Qur`ani-kərimin göstərişlərinə əsasən, insan qərəzli, məntiqsiz, təəssübkeş şəxslərin əhatəsində olduqda, öz əqidəsini zahir etməklə canı, malı və abır-heysiyyəti təhlükəyə düşərsə və öz əqidəsini izhar etməyin heç bir faydası olmazsa, bu zaman o, öz əqidəsini gizlətməlidir. Müqəddəs dinimizdə bu əməl “Təqiyyə” adlanır. Qur`ani-kərimin göstərişlərindən əlavə, insan ağlı da “təqiyyə”nin məntiqə uyğun zəruriyyət olduğunu təsdiq edir. Qur`an Ali-Firondan olan bir mömün şəxsin barəsində buyurur: “Firon xanədanından olan, inancını (əqidəsini) gizlədən bir mömin kişi dedi: “Mənim Rəbbim vahid Allahdır” deyən və Rəbbiniz tərəfindən aydın dəlillərlə gələn bir kişini öldürürsünüzmü?!” (Ğafir, 28)
“İnancını (əqidəsini) gizlədən” ibarəsi aydın şəkildə “təqiyyə” məsələsinə işarə edir. Firon xanədanından olan bu mömin şəxsin öz əqidəsini aşkar edərək, heç bir mənfəət olmadan, canını təhlükə qarşısında qoymasına dəyərdimi?
İslamın ilkin çağlarında qərəzkar və dikbaş müşriklərin əhatəsində olan bəzi imanlı və cəsur müsəlmanlara, Qur`ani-kərim “təqiyyəni” əmr edərək, buyurur: “Möminlərin (öz) mömin qardaşlarından başqa, kafirləri də dost tutması rəva deyildir! Və bu cür əməl edən şəxs Allahla öz rabitəsini kəsmişdir. Onların şərindən xilas olmaq üçün, zahirdə onlarla (kafirlərlə) dostluq izhar edənlərdən (Təqiyyə edənlərdən) başqa.” (Ali-İmran, 28)
Beləliklə, təqiyyəyə (əqidənin gizlədilməsi) yalnız müsəlman şəxsin canı, malı, ya abırı radikal və qərəzli düşmənlərin qarşısında təhlükəyə düşən zaman (əqidəni izhar etməyin faydasız olduğu zaman) riayət olunmalıdır. Çünki bihudə və lazımsız olaraq müsəlmanların malını, canını və heysiyyətini hədərə vemək məntiqə uyğun bir iş deyildir. Elə bu səbəbdən də, İmam Sadiq (ə) buyurur: “Təqiyyə möminin özünü müdafiə etdiyi qalxandır!” (Vəsail, c 11, s. 461, fəsl 24, hədis 6) “Qalxan” (sipər) kəlməsi xüsusi incəliklə təqiyyənin müsəlmanlar üçün, həqiqətdə, zalım və rəhimsiz düşmənlərin müqabilində müdafiə vəsiləsi olduğunu yetirir. Təqiyyə Qur`ani-kərim tərəfindən də təsdiq olunmuşdur; Nəhl, 106, Ğafir, 28, Ali-İmran, 28-Mütərcim.
Əmmar Yasirin (Peyğəmbər (s.ə)-in ən yaxın səhabələrindən biridir) müşriklər müqabilində təqiyyə etməsi və İslam Peyğəmbərinin (s) bu işi təyid etməsi, ən məşhur hədislərdə nəql olunmuşdur.36 Təqiyyə şəriətin və ağlın tələbi olaraq, təkcə şiə tərəfindən deyil, bütün dünya müsəlmanlarının, bütün ağıllı şəxslərin lazım olan zaman istifadə etdikləri bir əməldir.
Təəccüblüdür ki, bəzi şəxslər təqiyyə məsələsini təkcə şiə müsəlmanlarına və Əhli-beyt (ə) ardıcıllarına nisbət verərək, onlara qarşı müxtəlif iradlar irəli sürürlər. Bir halda ki, təqiyyənin Qur`ani-kərim, Peyğəmbər (s.ə) və imamlar (ə) tərəfindən (həmçinin ağlın tələbi olaraq) aydın bir məsələ olduğu hamıya məlumdur. Bu dünyanın bütün ağıllılarının əməl etdikləri bir vəzifədir. Təqiyyə dinin tələbi və zamanın reallığıdır.
67-Təqiyyənin haram (qadağan olan) yerləri
Söylənilən anlaşılmazlıqların əsası, kökü və şiə əqidəsindən yetərincə məlumatın olmamağı, bu əqidənin bəzi nadan və ifratçı (qərəzli) mənbələrdən öyrənilməsidir. Ümidvarıq ki, yuxarıda dini mənbələrə əsaslanaraq, söylədiklərimiz şərhlər məsələni olduğu kimi aydınlaşdırdı.
Əlbəttə inkar ediləsi deyildir ki, bəzi vaxtlarda təqiyyə etmək haramdır. İslam dininin əsasları və Qur`ani-kərim təhlükə qarşısında olan zaman təqiyyə etmək lazım deyildir. Hətta insanın canı, malı və abrı təhlükəyə düşsə də, öz əqidəsini izhar etməklə, onun qurbanına çevrilsə də, dinin təhlükədə olduğu bir vaxt təqiyyə etməməlidir! İmam Hüseyn (ə) Kərbəla çölündə, aşura günü məhz bu hədəfi əsas tutaraq şəhid oldu. Çünki Peyğəmbərin (s) və İslamın düşməni olan Bəni-Üməyyə dinimizin əsaslarını ayaq altına alaraq, İslamı yer üzündən silmək niyyətində idilər. İmam Hüseyn (ə) isə öz şəhadətilə onların bu fitnəsini faş edərək, İslamı ən böyük təhlükədən qorudu.
68-İslamda ibadət
Biz Qur`an və sünnədə təkid olunmuş bütün ibadətlərə etiqadlıyıq. Gündəlik namazlar (ki, insanla Tanrının ən əhəmiyyətli rabitəsidir), Ramazan ayının orucu (ki, iman qüvvəsinin gücləndirməsi və ruhun paklanmasına, nəfsani istəklərlə olan ən gözəl mübarizədir) etiqadlı olduğumuz ən əhəmiyyətli ibadətlərdəndir.
Biz Həcc ziyarətini təqvanın ən təsirli amillərindən biri kimi tanıyaraq, onu müsəlmanlar arasında dostluq əlaqələrinin möhkəmlənməsi səbəbi (vəhdəti) və bütün dünya müsəlmanlarının izzəti hesab edirik. İmkanı olan hər bir müsəlmanın ömründə bir dəfə “Allahın evi” adlanan “Kəbəni” ziyarət etməsi vacibdir.
Biz zəkat, xüms, yaxşılığa əmr etmək və pislikdən çəkindirməyi vacib əməllərdən sayırıq.
Doğrudur, bu əməllərin bəzi xırdalıqlarında bizimlə digər məzhəblər arasında fərqlər mövcuddur. Necə ki, Əhli-sünnətin dörd məzhəbi arasında da ibadət və digər bölmələrdə fikir ayrılıqları mövcuddur.
69-Gündəlik namazlar
Bizim əqidəmizə əsasən zöhr və əsr yaxud məğrib və işa namazlarını müştərək bir vaxtda ardıcıl qılmaq caizdir. Və bu isə Peyğəmbər (s.ə) tərəfindən zəhmət və əziyyətə düşən şəxslərə namazın asan-zəhmətsiz olması üçün icazə verilmişdir.
Sihihi-Termizidə ibni Abbasdan belə nəql olunur: “Peyğəmbər (s.ə) Mədinə şəhərində, zöhrlə əsr, həmçinin məğrib və işa namazlarını birlikdə qıldı. Bir halda ki, nə (düşməndən, oğrudan və s.) qorxu və nə də yağış (təbii fəlakət) var idi!” İbni Abbasdan soruşdular: “Peyğəmbər nə üçün bu namazları birlikdə qıldı?” Dedi: “Bunu öz ümmətini çətinliyə (zəhmətə) salmamaq üçün etdi.” (Yəni bu namazları ayrı-ayrı vaxtda qılmaq zəhmətə səbəb olarsa, onları birlikdə qıla bilərsiniz) (Sünəni-Termizi, c. 1, səh 954, fəsl 138, Sünəni-Beyhəqi” c. 3, s. 167)
Xüsusilə müasir dövrdə, ictimai həyatda müxtəlif idarələr, fabrik, zavodlar və cürbəcür fəaliyyət mərkəzlərində aktiv iş rejimi geniş vüsət almışdır. Gündəlik namazların beş müxtəlif vaxtda, ayrı-ayrı qılması bəzi müsəlmanların namazı tərk etməsinə səbəb olur. İslam Peyğəmbərinin (s) gündəlik namazlar barəsində verdiyi bu icazə, uzun müddətli iş prosesindən yorulan bir çox müsəlmanlara öz namazlarında daha diqqətli və davamlı olmaq imkanı verir.
Dostları ilə paylaş: |