- Nə olub? Nə qədər rövzə oxuyursunuz?
Onun hədəsi ilə susduğumuzu düşünməsin deyə bir dəfə də oxuduq. Bitdikdən sonra əlifba sırasını alan sağ tərəfdən zərbələr gəlməyə başladı:
“Qadın bir əli ilə beşiyi, digər əli ilə dünyanı yelləyir”.
Afərin! Nə uzun cümlədir, nə qədər zəkalıdırlar! O qədər heyrətlənmişdik ki, bilmirdik haradan soruşaq, nə soruşaq. Həm gülürdük, həm ağlayırdıq. Başımız nə qədər qarışmışdı. Bir ayağımız sağ divarda, bir əlimiz sol divarda idi. Onlar soruşurdular, biz soruşurduq. Zindanı və zindan qanunlarını unutmuşduq. O gün gecədən xeyli keçincə divara vurur, deyir və dinləyirdik. Hər iki tərəfimizdən xəbərdar olduq. Yavaş-yavaş xəbərsizlikdən çıxdıq. Anladıq ki, sağ səmtdəki kamerada altı elmlər doktoru, mütəxəssis məhbus var. Onlar laboratoriya bilikləri üzrə mütəxəssis Doktor Hadi Əzimi, ümumi cərrahiyyə mütəxəssisi Abbas Paknijad , uşaq xəstəlikləri üzrə mütəxəssis Doktor Rəsul Ərşad , qadın xəstəlikləri üzrə mütəxəssis Doktor Hadi Biqdeli , ortopediya mütəxəssisi Doktor Seyid Əli Xaliqi , hüquq elmlər doktoru Rəcəbəli Kuhparə və ağayi Abbasi idilər.
Doktor Əzimini tapanda əsirliyin ilk saatlarındakı xatirələr, yaralı gözləri, xüsusi təyinatlı Mirzəfərcuyanın və Məcid Cəlalvəndin yaralı olması anları gözümün önündə canlandı. Doktorun da heç kimdən heç bir xəbəri yox idi. Sol kamerada isə digər beş əsir qardaş var idi. Onlar Mühəndis Məhəmməd Əli Zirdbani, Mühəndis Firidun Yəmin, Mühəndis Əli Cəfəri, Mühəndis İbrahim Ramazanzadə (bu dörd nəfər Neft şirkətinin mühəndisləri idilər) , Mahmud Şərafəti (pasdar idi) , livanlı Macid Süleyman , Əliəsğər İsmaili (neft nazirinin sürücüsü) və Neft şirkətinin işçilərindən Şükrüllah qardaş idi. Neft nazirinin və yoldaşlarının sağ olduğunu, ağır və dözülməz işgəncələrə müqavimət göstərdiyini təsdiqlədilər. Adətən eşidilən azan səsi neft nazirinin müavini Seyid Möhsün Yəhyəviyə aid idi. Onunla qonşu kamerada da Bəhruz Buşəhri qalırdı. O, bəzən bizim şüarlarımızı alqışlayır və bizi həvəsləndirərək deyirdi: “Zeynəb bacılarım, afərin sizə!”
Öz qardaşlarımızın əhatəsində olduğumuz üçün aramlıq və qürur hiss edirdik. Amma onların həbsdə olması bizə çox əzab verirdi. Kameranın açılıb-bağlanması, hətta BƏƏSçilərin baxışları onların nəzarəti altında idi. BƏƏSçilər zəncirdə olan qardaşların qeyrətindən qorxur və bizə çəp baxa bilmirdilər. Hər dəfə BƏƏSçilər kameramızın qapısını açanda bir nəfərin fəryad etdiyini eşidirdik: “Allah tərəfindən kömək və yaxın qələbə gözlənir”. Digər uşaqlar da cavab verirdilər: “Möminlərə müjdə ver!” Bizim kameramızın açılmasına həssaslıq göstərənin kim olduğunu bilmirdik. Amma sonralar anladıq ki, o neft naziri Məhəmməd Cavad Tondquyandır.
İndi artıq ər-Rəşid zindanında həbs olunan nəfəslər aram-aram sıxıntılarımızın arasından yol açır, ağır əsarət yükünü aramızda bölürdü. Artıq dözülməz saniyələri saymaqdan xilas olmuşdum. Doktor Əzimini tapmağıma sevinmişdim. Çünki o, əsirliyin ilk anlarından anladı ki, şərafət azadlıq qiymətinə də satılmayacaq dəyərli bir gövhərdir.
Cümə günü sübh idi. Ətraf kameralarımızı iranlı əsirlərlə doldurduqları üçün şad və razı idik. Onların orada olması varlıqları ilə hər yerdə tam təhlükəsizlik hiss etdiyim qardaşlarımı yadıma salırdı. Əsirlikdə də bu qədər qardaşım var idi. Hamısına təşəkkür etmək və demək istəyirdim ki, qardaşlar, mərdliyinizə afərin! Afərin ki, nazirdən, vəkildən tutmuş İsmayıl Yəxiyə qədər belə mərifətlisiniz! Çığırmaq istəyirdim ki, nəhayət biz itkinlər bir-birimizi tapdıq. İlahi, Sənə çox minnətdaram, Sənə şükürlər olsun!
Cümə günlərinin səhərini xatırladım. Ağa hamımızı cərgə ilə oturdar, rəhili (kitab oxumaq üçün altlıq) və Quranları qarşımıza qoyardı. Əlləri cibində qonaq evinin bir küncündə əzəmət və vüqarla dayanar, tək-tək səsimizi və avazımızı yoxlayardı. Kim daha yaxşı və ifadəli oxusaydı, rəhilinin yanına 1 rialdan 5 riala qədər qoyardı. Bizim gözlərimiz Quran rəhlindən daha çox Ağanın əllərində idi ki, cibindən nə vaxt çıxaracaq, bizim payımız neçə birriallıq, ikiriallıq və ya beşriallıq sikkə olacaq. Çünki nə qədər ki, pulu vermirdi, oxumalı idik. Allahtərəfi, beşriallıq hər dəfə cığallıqsız Rəhman və Kərimə düşürdü. Həzin və könüloxşayan şəkildə oxuyurdular. Qərara aldım ki, uca səslə Həmd surəsini tilavət edim. Öncə belə bir söhbət oldu ki, şəriət, əxlaq, təhlükəsizlik və s. baxımdan bu iş doğrudur, ya yox? Amma Allah kəlamını oxumağa razılaşdığımız üçün başladım. Əbdül-Basit olduğumu hiss etdim. Nəfəsimin yetdiyi, hülqumumun gücü çatdığı qədər Həmd surəsini avazla oxudum. Həmin fasilədə öncə gözətçi, sonra isə məlum özünü yaraşıqlı sanan və bizim Alen Çulen adlandırdığımız baş gözətçi sürətlə özünü yetirdi. Alen Çulen nəfəsliyi açıb dedi:
- Bülbül olmusan? Səsini kəs!
Əl-ayağa düşmüşdülər. Qapını açdılar və kabellərlə dər-divara vurdular ki, qorxu yaratsınlar. Amma mən qapının açılmasına və səsin bayıra daha yaxşı gedəcəyinə sevindim. Növbəti həftələrdə bacılar ovucuma bir rial qoymadan onlar üçün istədikləri surələri oxuyurdum. Amma Quranımız yox idi və mən yalnız 30-cu cüzü əzbər oxuya bilirdim.
Ondan sonra BƏƏSçilər hərəmizə bir ad qoymuşdular. Bəzən adımı çağırmaq əvəzinə “Bülbül” deyirdilər.
Biləndə ki, bütün korpus bizim burada olmağımızı anlayıb, artıq davam etmədim. Səhər yuxudan durub namaz qıldıqdan və iplə tullandıqdan sonra radionu yandırırmış kimi divara qaçırdıq. Hər şeydən və hər yerdən danışırdıq. Mühəndislərin divarından daha çox siyasi və təhlükəsizlik xəbərlərini alırdıq. Doktorların divarından isə vücudumuzda ümid pöhrəsini solmağa qoymayan hədis və rəvayətlər dinləyirdik. İnsanların yalnız başını, onu da bir qarış enində kiçik bir nəfəslikdən görməyə adət etmişdik. Üzü iri olanların isə yalnız gözləri ilə ağızları arasındakı məsafə görünürdü. Qapı açılanda və onların cüssəsini tam görəndə divlər haqqında nağıllar və möcüzələr adası yadıma düşürdü. Artıq, olduğumuz yerin hara olduğunu tapmışdıq. Anlamışdıq ki, İraqın Təhlükəsizlik idarəsinin binalarından birində saxlanılırıq. Ümumilikdə pasdar (Xomeyni keşikçisi), hərbçi, rütbəli, pilot və ya sistemin aparıcı qüvvələrindən olan çox sayda əsir burada saxlanılır. Amma müharibənin davam edib-etmədiyini hələ bilmirdik. Bilmirdik ki, qonşular deməyi məsləhət görmürlər, yoxsa həqiqətən bilmirlər. Buna görə də bizə Xürrəmşəhr və Abadan kimi sərhəd şəhərlərin hansı vəziyyətdə olması haqqında heç bir şey demirdilər. İndi artıq bir ailə kimi böyümüşdük və hətta yuxularımızı da təfərrüatı ilə bir-birimizə danışırdıq. Morze üsulunda sürətimiz o qədər çoxalmışdı ki, xəbərdən təhlilə çatmışdıq. Neft şirkətinin mühəndislərinin kamerasından sonra neft nazirinin müavinləri Yəhyəvi və Buşəhrinin kamerası yerləşirdi. Neft nazirini gətirdikdə biz 11-ci kamerada idik. Ehtimal edirdik ki, Mühəndis Tondquyanın yerini dəyişməyiblərsə, 11-ci kamera ilə üzbəüz cərgədə olmalıdır.
1981-ci ilə qədər Quran, şüar və fəryad səsləri eşidirdik. Bu məlumatları əldə etmək məsuliyyət və vəzifəmiz artırırdı. Mütləq cəhalət sual doğurmur. Sual bilik və məlumat dünyasından baş qaldırır. Bizi haqsız və qanunsuz olaraq öz torpağımızda oğurlamışdılar. Qanunsuz yerdə saxlayırdılar. Beynəlxalq qanunların əksinə olaraq bizi gizlədir və itkin adı qoyurdular.
Dəfələrlə bu sözü özlüyümdə təkrarlayır və deyirdim: “Mən necə itkin düşə bilərəm? Onda demək biz basdırılmışıq. Bu sözü kim icad etmişdir? Onu hansı əsasla uydurmuşlar? Yəni, artıq mənə aid heç bir nişanə yoxdur? Yəni, mənim şəxsiyyət vəsiqəm sağ olduğum halda etibarsızlaşdırılmışdır? Məni necə torpağa basdırıblar? Mənim torpağımda kim yatmışdır? Mənim ölümümü kim görmüş, məni kim yumuş, kimliyimi necə itirmişəm? Bəlkə mən başqa bir adama çevrilmişəm? Elə bir adam ki, kiminsə ondan xəbəri yoxdur. Bu həyatı heç bir etiraz olmadan və sakitcə davam etdirmək zülmü, qanunsuzluğu, tədrici ölümü və itkin düşməyə, dəfn olunmağa təslim olmağı qəbul etmək idi.
O ilin ramazan ayı gəlib çatdı. Aldığımız yemək iftar və obaşdanlıq arasında bölüb, oruc tuta biləcəyimiz qədər idi. Ümumilikdə günorta yeməyini obaşdanlıq, şam yeməyini isə iftar üçün saxlayırdıq. Proqrama görə iftara bir saat qalmış pomidor suyu kasasının ətrafında otururduq. Hər kəs öz əhvalına görə dua oxuyurdu. Dua oxumağımız bəzən bir saat çəkirdi. O gün Həlimənin dua oxumaq növbəsi idi. Dua halına qərq olmuş, başımızı və əllərimizi səmaya yönəltmişdik. Mədəmizin iniltilərinə etina etmədən cani-dildən dua oxuyur, hacət diləyirdik. Başımı bir anlıq aşağı saldım və xuruş kasalarının arasında iki barmaq buğumu boyda bir heyvan bayıra atıldı. Bacıların ruhani əhvalını pozmağa qıymadım. Onlar bir şey görməmişdilər. İftar zamanı nə qədər israr etdilərsə də dedim: “İndi iştaham yoxdur. Mənim üçün bir az saxlayın, bir-iki saat sonra yeyərəm”.
Özlüyümdə dedim ki, xuruş dibə çatanda siçanın izi məlum olacaq. Ağıllarına gəlməyən yeganə şey qabın dibindən siçan fəzləsinin meydana çıxması idi. Necə olursa olsun, iftar yeməyini yeməkdən yayındım. Payıma düşən çörək parçası ilə kifayətləndim. İftardan sonra bacılara dedim:
- Artıq biz tək deyilik. Bizə başqa bir neçə qonaq da əlavə olunmuşdur.
- Necə yəni? Yuxuda ilhammı almısan?
- İraqlı, ya iranlı?
- İraqlı.
- Kişi, ya qadın?
- Həm kişi, həm də qadın.
Qısası, iyirmi suallı qrup oyununa çevrilmişdi. Məsələnin nə olduğunu dedikdə hərəsi bir söz dedi:
- Sən öz gözlərinlə gördünmü?
- Axı, siçan özünü qaranlıqda və sakit yerlərdə göstərir, burda yox.
Hava qaraldı və biz siçanları görmək üçün pusquda dayandıq. Gördük ki, bəh bəh, bir deyil, iki deyil, on deyil! Sən demə bura siçan yuvası imiş. Siçanlar bizim orada olmağımıza məhəl qoymurdular. Hamısı eyni ölçüdə və kiçik idi. Bəzisi adyalın bir küncünü çeynəyirdi. Bəzisi vedrənin içindəki çörək qalıqlarını yeyirdi. Bəzisi də bir küncdə başmaqlarımızı dişinə çəkmişdi. Vicdansızlar ipimizi də çeynəmişdilər. Onlardan birinin xuruş kasasına necə düşməsi bizim üçün ciddi həyəcan siqnalı idi. Növbəti gün qapını döydük və burada siçan olduğunu dedik.
- Bura davamlı dezinfeksiya olunur, - deyə, yöndəmsiz gözətçi inamsızlıq və təəccüblə dedi və qapını möhkəm çırpıb getdi.
Yenə qapını döydük.
- Siçan olduğunu yalnız siz deyirsiniz. Nə üçün başqaları demir? – dedi.
Bu dəfə qapını daha bərk döyüb dedik:
- Həbsxana rəisini görmək istəyirik.
- Siçana görə həbsxana müdirinə xəbər vermirlər, - dedilər.
Çox keçmədən özü qapını döyüb dedi:
- Həbsxana müdiri deyib ki, siçan varsa, tutub göstərsinlər.
Doktorların kamerasına Morze kodları ötürdük:
- Bizdə siçan var. Sizdə də varmı?
- Xeyr!
Mühəndislərin kamerasına da kod ötürdük. Onlardan da “Yox” cavabı aldıq. Olanları onlara danışdıq. Dedilər:
- Siçanlar adətən lağım atırlar. Onların deşiyini tapın və bir şeylə örtün. Beləcə, sizin kameranıza yolları bağlanacaq, bizim kameradan çıxacaqlar. O zaman biz nə edəcəyimizi bilirik. Deşikdən bayırda qalanlarını da iqtisadi blokadaya salın.
- Necə?
- Yeyə biləcəkləri hər şeyi onlardan uzaq tutun. Hətta sabun və başmaqlarınızı da əlinizdə saxlayın.
Onların deşiyini tapdıq. Çörək xəmiri ilə doldurduq. Amma faydası olmadı. Çörəyi çeynədilər, amma mühəndislərin yanına getmədilər. Qısa zamanda o qədər doğub-törəmişdilər, sayları o qədər çox, xırda və tükürpədici olmuşdu ki, dincliyimiz alınmışdı. Bir neçə gün başımız onlara qarışmışdı. Biz yatanda bayıra çıxırdılar. Adyalın, başımızın üstündə paradla keçirdilər. Qərara aldıq ki, zindan müdiri üçün hədiyyə göndərək. Çörək tikəsini yem edək. Onu adyalın üstünə qoyduğumuz ayaqqabı tayının içinə qoyaq. Sonra adyalın hər ucunu bir nəfər tutsun. Siçanlardan biri yeməyə gələndə adyalın dörd ucunu birləşdirək və siçanı tələyə salaq.
Bəxtimizdən toppuş bir siçan bayıra çıxdı. Kameranı gəzib dolanandan sonra yemə doğru getdi. Başı çeynəməyə qarışmışdı ki, planı həyata keçirdik. Ayaqqabı və adyalı doktorların divarına elə qəzəblə vurduq ki, doktorlar nigaran olub Morze kodu ötürdülər:
- Nə baş verir?
- Siçan öldürmə mərasimidir, - deyə cavab verdik.
Siçanı, ayaqqabını və adyalı divara o qədər çırpdıq ki, heydən düşdük. Siçanın kəllə-beyin travması aldığına əmin olmuşduq.
Bütün kameralar anlamışdılar ki, bir neçə gündür gözətçilərlə bu siçanların üstündə höcətləşirik. Hər dəfə qapını döyəndə hamı qapının altına əyilib qulaq falına çıxırdı ki, siçanların macərasının sonunu bilsin. Qapını döyəndə növbədə Nikbət idi. Nəfəsliyi açan kimi Fatimə əlindəki ölü siçanı dərhal bayıra atıb dedi:
- Bu da istədiyiniz siçan.
Hikmət iri cüssəsilə qəfil yuxarı atıldı və çığırtı səsi hər yeri bürüdü. Uşaqların ürəkdən gələn gülüş səsi də onun çığırtısına qarışdı.
Dəhliz çox qələbəlik olmuşdu. Elə bilirdilər ki, onları ələ salmaq üçün plan qurmuşuq. O gün bizə nə nahar yeməyi verdilər, nə də şam. Soyuq kabusunu da lənətə gəlmiş nəfəslikdən içəri buraxdılar. Gecə vaxtı həkim də gəldi. Sanitar payımız kəsildi və “Yasaqdır”, - dedilər.
Şam və işa namazlarını qılırdıq. Yenə açarların dəmir qıfıllarda fırlanmasının sarsıdıcı səsi gəldi və qapı açıldı. Kameralarımız o qədər qaranlıq idi ki, bizi görmək üçün bir müddət gözlərini içəri zilləməli idilər.
Hələ də dayanıb namazımıza tamaşa edirdilər. Namazdan sonra anladıq ki, zindanın müdiri, onun müavini (Davud), bir neçə əsgər və gözətçi başımızın üstündə dayanıblar. Zindanın müdiri soruşdu:
- Nə üçün siçanı öldürdünüz?
Müavin isə dedi:
- Nə üçün onu gözətçinin üstünə atdınız?
- Siz özünüz dediniz ki, siçanı göstərin, - deyə cavab verdik.
Bir neçə söyüş və nalayiq sözlə kameradan çıxdılar. Heç bir göstəriş vermədən, tədbir görmədən mövcud vəziyyət bu minvalla davam etdi. Ondan sonra qərara aldıq ki, siçanlarla dinc dostluq münasibətinə başlayaq. Çörəyin bir hissəsini yeyir, xəmirini siçanlara atırdıq. Öz-özümə deyirdim: “Elə bil ki, siçanlar da sənin dustaq yoldaşların, kamera dostlarındır. Siçanlarla mübarizə aparmaq əyləncəyə çevrilmişdi. Heç şübhəsiz, siçanların bizə ziyanı gözətçilərdən daha az idi. Həbsxana müdirinin baxış keçirməsinin nəticəsi o oldu ki, bir həftə sonra gözətçilər burunlarında maska bütün kameraları dezinfeksiya etdilər. Kameraların yanından keçəndə, kameranın qapısını və ya nəfəsliyini açanda üz-gözlərini turşudur, dəsmalla burunlarını tutur, nalayiq sözlər deyir və qapıları təpikləyirdilər. Hansı qapıya vururdularsa, bir heyvan adı çəkirdilər. Həyatları boyu qalaqlanmış bütün acıqlarını bizdən çıxmaq istəyirdilər. Onlara ürəyim yanırdı. İnsanlığın və əxlaqın itirilməsini hətta düşmənində də görsən kədərlidir.
Bizim ən təbii ehtiyaclarımız iraqlı gözətçilər üçün gülüş və istehza obyekti idi. Bizdən heç bir təhqir və hörmətsizliyi əsirgəmirdilər. Qəriblik, soyuq, isti, kötək, aclıq və susuzluq acısına dözmək kifayət qədər çətin idi. Amma bütün bunlardan əlavə bir də bizi ölüm həddinə qədər təhqir edirdilər. Elə bir əzaba düçar olurduq ki, ona dözmək üçün dağ olmaq lazım idi. Hər keçən gün BƏƏSçilərə nifrətim daha da çoxalırdı. Görür və əriyirdim. Şahid idim və vücudumun hər zərrəsi qəzəb alovunda yanırdı. Əsir qardaşlarımın hətta burnunun suyunu belə çəkə bilməyən əsgərlərin zülm çəkmələri altında təhqir olunduğunu görürdüm. O qardaşlar ki, hər biri bir ölkəni idarə etməyə qadir idi. Heç bir günahları, cinayətləri olmadan natəmiz və murdar insanların əlində əsir olmuşdular. Əsirlik əzabı onların cisim və ruhunu əldən salmışdı. Ağrıdan qovrulurdular. Amma əyinlərinə ağ həkim paltarı geyinən o iki soysuz adam çəkilən bütün bu ağrılara soyuqqanlılıqla göz yumur və deyirdilər: “Su için, istirahət edin, isteriyadır”. Əgər min xahiş, təmənna və iltimasla əsirlərdən birinə həb verirdilərsə, elə oradaca, o an həbi udmağa məcbur edirdilər. Sonra da əlli dəfə ağzını təftiş edirdilər ki, həbi udduğuna əmin olsunlar. Ölkəmin həkimləri, mühəndisləri və hərbçiləri ilə belə davranılmasını görmək dözülməz idi. Bəzən bu camaatın bu qədər nadan və ağılsız olmasına gülməyim gəlirdi. Doğrudan, biz dəyərsiz bir həblə nə edə bilərdik? Bəlkə də biz bütün bu təhqir və əzabları çəkməli idik ki, böyüklərdən birinin bu sözünü anlayaq: “Həyat əqidə uğrunda mübarizə aparmaqdan başqa bir şey deyil”.
Bir gün səhər doktorların kamerasına Morze kodları ötürməyə hazırlaşmışdım ki, birdən onların kamerasının qapısının açılma səsini və gözətçilərin “Şəms, şəms, surə, surə”, deyə hay-küy salmasını eşitdim. Bəlkə Məryəmi tanımışlar və Şəmsini axtarırlar deyə qorxdum. Bütün doktorları bayıra çıxartdılar. Daim vəz, nitq və həkim tövsiyələri eşidilən divar birdən dərin bir sükuta daldı. Yeni qonşu gəlməsini gözlədik. Bizim divara vurduğumuzu eşitdiklərini ehtimal etdik və bir saat kameranın divarına vurmaqdan çəkindik ki, ara bir az sakitləşsin. Bir saat səs-küydən sonra yenə də o kameranın açılmasını eşitdik. Yeni məhbus gətirildiyini düşündük və yenə divara vurmağa ehtiyatlandıq.
Bu dəfə mühəndislərin kamerasının qapısını açdılar. Onları da bayıra çıxardılar və yenə “Şəms, şəms, surə, surə” sözlərini təkrar etdilər. Nigarançılığım artdı. Amma kimsəyə bir söz deyə bilmirdim. Yenə tək qaldığımız üçün sıxılırdıq. Divarlar susmuşdu. Bayırdakı dünya ilə yeganə əlaqə körpümüz qırılmışdı. Müharibənin vəziyyətinin dəyişməsindən qorxurduq. Amma əmin idik ki, nə baş verirsə versin, yenə də islam qanı xalqın damarında axacaq və müqavimət göstərəcəklər. Bu ehtimal da var idi ki, ola bilər, iraqlılar əsirləri dəyişirlər. Söhbətə girişmişdik ki, doktorların divarı dilə gəldi: “Allahu Əkbər, Xomeyni rəhbər! Bizi “Şəms”i ziyarət etməyə aparmışdılar”.
Bu cümlə bizim üçün çox gözəl və maraqlı idi.
- Necə? Şəms, Şəms haradır? Sanki şəmsin (Günəşin) yerini və istisini unutmuşduq.
Ehtimal etdik ki, mühəndisləri də Şəmsi ziyarət etməyə aparıblar. Doğru idi, onları da Şəmsin ziyarətinə aparmışdılar. Yeri gəlmişkən, doktorlardan daha çox məlumat əldə etmişdik. O günlərdə hamı Günəşdən, səmadan danışırdı. Keçdikləri yollardan, yolda eşitdikləri səslərdən, Mühəndis Tondquyanın və yoldaşlarının sağ olmasından. Maraqlı burası idi ki, mühəndislər fəzanın ölçülərini də götürmüşdülər. Deyirdilər ki, Günəş otağı yuxarı mərtəbədədir. Qırx metrlik, üç metr hündürlüyündə, şəbəkəli tavanı və sement divarları olan bir otaq idi. Orada kameraların qapıları arasındakı məsafə çox idi. Bu göstərirdi ki, yuxarı mərtəbənin kameraları aşağıdakından böyükdür.
Biz günləri Günəşin ay üzünü görmək intizarı ilə keçirirdik. Sanki Günəşi unutmuş, işığını itirmişdik. Günəşin fərağında yanırdıq. Düşünürdük ki, bizim adımız hökmən siyahıdan çıxarılanların və qanunu pozanların cərgəsindədir və Günəşdən məhrum edilmişik. Amma sevinirdik ki, digər dostlarımız bu həzdən məhrum olmamışdılar.
Günlərlə çəkən intizardan sonra bir gün səhər hamımız şorba kasasının ətrafında oturmuşduq və başımız siçanların oynaşmasına, atılıb-düşməsinə tamaşa etməyə qarışmışdı. Bu zaman Xələf adlı (əlbəttə, biz ona Naxələf deyirdik) iraqlı əsgərlərdən biri qəfil kameranın qapısını açdı. Həmişəki kimi mikrofon udmuş qırtlağı ilə çığırdı, qapıya təpik, divara kabel vurdu. Daha çox it hürməsinə bənzəyən fəryadlarla dedi:
- Eynəkləri gözünüzə vurun, cəld bayıra çıxın.
Cəld ayaqqabılarımızı geyindik, eynəklərimizi taxdıq. Hələ də yıxılmaqdan və hündürdən aşmaqdan qorxurduq. Yenə də ehtiyatla və səndələyə-səndələyə böyük bir qapının qarşısında dayandıq. Bütün yol boyu sancağım haqqında düşünürdüm. O sancaq ki, mənim üçün son model tikiş maşını idi və onu nəfəsliyin kənarında, işığın ətrafında gizlətmişdim. Onu götürməyə macal tapmamışdım. Qapı açıldı və dünya dolusu işıq və isti bədənimizə şaxıdı. On yeddi il Günəşi görmüşdüm. Amma sanki onu heç Abadanın əlli dərəcə istisində də hiss etməmişdim. Günəş illərlə bədənimə şaxısa da, üzümü yandırsa da onun dəyərini heç vaxt anlamamışdım. O gün ilk dəfə bədənimin bütün hüceyrələri Günəşin işığını hiss etdi və ondan həzz aldı.
Günəş qızılı ətəyini elə açmışdı ki, hər şeyə rəng qatmışdı. Günəşin qızılı şüasının aylarla qaranlıq, soyuq və cansız daxmalarda qalan bir dəriyə şaxıması vəsfəgəlməz həzz verirdi. Bu istini nə qədər sevirdim! Günəşin işığı mülayim bahar mehi ilə bütün bədənimdə fırlanır, gözlərimi aydınladırdı. Qulaqlarım cingildəyirdi. Yuxuya getmiş əl-ayağım hərəkətə gəlirdi. Fatimənin gözlərinə baxdım. Gözlərinin bal rəngi öncəkindən daha gözəl idi. Üzünün nazik dərisinin altındankı tükvarilər (kapillyarlar) yanaqlarını gül rənginə boyamışdı. İllər idi ki, gözəlliyi başqa cür görürdüm. İmamın dərslərinə qatıldığım gündən gözəlliyin zahiri təzahürlərdən daha dərin anlamı olduğunu anladım. Bacılarım bütün solğunluqlarına, arıqlıqlarına və zəifliklərinə baxmayaraq gözəlləşmişdilər. Gözləri kədərli olsa da qəribə şəkildə parlayırdı. Ciyərlərinə daha çox hava ehtiyatı yığmaq istəyən Həlimə deyirdi:
- Kaş, ciblərimizə bir az hava yığa və qarşıdakı günlər üçün saxlaya biləydik.
Zərif və uzun barmaqlarına baxanda onun sevgisi ilə analarının qucağına verilən yüzlərlə körpənin səsini eşidirdim. Onun əlləri xaliq və məxluq arasında vasitəçi idi. O əllər ki, dünyanın ən gözəl işlərindın birini görür, yəni dünyaya gələcək və bizimlə yaşayacaq uşağın doğulmasına yardım edir. Həlimə mehriban əlləri ilə yanaqlarımı oxşadı və dedi:
- Dərin nə qədər yumşaq və nazikdir!
Məryəmin gözləri ağbənizli dərisində iki yaqut muncuq kimi parlayırdı. Onun qan dolu dodaqları danışarkən o qədər nazilmişdi ki, hər an dodaqlarından qan axacağını hiss edirdim.
Bacılarım biir-birindən daha gözəl olmuşdular. O lənətə gəlmiş qaranlıq kameralarda bacılarımın gözəl üzünü unutmuşdum. Məhz o gün, əgər şəbəkəli bir hasarın altından da görsəm, Günəşi və onun gözəlliyini anladım. Havada bir neçə quş uçur və azadlığın həzzini nümayiş etdirirdi. Günün altında qaçmaq istəyirdim. O qədər qaçım, atılıb-düşüm ki, bütün uşaqlıq xatirələrim canlansın. Əhməd və Əli ilə birlikdə məktəbdən evə uşaq addımlarımla Ağanı görmək şövqü ilə qaçdığım günlər üçün darıxırdım. Bu anları beynimdə əbədiləşdirmək istəyirdim. Yazmaq üçün darıxırdım. Yazmaq eşqim alovlanırdı. Kaş o gün bir parça kağız və qələm olaydı və mən hisslərimi kağıza yaza biləydim. Hətta bunlar olmadan da mənim yazmaq meylim alovlanırdı. Bir quş kimi. O quş ki, qanadlarını tutsan da sağ olduğu müddətdə uçmağa can atacaq.
İndi artıq qızılı uclu avtoqələm rolunu oynayan sancağımı özümlə gətirə bilmədim. Bir parça bərkimiş sement götürdüm. Beynimdə olanların hamısını yazmaq olmurdu. Bir cümləyə qane olmalı idim. Elə bir cümlə ki, hissim, ideyam və arzum onda xülasə olunsun. Bütün cidd-cəhdimi, istedadımı və məharətimi toplayıb gözəl xətlə yazdım: “Nə Şərq, nə Qərb, yalnız İslam respublikası”.
Fatimə, Həlimə və Məryəm də gözətçi məni görməsin deyə ətrafıma toplanmış və deyirdilər:
- Cəld, cəld.
- Bacı, ensiklopediya yazırsan?
- Barmağınlamı yazırsan?
Cümləmi bitirə bildim. Sevincdən yuxarı-aşağı atılır və gülürdüm. Bu yuxarı-aşağı atılmaların arasında ətrafımızda fırlanan bir neçə zəncirotunu gördüm. Demək, bizim qonağımız var idi. Həm də bir nəfər yox, bir neçə nəfər. Bəlkə bu zəncirotları Abadandan gəlmişdir. Uşaq olanda elə bilirdim ki, o zəncirotları yalnız bizim şəhərimizdə olur. Özlüyümdə dedim ki, zəncirotu adətən bir xəbər olan yerdən gəlir. Bunlar burada nə edirlər. Onlardan birini yavaşca əlimə aldım. Ona zərər verməmək üçün ehtiyatla davranırdım. Çünki bilirdim, əgər qanadı əlimdə sınsa, mənim xəbərimi Abadana apara bilməz. Zəncirotunun da qorxduğunu hiss edirdim. Dostlarının yanına göndərmək istəyirdim, amma ürəyim gəlmədi. Daha sonra gözümə daha böyük bir zəncirotu dəydi. Başımın ətrafına fırlanır və rəqs edirdi. Aram və təbəssümlə onu bir əlimdə oturtdum. Digər əlimlə isə onu saxlayıb dedim:
- Sən anamın yanına gedə və mənim halım yaxşıdır deyə biləcək yeganə varlıqsan. Gedə bilərsən, elə deyil? Bilirəm yol uzaqdır. Amma heç şübhəsiz, sən yolu tanıyırsan ki, bura gəlmisən. Ümumiyyətlə siz haradan gəlmisiz? Olmaya, anamın yanından gəlirsiniz?
Zəncirotları bizi tək qoymurdular. Qulağımın dibində pıçıldaşdıqlarını, mənimlə danışdıqlarını hiss edirdim. Amma əfsus ki, dillərini anlamırdım. Zəncirotuna dedim:
- İndi evimizin harada olduğunu bilmirəm. Əgər yol çox uzaqdırsa, küləyə min və küləklə evimizə get. Doğrusu, evimizi itirmişəm. Heç kimin və heç bir evin adresini bilmirəm. Yalnız İranın adresini bilirəm. İrana daxil olan kimi rəqs etməyə başla ki, qulaqları cingildəsin. Axı, Nənə deyərdi: “Qulaqlarınız cingildəyəndə demək, kimsə sizin haqqınızda söhbət edir”.
Dostları ilə paylaş: |