyğəmbəri (s) axırıncı peyğəmbərdir! Və o Həzrətdən sonra hər hansı bir kəsin etdiyi “peyğəmbərlik iddiası” puç və əsassızdır. Qur`ani-kərim buyurur: “Məhəmməd, siz kişilərdən heç birisinin atası deyildir. O, Allahın elçisi və peyğəmbərlərin axırıncısıdır. Və Allah hər bir şeydən xəbərdardır.” (Əhzab, 40)
Dostları ilə paylaş: |