İki səviyyədə mənzilləri olan evlərin yaşayış sahəsi 50m²-dən çox olduqda tikmək məqsədəuyğundur (bir səviyyədə tikilən belə evin çox böyük tikinti sahəsi olardı). Evin iki səviyyədə yerləşdirilməsi verilən sahədən qənaətlə istifadə etmək imkanını yaradır. Belə evlərin həcm-məkan həlli bir neçə tipdə də ola bilər. Kəskin maili damı olan mansardlı evlərdə çardaq məkanından yaşayış məqsədi ilə istifadə olunur.
Mansard mərtəbəsinin hündürlüyü əsas mərtəbə hündürlüyündən az olur, bəzən tavanın yan müstəviləri maili olur. Bu müstəvilərə qədər divarın hündürlüyü 1,6m-dən az olmamalıdır. Evin natamam ikinci mərtəbəsi birmeylli damın yüksək hissəsində yerləşdirilir. Bu zaman yuxarı mərtəbə minimum hündürlüklü olur (2,3 -2,4m), çox hallarda tavan maili olur.
İki səviyyədə yerləşdirilən birmənzilli evlərdə eyvan olması adətdir ki, bu halda ikinci mərtəbədə, onun üstündə çox vaxt balkon yerləşdirilir. Bir mənzilli evlərin planlaşdırılmasının bütün növləri dəhliz və sanitar qovşaqlarında təbii işıqlanma və küləklənmə yaradılmasını mümkün edir. Bu mənzilin istifadə və sanitar-gigienik keyfiyyətlərini artırır.
Kənd yaşayış evlərini layihələşdirən zaman məişətlə sıx bağlı olan xalq adət-ənənələrini və iqlim xüsusiyyətlərini nəzərə almaq lazımdır. Belə ki, isti cənub rayonları üçün xarakterik xalq ənənəsi yay mətbəxlərinin bayıra çıxarılmasıdır. Bəzi rayonlarda daxili həyətlər xarakterikdir.
Dostları ilə paylaş: |