Səlahəddin Xəlilov: Şübhəsiz, hamı istəyir ki, Azərbaycanın yaxşı gələcəyinə təminat verən və cəmiyyətin maraqlarına uyğun olan təhsil qanunu qəbul edilsin. Amma yaxşı qanun ifadəsini hərə öz maraqları prizmasından qiymətləndirdiyindən bir cür başa düşür. Bu qanunun qəbul olunmasında aidiyyatı təşkilatların əlbəttə ki, marağı var. Təhsil Nazirliyi təhsilə birbaşa cavabdeh qurum, ali məktəb mütəxəssis hazırlayan təhsil ocağı, orta məktəb ali məktəblərə potensial abituriyent yetişdiricisi kimi təbii ki, öz marağını güdə bilər. Burda təəccüblü heç nə yoxdur. Bu maraqlar da uyğun gəlməyə, toqquşa bilər. Həmin maraqlar toqquşursa, bunu faciə kimi, dövlət əleyhin bir hadisə kimi qiymətləndirmək düzgün deyil. Ən əsası odur ki, bu müxtəlif maraqlar içərisində həqiqətən də ortaq məxrəc tapılsın və hər bir təhsil işçisinin marağı təmin olunsun. Çox çətin bir prosesdir. «Təhsil haqqında» qanun layihəsi ortaya çıxana qədər Şahlar müəllim, Misir müəllim, mən və eləcə də bu işə cəlb olunan digər adamlar dost olub. Bunu hamı bilir. Amma layihə üzərində iş başlayandan sonra konkret müddəalarla bağlı müzakirələr aparılıb, sonradan bu müzakirələr mübahisəyə çevrildiyindən kənardan baxanlar bunu az qala düşmənçilik kimi qiymətləndiriblər. Mübahisələr var, bunu danmıram və hər birimiz öz mövqeyimizdə israrlıyıq, prinsipiallıq nümayiş etdiririk. Bu, işin xeyrinə olan mübahisələrdir. Misir müəllim deyir ki, qoy, qanun layihəsi gündəliyə çıxarılsın, onda biz fikrimizi bildirərik. Şahlar müəllim də deyir ki, işçi qrupu yaradılıb və çərçivə qanun layihəsi hazırlanıb. Hazır olandan sonra qanun layihəsi aidiyyatı olan bütün nazirliklərə göndərilib. Həmin nazirliklərin hamısından rəy alınıb və rəylər komissiyada müzakirə olunub. Təhsil Nazirliyinin də nümayəndəsi bu müzakirələrdə iştirak edib. Sonra komissiya son variantı hazırlayaraq layihəni yenidən Təhsil Nazirliyinə göndərib. Amma Təhsil Nazirliyi qanunun müvafiq formada qəbul olunmasının qəti əleyhinədir. Bilirsizmi mübahisələr çox vaxt nəyin üstündə gedir? Bayaq Şahlar müəllim çıxışında dedi. Təhsilin tərifini, prinsiplərini dəyişmişik və s. Xırdalamağa ehtiyac duymuram, bunlar vaxt aparan məsələlərdir, amma əslinə qalsa, təhsil işçisi üçün qanunda anlayışların necə yazıldığının elə bir fərqi yoxdur. Burda əhəmiyyətli olan bilavasitə praktik iş üçün önəmli hesab edilən məsələlərdir. Nədir praktikada əhəmiyyətli hesab edilən məsələlər? Əvvəla, Təhsil müəssisələrinin müstəqilliyi və nazirliyin onların işinə müdaxilə etmə dərəcəsi, yəni funksiyaların bölgüsü. İkincisi, tələbə qəbulu məsələsidir. Burda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) və ali məktəblərin mənafeləri uyğun gəlmir, maraqları toqquşur. Ali məktəblər istəyir ki, TQDK biliyi müəyyənləşdirsin, ona uyğun balı hesablasın və işini bitmiş hesab edib kənara çəkilsin. Sonradan həmin bal əsasında hər bir ali məktəb özü müsabiqə keçirsin və ixtisasların profilinə uyğun qəbul aparsın. Biz layihədə bu məsələni ali məktəblərin mənafeyinə uyğun formada həll etmişik. Təbii ki, qarşı tərəf məsələnin bu cür həll edilməsi ilə razı deyil və öz mövqeyini əsaslandıran arqumentlər irəli sürür. Bəzən belə prinsipial məsələlər kənarda qalır, görürsən ki, Şahlar müəllim təhsilin tərifini bir cür verir, Misir müəllim başqa cür və bunun ətrafında mübahisələr gedir. Nəticədə çox müsbət cəhətləri olan qanun layihəsi labirintə düşür. Mən istərdim ki, fəlsəfi ideyaları kənara qoyub, təhsil işçilərinin müstəqilliklərini artıran, Təhsil Nazirliyinin imkan daxilində müdaxilə imkanlarını məhdudlaşdıran qanun qəbul edək. Çünki bütün dünyada təhsil sahəsindəki proseslər bu istiqamətdə gedir. Keçid dövründə təhsil müəssisələri üzərində nazirliyin nəzarətinin olmasına həqiqətən böyük ehtiyac var idi. Artıq bu nəzarətin xarakteri dəyişməlidir.
Misir müəllim, doğrudanmı mübahisə prinsipial məqamların yox, mahiyyətcə heç nəyi dəyişməyən hansısa anlayışlar ətrafında gedir?