12 mərtəbəli seksiyanın tüstülənməyən pilləkəninin planlaşdırılması.
Seksiyalı binalarda mənzilə giriş, bir qayda olaraq, bilavasitə pilləkən qəfəsindən həll olunur.
Soyuq iqlimli rayonlarda pilləkən qəfəsinə və ya dəhlizə girişdə dərinliyi ən az 1,2m olan tambur (küləkboğan) yerləşdirmək vacibdir. Tamburun (küləkboğan) qapıları bayıra açılmalıdır.
Pilləkənlər çoxmərtəbəli yaşayış binasının ən vacib elementlərindəndir. Pilləkənlərin binada yeri, onların forması, marşların maililiyi binanın ümumi planlaşdırma quruluşundan, mərtəbələrin sayından, liftlərin olub-olmamasından asılıdır. Pilləkənlərin düzgün həll olunması uyğun rahatlıq yaradır və binanın iqtisadi cəhətinə və onun istismarına təsir göstərir.
Müasir yaşayış binalarının kütləvi tikintisində bir-, iki-, üçmarşlı pilləkən tətbiq edilir. Xarici ölkələrin təcrübəsində tez-tez dairəvi, yarımdairəvi və oval formalı döngə meydançaları olan pilləkənlərə rast gəlinir. Liftsiz binalarda, bir qayda olaraq, daha sadə ikimarşlı pilləkənlər tətbiq edilir, onların elementləri maksimum standartlaşdırılır. Bir marşda pillələrin sayı üçdən az və on səkkizdən çox olmamalıdır. Pilləkənlər yanmayan (odadavamlı) divarları olan pilləkən qəfəsində yerləşdirirlər. Pilləkən qəfəsləri mərtəbələrdəki vestibüllərdən, ümumi koridor və ya qalereyalardan (planlaşdırma quruluşuna uyğun olarsa) qapalı və ya şüşə qapılarla ayrılır.
Ölkəmizin yaşayış tikintisində pilləkən qəfəsləri əsasən təbii işıqla işıqlandırılır. Xarici təcrübədə pilləkənlər çox vaxt, yalnız süni işıqla işıqlandırılır. Bu halda pilləkənlərdən istifadə edənlər üçün çətinlik yaranır, lakin seksiyaların planlarının iqtisadi (qənaətli) həllinə imkan yaradır. Bir seksiyalı (qüllə tipli) doqquz mərtəbə hündürlüyündə olan binalarda da bir pilləkən nəzərdə tutulur. Lakin qeyd edək ki, altı-doqquzuncu mərtəbələrdə bilavasitə balkon və ya ona bitişik mənzilin balkonundan xarici yanğın pilləkəninə çıxış olmalıdır.
10-16 mərtəbə hündürlüyündə yaşayış evlərində bir adi pilləkən quraşdırmağa yalnız o zaman yol verilir ki, bir mərtəbədə 4-dən çox mənzil olmasın və hər mərtəbədəki yaşayış sahəsi 300m²-dən çox olmasın.
Mərtəbədə yaşayış sahəsi böyük olduqda, yüksək mərtəbəli yaşayış binalarında, onların planlaşdırma quruluşundan asılı olmayaraq tüstülənməyən pilləkənlər quraşdırmaq lazımdır. Onların fərqli cəhəti odur ki, pilləkənə bütün mərtəbələrdən çıxış yalnız tambur vasitəsilə həyata keçirilir, pilləkən qəfəsinin bir divarı isə balkon və ya lociya açılır. Belə planlaşdırmada bir pilləkən olmasına icazə verilir.
Koridor və qalereya planlaşdırma quruluşu olan binalarda ümumi koridor və qalereyaların, bir qayda olaraq, iki pilləkənə çıxışı olmalıdır, bu da mənzil çıxışlarından pilləkənə qədər maksimum yol verilən məsafəni müəyyənləşdirir.
Mənzilin qapısından ən yaxın pilləkən qəfəsinə qədər olan ən böyük məsafə cədvəl-ə əsasən qəbul edilir.
Dostları ilə paylaş: |