Qur`ani-kərimin göstərişlərinə əsasən, insan qərəzli, məntiqsiz, təəssübkeş şəxslərin əhatəsində olduqda, öz əqidəsini zahir etməklə canı, malı və abır-heysiyyəti təhlükəyə düşərsə və öz əqidəsini izhar etməyin heç bir faydası olmazsa, bu zaman o, öz əqidəsini gizlətməlidir. Müqəddəs dinimizdə bu əməl “Təqiyyə” adlanır. Qur`ani-kərimin göstərişlərindən əlavə, insan ağlı da “təqiyyə”nin məntiqə uyğun zəruriyyət olduğunu təsdiq edir. Qur`an Ali-Firondan olan bir mömün şəxsin barəsində buyurur: “Firon xanədanından olan, inancını (əqidəsini) gizlədən bir mömin kişi dedi: “Mənim Rəbbim vahid Allahdır” deyən və Rəbbiniz tərəfindən aydın dəlillərlə gələn bir kişini öldürürsünüzmü?!” (Ğafir, 28)
“İnancını (əqidəsini) gizlədən” ibarəsi aydın şəkildə “təqiyyə” məsələsinə işarə edir. Firon xanədanından olan bu mömin şəxsin öz əqidəsini aşkar edərək, heç bir mənfəət olmadan, canını təhlükə qarşısında qoymasına dəyərdimi?
İslamın ilkin çağlarında qərəzkar və dikbaş müşriklərin əhatəsində olan bəzi imanlı və cəsur müsəlmanlara, Qur`ani-kərim “təqiyyəni” əmr edərək, buyurur: “Möminlərin (öz) mömin qardaşlarından başqa, kafirləri də dost tutması rəva deyildir! Və bu cür əməl edən şəxs Allahla öz rabitəsini kəsmişdir. Onların şərindən xilas olmaq üçün, zahirdə onlarla (kafirlərlə) dostluq izhar edənlərdən (Təqiyyə edənlərdən) başqa.” (Ali-İmran, 28)
Beləliklə, təqiyyəyə (əqidənin gizlədilməsi) yalnız müsəlman şəxsin canı, malı, ya abırı radikal və qərəzli düşmənlərin qarşısında təhlükəyə düşən zaman (əqidəni izhar etməyin faydasız olduğu zaman) riayət olunmalıdır. Çünki bihudə və lazımsız olaraq müsəlmanların malını, canını və heysiyyətini hədərə vemək məntiqə uyğun bir iş deyildir. Elə bu səbəbdən də, İmam Sadiq (ə) buyurur: “Təqiyyə möminin özünü müdafiə etdiyi qalxandır!” (Vəsail, c 11, s. 461, fəsl 24, hədis 6) “Qalxan” (sipər) kəlməsi xüsusi incəliklə təqiyyənin müsəlmanlar üçün, həqiqətdə, zalım və rəhimsiz düşmənlərin müqabilində müdafiə vəsiləsi olduğunu yetirir. Təqiyyə Qur`ani-kərim tərəfindən də təsdiq olunmuşdur; Nəhl, 106, Ğafir, 28, Ali-İmran, 28-Mütərcim.
Əmmar Yasirin (Peyğəmbər (s.ə)-in ən yaxın səhabələrindən biridir) müşriklər müqabilində təqiyyə etməsi və İslam Peyğəmbərinin (s) bu işi təyid etməsi, ən məşhur hədislərdə nəql olunmuşdur.36 Təqiyyə şəriətin və ağlın tələbi olaraq, təkcə şiə tərəfindən deyil, bütün dünya müsəlmanlarının, bütün ağıllı şəxslərin lazım olan zaman istifadə etdikləri bir əməldir.
Təəccüblüdür ki, bəzi şəxslər təqiyyə məsələsini təkcə şiə müsəlmanlarına və Əhli-beyt (ə) ardıcıllarına nisbət verərək, onlara qarşı müxtəlif iradlar irəli sürürlər. Bir halda ki, təqiyyənin Qur`ani-kərim, Peyğəmbər (s.ə) və imamlar (ə) tərəfindən (həmçinin ağlın tələbi olaraq) aydın bir məsələ olduğu hamıya məlumdur. Bu dünyanın bütün ağıllılarının əməl etdikləri bir vəzifədir. Təqiyyə dinin tələbi və zamanın reallığıdır.
Dostları ilə paylaş: |