25-Qur`an Həzrət Məhəmməd (s.ə)-in ən böyük möcüzəsidir
Qur`an İslam Peyğəmbərinin ən əhəmiyyətli möcüzəsidir. Təkcə fəsahət-bəlağət, bəyanın şirinliyi, axığı olması və yetiriciliyi cəhətindən deyil, həqiqətdə müxtəlif cəhətlərdən Qur`ani-kərim möcüzə sayılır (Bu barədə əqidə kitablarında geniş şəkildə bəhs olunmuşdur).
Maraqlıdır ki, heç kəs, Qur`an kimi bir kitab yarada bilməmişdir. Hətta indinin özünədək onun bir surəsi kimi bir yazı belə yaradılmamışdır. 14 əsrə yaxındır ki, dünyanın bütün alimləri, düşünən beyinləri Qur`an kimi bir kitab yaratmağa qadir deyildirlər. halbuki, Qur`an 14 əsrə yaxındır ki, bütün bəşəriyyəti mübarizəyə, özü kimi bir kitab yaratmağa çağırır. İsra surəsi, 88-ci ayədə buyurulur: “De ki, əgər insanlar və cinlər (bir yerdə) toplanalar, bu Qur`anın tayını (mislini) gətirmək istəsələr, hər nə qədər bir-birinə yardım etsələr də, onun tayını (mislini) gətirə bilməzlər.” Yaxud başqa bir ayədə buyurulur:
“Öz bəndəmizə nazil etdiyimiz Qur`ana şübhə edirsinizsə, siz də buna bənzər bir surə gətirin. Və doğru deyirsinizsə, Allahdan başqa olan sahiblərinizi də, çağırın!” (Bəqərə, 23)
Biz etiqadlıyıq ki, Qur`ani-kərim zaman keçdikcə köhnəlmir, əksinə dövran ötdükcə, bəşərin istedadı yüksəldikcə Qur`ani-kərimin bəhs etdiyi mövzular bəşərə daha da aydınlaşır. İmam Sadiq (ə) buyurur: “Allah-təala Qur`anı yalnız müəyyən bir qrup (dəstə) və xüsusi bir zaman üçün göndərməmişdir. Elə bu səbəbdən də, o hər bir zamanda təzə və hər bir qrupun (dəstənin) yanında qiyamət gününədək daha da, təravətlidir!” (“Biharül-ənvar”, c. 2, s. 280, hədis 44)
Dostları ilə paylaş: |