Menecment kafedrasnıın müəllimi A. O. Məmmədova


Əməyin təşkilinin mahiyyəti və məzmunu



Yüklə 110,18 Kb.
səhifə2/15
tarix31.12.2021
ölçüsü110,18 Kb.
#112711
1   2   3   4   5   6   7   8   9   ...   15
ASEU TEACHERFILE WEB 2547335079754092729.docx 1608707786

Əməyin təşkilinin mahiyyəti və məzmunu

Əməyin təşkilində məqsəd – insanın əmək prosesində hərtərəfli inkişafı üçün əlverişli şərait yaratmaqdan, iş vaxtı fondundan, istehsal avadanlıqlarından və maddi vəsaitlərdən səmərəli istifadə hesabına əmək məhsuldarlığının artmasını təmin etməkdən ibarətdir. Əməyin təşkili - əmək fəaliyyətində effektiv nəticə əldə etmək məqsədilə insanların, istehsal vasitələrinin və texnologiyanın əmək prosesi zamanı bir araya gəlməsidir.

Əməyin təşkilinin əsas prinsipləri:

  • əmək məhsuldarlığının yüksəldilməsi əsasında işçilərin həyat səviyyəsinin yaxşılaşdırılması;

  • əmək şəraitinin sağlamlaşdırılması;

  • işçilərin yaradıcı təşəbbüsünün inkişaf etdirilməsi və müəssisədaxili münasibətlərin təkmilləşməsi;

  • şəxsi və kollektivin maddi maraqlarının möhkəmlənməsi və düzgün əlaqələndirilməsi.

Əməyin təşkilinin əsas istiqamətləri:

  • Işə qəbul, təlim, ixtisasartırma, təcrübə;

  • Əməyin təhlükəsiz şəraiti, əməyin mühafizəsi;

  • Əmək bölgüsü və əmək kooperasiyası;

  • Rasional əmək xərcləri;

  • Əmək intizamı.

Əmək bölgüsü - əmək prosesində fərdi işçi və qrupların fəaliyyətinin bölünməsidir. Əmək bölgüsü sayəsində işçilərin məhsuldarlığı artır, texnologiya və istehsal alətləri təkmilləşdirilir.Cəmiyyətdə istehsal prosesi üzrə əmək bölgüsünün 3 növünü təsnifatlaşdıra bilərik: ümumi, xüsusi və fərdi şəkildə əmək bölgüsü (individual yanaşma). Ümumi əmək bölgüsünə istehsal ve qeyri-istehsal sahələrinin, sahələr daxilində isə - sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə, ticarət, təhsil, elm, dövlət idarəçiliyi, mədəniyyət və s. bölünməsi aiddir.Xüsusi əmək bölgüsü ümumi əmək bölgüsünə daxil olan sahələrin bölünməsidir, məsələn, sənaye sahəsinin ayrı-ayı istiqamətlər və müəssisələrə görə bölünməsi (elektrotexnika, transport və s.). Bu cür xüsusi əmək bölgüsü istənilən qeyri-istehsal sahəsində mövcuddur: təhsil, tibb, dövlət idarəçiliyi və s.Fərdi şəkildə əmək bölgüsü işin və əmək funksiyalarının müəssisənin işçiləri arasında dəstələr, briqadalar, ayrı icraçı-işçilər, onların peşə ixtisas qruplarına görə bölüşdürülməsidir.

Beynəlxalq əmək bölgüsü anlayışı da vardır ki, ölkələrin müəyyən məhsul növləri üzrə ixtisaslaşmasıdır. Beynəlxalq əmək bölgüsü ölkələr arasında təbiət və iqlim şəraiti, coğrafi mövqeyi, xammal ehtiyatları və enerji mənbələrinə əsaslanır. Beynəlxalq əmək bölgüsünün 2 əsas forması mövcuddur: ixtisaslaşma və əməkdaşlıq. Beynəlxalq ixtisaslaşma - ən yüksək səmərəlilik ilə ölkələrin müəssisələrində oxşar məhsulların istehsal konsentrasiyasıdır. Məsələn, Yaponiya avtomobil, gəmi, elektronika, saatlar istehsalı; Namibia - uran və brilyant ixracı; Zambia - mis ixracı; Colombia - böyük qəhvə istehsalçılarından biridir. Beynəlxalq əməkdaşlıq - istehsal olunan məhsulların ölkələr arasında davamlı mübadiləsinə əsaslanır.

Beynəlxalq əməkdaşlıq - istehsal, ticarət əməkdaşlığı, risklərin qarşılıqlı zəmanəti, investisiyaların və kommersiya sirrlərinin ümumi olaraq qorunmasına əsaslanan iki və ya daha çox ölkənin tərəfdaşlarının iştirakı ilə istehsalın qarşılıqlı razılaşdırılmış universal təşkilidir. Nümunə kimi Airbus Corporation - dünyanın ən məşhur təyyarə istehsalçılarından birini gətirmək olar. Bu şirkət ötən əsrin 60-cı illərinin sonlarında bir neçə Avropa aviasiya şirkətini birləşdirərək yaradıldı. Korporasiyanın əsas məqsədi müxtəlif dərəcəli təyyarələrin istehsalıdır, lakin əsas diqqət sərnişin təyyarələrinin istehsalına yönəldilib. Bu şirkətin Avropanın dörd ölkəsində zavodu var, hər biri xüsusi hissələrin istehsalı ilə məşğuldur və təyyarələrin son yığılması Fransa və Almaniyada, yəni Tuluza və Hamburq şəhərlərində həyata keçirilir. Çox böyük iş həcmi və çoxlu sayda fabrikın olması sayəsində bu korporasiyanın çox böyük işçi heyəti var, yəni təxminən 50 min nəfərə yaxın.

Dəyişkən texnoloji yeniliklər, kompyuter texnikası, kommunikasiyalar gözlənilməz biznes mühitinin yaranmasına səbəb olurlar. Ona görə də əməyin təşkilində menecerlər köhnə idarəçilik üsullarını artıq effektsiz olduğunu aşkar edərək, bu üsulları daha elmi, özünü təşkil etmə qabiliyyəti olan sistemlər ilə əvəz edirlər.

İRIE-də sinergetik idarəetmə də böyük əhəmiyyət daşıyır. Mühüm qərarlar qəbul edilərkən nəinki menecerlər, həm də işçi heyəti prosesdə iştirak edir. Başqa sözlə, sinergetik idarəetmənin təsiri nəticəsində işçilərin şəxsi marağı və motivasiyası nizamlı, effektiv idarəetmə quruluşunun yaradılmasına töhfə verir, işçi qüvvəsi arasında səmərəli informasiya mübadiləsi baş tutur.

Sinergetik menecment (synergeia – latınca əməkdaşlıq, mübadilə, inteqrasiya) – müxtəlif sahələrdə özünütəşkil qaydalarını öyrənən idarəetmə istiqamətidir. Məsələn, yeni sinerqetika paradiqması əsasında öz fəaliyyətini quran Consulting (məsləhətçi) şirkətləri ənənəvi idarəçilik üsullarının üzərinə xətt çəkmir. Onların məqsədləri yeni alternativləri görməkdir, bu cür mütəxəssislər mürəkkəb sistemli müstəqil bir işi hazırlayaraq, dəyişiklərin nəticəsinin gözlənilməz ola biləcəyini və riski gizlətmir. Beləliklə, sinerqetika paradiqması (bir sıra iş üsulları, dəyərləri, fikirləri, anlayışları - şirkət mədəniyyəti) “nə etmək lazımdır?” sualını vermir, “necə olmaq lazımdır?” sualının cavabını axtarır.

Burada söhbət şirkətin daxili mexanizmindən gedir, bu mexanizmi bir anda dəyişmək, yaratmaq və ya düzəltmək qeyri-mümkündür, onu inkişaf etdirərək böyütmək lazımdır. Hər şey kiçik addımdan başlayır, sonraki naliyyətlər isə işin gedişatı zamanı edilən inkişafdan asılıdır. Bu cür təşkilatın yaradılmasının sirri ondadır ki, bu təşkilat ciddi nəzarət olunan yaradıcılıq nəticəsi kimi qiymətləndirilmir, ona istənilən nəticənin əldə olunması naminə bir təkamül yolu kimi baxılır.

Beləliklə, sinerqetik menecment (özünütəşkiletmə) nəticəsində şirkətlər köhnə üsulları yeniliyərək və ya tamam yeni üsullar tətbiq edərək özlərini inkişaf etdirir, bu cür inkişafın nəticəsi (sinerqetika effekti) müsbət və ya mənfi ola bilər. Sinergetik effekt müəssisədə ideyaların mübadiləsi zamanı artır, çünki nəticədə ideyaların inteqrasiyası əsasında fəaliyyət effektivliyi yaranır.

Müsbət sinergetik effektin nəticələri:


  • Istehsal prosesinin rasionallaşması;

  • Təşkilatın stabilliyinin möhkəmlənməsi;

  • Təşkilatın rəqabət gücünün yüksəlməsi;

  • Təşkilatın istehsal etdiyi məhsula tələbin artması;

  • İşçi heyətinin iş gedişatından razı qalması;

  • Kollektivdə müsbət psixoloji mühitin olması;

  • Təşkilatın məqsədlərinə uğurla çatması.

Sinerqetik menecmenti öyrədən ən yaxşı mərkəzlərə Miçiqan, Harvard biznes məktəbi, Londonun iqtisadiyyat məktəbini aid etmək olar. Yeni idarəetmə paradiqmasının əsas ideyaları P.Anderson, R.Akselrod, Richard Silin əsərlərində əks olunur.

Əmək bölgüsü ilə bağlı məşhur isveçrəli iqtisadçı A.Smitin fikirlərinə əsasən, əməyin təşkilində məhsuldar və qeyri-məhsuldar əmək prosesləri vardır. Fabrik işçisi məhsuldar əmək prosesi ilə məşğuldur, məhsuldar əmək vasitəsilə o həm öz maaşına sərf olunan xərcləri qaytarır, həm də fabrik sahibinə gəlir gətirir (həmin o gəlirdən işçinin öz maaşı ödənilir). İşçilərin əməyinin məhsuldar olduğuna görə varlı olmaq üçün sahibkar gərək işə daha çox işçi qəbul etsin. Əgər həmin sahibkarın xidmətçiləri varsa, bu gəlirdən onların da əmək haqları ödənilir, lakin onların əməyinin məhsuldar olmadığına görə, sahibkar işə nə qədər çox xidmətçi qəbul edərsə bir o qədər tez kasıblayar. Qeyri-məhsuldar işçilərə A.Smit dövlət məmurlarını, zabitləri, ordunu və gəmiçiləri aid edirdi. Bununla belə, alim məhsuldar əməyə istehsal prosesini, qeyri-məhsuldara isə xidmət göstərilən fəaliyyəti aid edirdi. Eyni zamanda alim yazırdı ki, həkimlər, hüquqşunaslar, musiqiçilər, artislər və s. də qeyri-mehsuldar əmək fəaliyyəti ilə məşğul olanlara aid edilə bilərlər. Bu cür əmək prosesi, A.Smitin fikrincə, sabit deyil, lakin mükafata layiqdir.

Lakin müasir bazar iqtisadiyyatı onu göstərir ki, istənilən əmək prosesi – insanlar üçün faydalı olan məhsul və xidmətlərin istehsalıdır, bu da onun məhsuldar xasiyyətini nümayiş etdirir. Bir rəssamın, musiqiçinin, hüquqşunasın və yaxud bərbərin işi – bütün bunlar insanların müəyyən ehtiyaclarını ödəyən qeyri-maddi məhsullardır. Qeyri-maddi məhsullar - insanın mədəni, estetik, mənəvi ehtiyaclarını ödəyir (insanların sağlamlığı, istirahəti, səliqəli görünüşü və s.). Hüquqşünasların, hakimlərin, səlahiyyətli nümayəndələrin, icra orqanlarının, habelə maddi istehsal sahəsi ilə əlaqəsi olmayan başqa istiqamətlər - insanların hüquqi təhlükəsizliyinə zəmanət verir. Qeyri-maddi məhsulların keyfiyyəti və sayı bu məhsulların qiymətini birbaşa müəyyənləşdirir.

Rəssamlar, həkimlər, hüquqşünaslar kimi əmək subyektləri tərəfindən istehsal olunan bəzi qeyri-maddi məhsulların fərqi ondadır ki, bir qayda olaraq, bu məhsullar yaradılan vaxtı istehlak olunur, əşyalar və ya maddi məhsullar isə uzun müddət mövcud ola bilər. Lakin nümunə olaraq onu da göstərə bilərik ki, video-çəkiliş əsasında yazılmış bir konsert / film dəfələrlə "istehlak edilə", izlənilə bilər, bir cərrah tərəfindən edilən əməliyyat insan sağlamlığını daimi bərpa edə bilər və s.



Yüklə 110,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin