Yeni Təhsil Qanununun qəbulu bu problemlərin aradan qaldırılmasına nə dərəcədə kömək edə bilər?
Elə problemlər var ki, onlar təkcə qanunla bağlı deyil. Təhsildə köklü islahatlar onun konsepsiyasının dəyişdirilməsini tələb edir. Bu konsepsiyanın dəyişdirilməsi və yenidən hazırlanması istiqamətində də yenə müvafiq icra hakimiyyəti orqanları – Təhsil Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, digər əlaqədar təşkilatlar təşəbbüsçü olmalıdır.
Mövcud təhsil sahəsində icra orqanlarını narahat edən, onların etirazlarına səbəb olan, Təhsil Qanununa əks mövqedə durmalarını şərtləndirən yeni müddəalar nədən ibarətdir? Bunu bilmək yeni Təhsil Qanununun gecikməsindən narahat olanlar üçün də maraqlı olardı. Yəni bu layihədə hansı prinsipial yeniliklər əks olunub ki, bəzi məmurların narahatlığına səbəb olur?
İlk növbədə biz belə bir mövqedən çıxış etmişik ki, təhsil prosesi və biliklərin qiymətləndirilməsi mahiyyətcə fərqli hadisələr olduğundan bunların subyektləri də fərqləndirilə bilər. Bilik öyrədən və bilikləri yoxlayan müəssisələr eyni tabeçilik sistemində olmasa yaxşıdır. Necə ki, indiki Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Təhsil Nazirliyi ayrı-ayrı qurumlardır. Təhsil sistemində iki müstəqil qurumun fəaliyyət göstərməsinin həm müsbət, həm də mənfi cəhətləri var.
Müsbət cəhət ən çox obyektivliyin təmin edilməsində və bir qurumun zəif işinin digər qurum tərəfindən üzə çıxarılmasında özünü göstərir. Məsələn, orta məktəbdə axırıncı sinfə gəlib çıxmış şagird buraxılış imtahanlarında qeyri-məqbul alarsa, bunun təqsiri məktəbin üzərinə düşür. Çünki vaxtında bilik vermək məktəbin vəzifəsidir. TQDK isə abituriyentin biliyini yoxlayarkən onun savadsızlığı üçün heç bir məsuliyyət daşımadığından obyektiv qiymət verməkdən çəkinmir. Lakin əvəzində hansı isə məktəblərin yaxşı işi, hansı isə məktəblərin paxırı üzə çıxır. Bu baxımdan, TQDK-nın qəbul imtahanlarından sonra apardığı təhqiqatlar, statistik yekunlar təkcə şagirdlərin yox, həm də məktəblərin və bütövlükdə orta təhsil sisteminin vəziyyətini təhlil etmək üçün ən dəyərli materialdır. Və əksinə. Təhsil Nazirliyi ali məktəblərin I kurs tələbələrinin ilk semestrdə göstərdiyi nəticələrdən çıxış edərək TQDK-nın qəbul prosesini nə dərəcədə obyektiv apardığını qiymətləndirməyə çalışır. Beləliklə, bu iki orqan bir-birinin işinə müəyyən mənada nəzarət də edirlər ki, bu da, əlbəttə, ümumi işin xeyrinədir.
Mənfi cəhətlər isə əsasən ondan ibarətdir ki, qəbul Komissiyasının müstəqil surətdə tərtib etdiyi proqram və testlər orta məktəblərdə təhsilin real məzmununa bir o qədər də uyğun gəlmir. Yəni tələbə qəbulunda tələb yüksəkdir, daha doğrusu, standartlara uyğundur, orta məktəblərdə verilən bilik isə bu standartlardan qat-qat aşağıdır. Bir var tədris planları, proqramlar, dərsliklər, bir də var real məktəb, müəllimlərin bilik səviyyəsi və onların şagirdlərə verdiyi biliklər. Hazırda bunlar arasında böyük uyğunsuzluq var. Bu da şagirdlər üçün diskomfort yaradır. Yəni abituriyentlərin böyük əksəriyyəti ali məktəblərdə oxumaq, müsabiqələrdə iştirak etmək istəyirlər. Lakin onlara orta məktəbdə verilmiş bilik ali məktəblərə qəbul olunmaq üçün əsla kifayət etmir. Orta məktəbdə ən qabiliyyətli şagirdin də aldığı biliklər qəbul imtahanında onun heç olmasa «üç» ala bilməsinə imkan vermir. Tələbə qəbulunun yekunlarını araşdırsaq buna asanlıqla əmin ola bilərik ki, orta məktəb məzunlarının çox böyük əksəriyyətinin göstəriciləri «üç»dən aşağı olub. «Üç»dən yuxarı göstəriciləri olanlarınsa hamısı repititorlar vasitəsilə əlavə bilik alaraq bu naliyyəti qazanıblar. Dörd mindən artıq orta məktəb var və dövlət büdcəsinin dörddən biri təhsil sisteminə ayrılıb. Amma nəticə, demək olar ki, sıfra bərabərdir. Bunun müqabilində valideynlər öz vəsaitləri hesabına yenidən müəllim tutaraq uşaqlarını əlavə hazırlaşdırırlar. Buna görə də, son illər axırıncı sinifdə təhsil alan şagirdlər məktəblərdən yayınırlar, ancaq onların adları həmin məktəblərdə qalır və sonda attestat alırlar.
Orta təhsil sistemində haçalanma gedir. Bunun səbəbi araşdırılmasa və vaxtında tədbir görülməsə, bu hal orta məktəb sisteminin tam iflasına gətirib çıxara bilər.
Dostları ilə paylaş: |