3. Tövhide-əfali (fellərdə Tövhid):
Dünyada baş verən hər iş, hərəkət və hər bir varlığın təsiredici qüvvəsi Allah-təalanın iradəsinə bağlıdır. Və Onun iradəsindən çeşmələnir. Qur`ani-kərim buyurur: “Allah-təala hər bir şeyin yaradanıdır və bütün varlıqlara nəzarət edən Odur!” (Zumər, 62) Yaxud başqa bir ayədə buyurulur: “Göylərin və yerin açarları Ona məxsusdur. (bütün işlər Onun qüdrətinə bağlıdır.)” (Şura, 12)
Bəli, Allahdan qeyri heç bir təsir qoyan qüvvə yoxdur! Lakin bu bizim işlərimizdə, əncam verdiyimiz əməllərimizdə məcbur olmağımız mənasında deyildir. Hər bir insan öz əməllərini əncam verməkdə və qərar qəbul etməkdə azaddır. Necə ki, Qur`ani-kərim buyurur: “Biz insana doğru yolu nişan verdik. İstər şükür etsin, istərsə də küfr etsin!” (İnsan, 3) Yaxud; “Və gerçəkdə insan üçün öz səyindən başqa mükafat yoxdur.” (Nəcm, 39)
Qeyd olunan ayələr aşkarcasına bəyan edir ki, insan azad iradəyə malikdir. Lakin bu azad iradəni və qüdrəti ona öz Rəbbi vermişdir. İnsanın bütün işləri Allahın ona bəxş etdiyi iradə və bacarıq vasitəsi ilə baş tutur. Deməli, bizim əməllərimiz Allaha istinad olunaraq bir növ, həqiqətdə ona bağlıdır. Və bu bağlılıq bizim əməllərimizə görə daşıdığımız məsuliyyəti heç də azaltmır.
Əziz oxucu, Allah iradə etmişdir ki, biz öz əməllərimizi azad ixtiyara malik olaraq əncam verək və bu vasitə ilə, Allah-təala, insanları imtahana çəkərək onları “mənəvi təkamül” yolunda ucaltmaq istəmişdir. Çünki yalnız azad iradəyə malik olan insan, öz ixtiyarı ilə Tanrıya itaət etdikdə, ilahi kamilliyə ucala bilər. Əgər Allah insanı heç bir ixtiyara və azad iradəyə sahib etməsə və onu öz əməllərində məcbur edərsə, insanın əməlləri heç bir dəyərə malik olmayacaqdır. Azad iradə sahibi olmayan, yalnız vasitə-alət rolunu oynayan insanın icbarən gördüyü işlər onun yaxşı və pis olmasına heç bir şəkildə dəlalət edə bilməz.
Əslində əgər biz insanlar, əməllərimizi əncam verməkdə məcbur olsaydıq, peyğəmbərlərin gəlişi müqəddəs kitabların göndərilməsi və həmçinin dini hökmlər, təlim-tərbiyə və s. puç və mənasız bir iş olardı. Cənnət-cəhənnəm, cəza və mükafat mənasız bir iş sayılardı. Bu bizim Əhli-beyt (ə)-dan öyrəndiyimiz bir əqidədir; “İnsanın əməllərində mütləq şəkildə icbar yoxdur. Həmçinin, insanın öz əncam verdiyi işlərdə tam azad olduğu (Allaha heç bir ehtiyacı olmamağı) səhv bir əqidədir. Həqiqətən bu iki əqidənin arasında mötədillik; “Nə icbar, nə sırf azadlıq doğru deyildir. İnsan Allaha ehtiyaclı olaraq öz işlərində azad iradəyə malikdir.”
Dostları ilə paylaş: |