DUA
Həqiqətən şükür və tərif yalnız Allaha məxsusdur! Biz Ona həmd edir, Onu köməyə çağırır, Ondan bağışlanma və bizi doğru yola yönəltməyi diləyirik, nəfslərimizin şərindən və pis əməllərimizdən qorunmaq üçün yalnız Ona pənah aparırıq. Allah kimə hidayət verərsə o, doğru yolda olar, kimi azdırarsa onu doğru yola yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
“Ey iman gətirənlər! Allahdan layiqincə qorxun və ancaq müsəlman olduğunuz halda ölün!”1
“Ey insanlar! Sizi tək bir şəxsdən xəlq edən, ondan da zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın (törədib yer üzünə) yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan qorxun və qohumluq əlaqələrini kəsməkdən (çəkinin)! Həqiqətən, Allah sizə nəzarət edəndir!”2
“Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz) Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Onun elçisinə itaət etsə, böyük bir səadətə nail olar.”3
Hər bir insan həyatının hər anında Uca Allaha möhtacdır və bu ehtiyacdan doğan ən zəruri əməl də məhz duadır. Duanın insan həyatında, onun bu dünyada və axirətdəki halının müəyyən edilməsi baxımından rolu çox böyükdür. Hər bir kəs çətinliyə düşdükdə, hər hansı bir şeyə ehtiyacı olduqda Allaha dua edərək düşdüyü sıxıntıdan qurtulmağı Uca Allahdan istəyir. Dua, möminin silahı adlanır. O, ən əzəmətli ibadətlərdən sayılır. Dua Allah və qul arasında olan bir bağlantıdır. Uca Allah kəramətli olduğu üçün insanların istədiklərini onlara verir. Uca Allah buyurur: “Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm”.1
Təkəbbürlük üzündən Allaha dua etməyənə, Ondan istəməyənə Uca Allahın qəzəbi tutar. Uca Allah buyurur: “Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər”.2
Dua: Onu edənə fayda verməklə yanaşı, həmçinin üz vermiş ziyandan qorunmağı və ya üz verə biləcək ziyanın dəf edilməsini istəməyə deyilir.
Duanın fəziləti
Duanın çoxlu və əzəmətli faydaları vardır. Bunlardan;
1. Dua Allaha itaət, və Onun əmrini yerinə yetirməkdir. Uca Allah buyurur: “Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər”.1
2. Dua ibadətdir. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “Həqiqətən dua ibadətdir”.2
3. Allah üçün ən əziz əməldir. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “Uca Allaha duadan əziz şey yoxdur”.3 Başqa hədisdə Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurur: "Sizin Rəbbiniz həyalı, kərəm Sahibidir, əllərini Ona tərəf qaldırıb dua edən qulunun əllərini boş qaytarmaqdan utanır".4
4. Dua insanı Allahın qəzəbindən qoruyan ən mühüm səbəbdir. Kim Allahdan istəməzsə Uca Allahın ona qəzəbi tutar. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “Kim Allahdan istəməzsə Allahın ona qəzəbi tutar”.5
5. Dua sahibini acizlikdən qurtarır. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “İnsanların ən acizi dua etməkdə aciz olanıdır. İnsanların ən paxılı isə salam verməyə paxıllıq edəndir”.6 İnsanlar arasında ən bədbini, gələcəyinə ümidlə baxmayanı və ən acizi isə ən az dua edən kimsədir. Çünki dua insana qüvvət və fayda verir.
6. Bəla gəlməzdən əvvəl ondan qorumaq üçün ən böyük səbəbdir. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “Qədəri yalnız dua dəyişir”.1
Duanın qəbul olunma şərtləri
Hər bir əməldə olduğu kimi duanın da qəbul olması üçün zəruri olan şərtlər vardır. Onlardan ən mühüm olan bir neçəsini qeyd edək.
1. Dua edən şəxs yalnız və yalnız Uca Allahın heç bir şəriki olmadan onun duasını qəbul edib, istədiyini verməyə qadir olduğuna etiqad etməlidir. Allahdan başqa ona fayda verə biləcək heç bir kəsin olmadığını, onu düşdüyü çətinlikdən qurtarmağa yalnız Allahın qadir olduğunu bilməli və etiraf etməlidir. Uca Allah buyurur: “Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir tanrımı var? Siz necə də az düşünürsünüz?”.2
2. Duanı Allahdan başqa heç kəsə yönəltməmək. Allahdan qeyrisindən kömək diləmək və ya Allahdan qeyrisindən istəmək olmaz. Hətta Allahla yanaşı başqa bir kəsə dua etmək də haramdır və bu əməl şirk sayılır. Şirkin ən təhlükəli növlərindən biri də məhz budur. Uca Allah buyurur: “Şübhəsiz ki, məscidlər Allaha məxsusdur. Allahla yanaşı heç kəsə dua etməyin!”.3
Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) Abdullah ibn Abbasa (Allah onlardan razı olsun) xitab edərək belə dedi: “Bir şey istədikdə Allahdan istə, kömək dilədikdə Allahdan dilə”.1
3. Dua etdikdə Allaha yaxınlaşmaq üçün şəriətin bizə öyrətdiyi hər hansı bir vasitədən istifadə etmək. Şəriətdə təvəssül adlanan bu vasitələr üç növdür.
a) Uca Allahın Quran və ya mötəbər hədislərdə varid olan ad və sifətləri ilə təvəssül edərək istəmək. Bu növün caiz olmasını isbatlayan ayədə Uca Allah buyurur: “Ən gözəl adlar Allahındır. Ona bu adlar vasitəsi ilə dua edin”. 2
b) İnsanın özünün etdiyi hər hansı bir saleh əməlin müqabilində Allahdan istəməsi. Buna dəlil mağaraya düşən üç nəfərin etdiyi duadır ki, Uca Allaha etdikləri saleh əməlləri ilə yaxınlaşdılar və Allah onların dualarını qəbul etdi. Abdullah ibn Ömər (Allah onlardan razı olsun) rəvayət edir ki, Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) bunları dediyini eşitmişəm: “Sizdən qabaqkılardan üç adam yola çıxıb bir mağaraya çatdılar və gecələmək üçün ora girdilər. Dağdan bir qaya qopdu və mağaranın ağzını örtdü. Onlar dedilər: “Bu qayadan xilas olmaq yalnız yaxşı əməllərimizlə Allaha dua etməklə mümkündür. Onlardan biri dedi: “İlahi! Mənim valideynlərim çox qocalmışlar. Mən evdə onlardan qabaq heç kəsə gecə vaxtı içməyə süd verməzdim. Bir dəfə onlar məndən bir qədər süd istədilər, amma mal-qara örüşdən qayıtmadığına görə bu istəyi yerinə yetirə bilmədim. Onlar yatdılar. Mən malları sağıb onların süd paylarını ayırdım, lakin onlar yatmışdılar. Onlardan qabaq hər hansı bir ailə üzvünə və ya ev heyvanına süd vermək istəməyərək əlimdə fincan sübh açılana kimi onların oyanmasını gözlədim. Onlar yuxudan durdular. Mən südü onlara içirtdim. İlahi! Mən bu işi Sənin mübarək camalın üçün etdim. Bizi bu düşdüyümüz vəziyyətdən xilas et!” Qaya bir qədər aralandı. Lakin onlar çıxa bilmədilər. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) dedi: “İkinci adam dedi: “İlahi! Mənim çox sevdiyim əmim qızı var idi. Mən onunla evlənmək istədim. Lakin məni rədd etdi. Bir il bərk quraqlıq düşdü. Qız yanıma gəldi. Mən ona 120 dinar verdim. Ona sahib olmaq imkanım var idi. O da buna razı idi. Mən ona sahib olmaq istədikdə dedi: “Haqqın olmaya-olmaya möhürü sındırma!” Günaha batmaqdan qorxaraq ondan uzaqlaşdım. O mənim üçün ən sevimli adam idi. Qızılları da ona verdim. İlahi! Mən bu işi yalnız Sənin mübarək camalın üçün gördüm. Bizi bu bəladan qurtar!” Qaya bir qədər də aralandı. Lakin onlar yenə də çıxa bilmədilər. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) dedi: “Üçüncü şəxs belə bir hekayət danışdı: “Mən bir neçə adamı işə götürdüm. Bir nəfərdən başqa hamının haqqını verdim. O haqqını almayıb çıxıb getmişdi. Onun pulunu dövriyyəyə buraxdım. Çoxaldı, artdı. Bir müddətdən sonra həmin adam yanıma gəlib dedi: “Ey Allah bəndəsi, haqqımı ver!” Mən ona dedim: “Gördüyün bu dəvələr, inəklər, qoyunlar və qullar hamısı sənin haqqındandır”. Kişi mənə dedi: “Ey Allah bəndəsi, məni ələ salma”. Mən dedim ki, səni ələ salmıram. O da bunların hamısını özü ilə götürüb apardı. Heç nə qoymadı. İlahi! Mən bunu Sənin mübarək camalın üçün etdim. Bizi bu bəladan qurtar! Qaya tamamilə aralandı. Onlar çıxıb getdilər” 1
c) Allahdan istəməyə qadir olan, həmçinin sağ olub səni eşidə bilən saleh insan vasitəsi ilə istəmək. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) cümə günü xütbə verərkən bir nəfər səhrada yaşayan kişi gələrək Peyğəmbərdən (Allahın ona salavatı və salamı olsun) yağış yağmasını istəyir. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) yağış yağması üçün dua edir və yağış yağmağa başlayır. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) minbərdən enməmiş yağışın suyu onun saqqalından damcılayırdı.2
4. Xeyirli şeylər istəmək. Yəni haram olan bir şeyi istəmək, qohumluq əlaqələrini kəsmək və s. bu məzmunda dualar etməmək. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “Haram şey istəməyənin və qohumluq əlaqələrini kəsməyən bəndənin duası qəbul olur”.3
5. Uca Allahın duaları qəbul edəcəyi barədə gözəl zənn etmək. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “Allaha dua edib, ümidlə cavabını gözləyin”.4
6. Ürəkdən istəmək (yəni fikri yayındırmamaq). Dua edən kəs etdiyi duanın əzəmətini dərk edib, dediyi sözləri anlamalıdır. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “Bilin ki, Allah qəlblə istənilməyən duanı qəbul etmir”.5
7. Yeməyin, içməyin və geyimin halal olması. Buna dəlil, səhrada əlini səmaya doğru açıb Allahı çağıran, lakin yeməyinin, içməyinin və geyiminin haram olduğuna görə Uca Allahın onun duasını qəbul etmədiyi kimsənin hədisidir.1 Allahdan qorxan şəxs bu cür haramlardan uzaq olmalıdır. Uca Allah da məhz bu cür insanların dualarını qəbul edir. Uca Allah buyurur: “Allah ancaq müttəqilərdən qəbul edər!”2
Duanın ədəbləri
Duanın şərtləri olduğu kimi ədəbləri də vardır. Bu ədəblərə riayət etmək lazımdır ki, edilən dua qəbul olsun. Bu ədəblərdən;
– Dəstəmazlı olmaq. Əbu Musa (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) Hüneyn döyüşü qurtardıqdan sonra su gətizdirdi, dəstəmaz aldı və sonra əllərini qoltuğunun altının ağlığı görünənədək qaldırdı və dua etməyə başladı.3
– Qibləyə tərəf yönəlmək. Ömər ibn əl-Xattab (Allah ondan razı olsun) demişdir: “Bədr döyüşündə Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) nəzər salıb gördü ki, səhabələrinin sayı üç yüzdən bir az çox, müşriklərin sayı isə min nəfərdən bir az çoxdur. Sonra o üzünü qibləyə tərəf çevirdi və əllərini açıb dua etdi”.4
– Duaya başlamazdan əvvəl Allaha həmd səna etmək, Peyğəmbərə (Allahın ona salavatı və salamı olsun) isə salavat gətirmək. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “Sizlərdən biriniz duaya başladıqda Rəbbinə həmd-səna etsin. Sonra Peyğəmbərə salavat gətirib istədiyini diləsin”.1
– İsrar etməmək və duanın qəbul olmasında tələsməmək. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “Sizlərdən biriniz tələsməyib “dua elədim qəbul olmadı” deməzsə duası qəbul olar”.2
– Dua etdikdə əllərini səmaya tərəf qaldırmaq. Əbu Musa əl-Əşari (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) dua elədi və əllərini elə qaldırdı ki, qollarının altının ağlığı belə görsəndi.3 Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurur: "Sizin Rəbbiniz həyalı, kərəm Sahibidir, əllərini Ona tərəf qaldırıb dua edən qulunun əllərini boş qaytarmaqdan utanır".4
– Ehtiyacı olan hər bir şeyi Allahdan istəmək. Bu məsələdən bir çox müsəlmanlar qafildirlər. Lakin bilmək lazımdır ki, hər bir insan ehtiyacı olan şeyi kiçik yaxud böyük olmasından asılı olmayaraq Allahdan istəməlidir. Müsəlmanların əksəriyyətinə yalnız böyük bəla üz verdikdə Allahdan istəyirlər. Bu, bir çox müsəlmanların etdikləri xətalardandır.
– Dua etdikdə onu üç dəfə təkrar etmək. Abdullah ibn Məsud (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) dua etdikdə üç dəfə edərdi.1
– Dua etdikdə səsi çox qaldırmamaq. Uca Allah buyurur: “dua etdikdə nə uca səslə, nə də pıçıltı ilə et”.2
Duanın qəbul olma vaxtları
Uca Allah bəzi vaxtları duaların qəbul olması üçün daha fəzilətli etmişdir. İlin, ayın, həftənin yaxud da günün elə vaxtları vardır ki, bu vaxtlarda edilən dualar həm Allah tərəfindən qəbul olunmasında, həm də savabına görə başqa vaxtlarda edilən dualardan üstündür. Bu vaxtların hər birinə Quran ayəsində və mötəbər hədislərdə dəlillər vardır.
1. Qədr gecəsi. Aişə (Allah ondan razı olsun) Peyğəmbərdən (Allahın ona salavatı və salamı olsun) “Qədr gecəsinin hansı gecə olduğunu bildikdə necə dua edim?” – deyə soruşduqda, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) "Allahım, Sən Bağışlayan, kərəm Sahibisən, bağışlamağı sevirsən, məni bağışla” – deyə cavab verdi.3
2. Gecənin son üçdə birində edilən dua. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: “Bizim Rəbbimiz hər gecənin axır üçdə biri yer səmasına enərək ”Mənə dua edən varmı, duasını qəbul edim?! Məndən istəyən varmı istədiyini verim?! Məndən bağışlanma diləyən varmı onu bağışlayım?!” – deyir.4
3. Azan və iqamə arasında edilən dua. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “Azan və iqamə arasında edilən dua qəbul olunur, (bu vaxtı) dua edin!”.1
4. Yağış yağan zaman edilən dua. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “İki vaxt dua rədd olunmur; azan vaxtı və yağış altında edilən dua”.2
5. Fərz namazının sonunda edilən dua. Peyğəmbərdən (Allahın ona salavatı və salamı olsun) “Hansı dua daha çox eşidiləndir” – deyə soruşduqda o: “gecənin axır vaxtı və fərz namazının sonunda edilən dua” – deyə cavab vermişdir.
6. Səcdə zamanı edilən dua. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurur: “Bəndənin Rəbbinə ən yaxın vaxtı səcdə halında olur, (səcdədə) duanı çoxaldın”.3
7. Valideynin övladı üçün etdiyi dua, oruc tutanın və müsafirin duası. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “Üç dua rədd olunmur; valideynin övladı üçün etdiyi dua, oruc tutanın duası və müsafirin duası”.4
Duada edilən xətalar
İnsanların çoxu dua etdikləri zaman bir çox xətalara yol verirlər. Əksər hallarda elmsizlikdən, bəzən də unutqanlıqdan edilən bu xətalar duanın qəbul olmasında mühüm rol oynayır. Aşağıda sadalanan xətalar müsəlmanların dua etdikləri zaman ən çox yol verdikləri xətalardır.
1. Dua etdikdə şirkə yol vermək. Yəni Allahla yanaşı başqa bir şeydən istəmək. Bu şeyin insan, mələk, daş, ağac və s. olmasının da fərqi yoxdur. Bu, duada edilən ən böyük xəta və duanın rədd edilməsi üçün ən böyük amildir. Uca Allah buyurur: “Allahdan savayı çağırdıqlarınız da sizin kimi qullardır. Əgər doğru deyirsinizsə, çağırın onları, sizə cavab versinlər. Məgər onların ayaqlarımı var, onunla yerisinlər? Yoxsa onların əllərimi var, onunla tutsunlar? Yoxsa onların gözlərimi var, onunla görsünlər? Yoxsa onların qulaqlarımı var, onunla eşitsinlər? De: “Çağırın şəriklərinizi! Sonra mənə qarşı hiylə qurun və mənə heç möhlət də verməyin! Həqiqətən, mənim himayədarım Kitabı nazil edən Allahdır. O, əməlisalehlərə himayəçilik edir. Ondan savayı çağırdıqlarınız nə sizə yardım edə bilər, nə də özlərinə köməkçi ola bilərlər”.1
2. Bidət etməklə Allahdan istəmək. Məsələn: Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun), övliyaların xətrinə istəmək və s. Bu cür dua edib Allahdan istəməyə nə Quranda, nə də Peyğəmbərdən (Allahın ona salavatı və salamı olsun) varid olan hədislərdə dəlil yoxdur. Həmçinin Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) tərbiyəsini almış səhabələr və onların davamçıları bu cür dua etməmişlər.
3. Ölümü arzulamaq. Bəzi insanlara bəla gəldikdə Allaha dua edərək ölüm arzulayırlar. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) bunu qadağan edərək deyir: “Sizlərdən birinizə bəla üz verdikdə ölümü arzulamasın. Ölməyi istəyirsə desin: “Allahım! Yaşamağım mənim üçün xeyirlidirsə məni yaşat, ölməyim mənim üçün xeyirlidirsə məni öldür!”1
4. Allahın onun duasını qəbul edib, etməyəcəyini yoxlamaq üçün edilən dua. “Bu dəfə də dua edim görüm Allah qəbul edər ya yox” və s. bu kimi niyyətlə edilən dualar.
5. Fəsad yaymaq üçün edilən dua. İnsanlara özünü göstərmək məqsədi ilə malının çoxalmasını istəmək üçün edilən dualar.
6. Ümid etməmək. Çox zaman insanlar xəstələndikdə, və ya övlad istəyən kimsənin övladı olmadıqda ümidlərini Allahdan üzürlər. Bəziləri tamamilə duanı tərk edir, bəziləri isə dua etsələr də ümidləri az olur. Bu cür insanlar Allahın hər şeyə qadir olduğunu dərk edib, yəqinliklə Ondan istəməlidirlər. Zəkəriyyə (Allahın ona salamı olsun) yaşlı olmağına baxmayaraq Allahdan övlad istəyir və öz duasında duanın ədəblərinə gözəl şəkildə riayət etdiyinə görə Uca Allah ona istədiyini verir. Qurani Kərimdə bu hadisə belə təsvir olunur: “Zəkəriyyə Rəbbinə dua edərək dedi: “Ey Rəbbim! Öz tərəfindən mənə pak bir nəsil bəxş et! Şübhəsiz ki, Sən duaları Eşidənsən”. O, mehrabda durub namaz qılarkən mələklər onu çağırdılar: “Allah səni, Allah tərəfindən olan Kəlməni təsdiq edən, (qövmünün) ağası, nəfsinə hakim və əməlisalehlərdən bir peyğəmbər olacaq Yəhya ilə müjdələyir”.1
Dua haqqında ibrətli hekayələr.
Uca Allah Əyyubu (Allahın ona salamı olsun) imtahana çəkərək onun övladlarını əlindən alır, elə bir xəstəlik verir ki, hətta həyat yoldaşı, yaxın dostları belə onu tərk edir. Əyyub (Allahın ona salamı olsun) səbir edərək Allaha dua edir və Allah onun duasını qəbul edir. Uca Allah buyurur: “Əyyubu da yada sal! Bir zaman o, Rəbbinə yalvarıb demişdi: “Mənə, həqiqətən də, bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!” Biz onun duasını qəbul etdik və ona düçar olmuş bəlanı aradan qaldırdıq. Öz tərəfimizdən bir mərhəmət və ibadət edənlərə bir ibrət olsun deyə, ailəsini ona qaytardıq, üstəlik bir o qədər də əlavə etdik”.2
İbn Abbas (Allah onlardan razı olsun) rəvayət edir ki, Ömər ibn əl-Xattab (Allah ondan razı olsun) demişdir: “Bədr döyüşündə Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) nəzər salıb gördü ki, səhabələrinin sayı üç yüzdən bir az çox, müşriklərin sayı isə min nəfərdən bir az çoxdur. Sonra o üzünü qibləyə tərəf çevirdi və əllərini açıb dua etdi: “Allahım, mənə verdiyin vəd nə oldu! Allahım, mənə verdiyin vədini doğrult! Allahım, əgər bu müsəlmanlar həlak olsa, yer üzündə Sənə kim ibadət edəcək?” Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) uzun müddət bu duanı edərək Rəbbindən kömək istədi, hətta üst geyimi yerə düşdü. Əbu Bəkr (Allah ondan razı olsun) onu götürüb yenidən Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) çiyninə atdı və ona dedi: “Ey Allahın elçisi! Sən ki, bu qədər dua edirsən, Rəbbin sənə verdiyi vədi doğruldacaq və sənə kömək olacaq!”. Uca Allah da bu ayəni nazil etdi: “O vaxt siz Rəbbinizdən kömək diləyirdiniz. O da: “Mən sizə bir-birinin ardınca gələn min mələklə yardım edəcəyəm”- deyə duanızı qəbul etmişdi”.1
Bu döyüşdə Uca Allah Peyğəmbərinin (Allahın ona salavatı və salamı olsun) duasını qəbul edir və həmin döyüşdə müsəlmanlar qələbə çalaraq yetmiş nəfər müşrükü öldürməklə yanaşı, yetmişini də əsir götürürlər.2
Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) öz səhabələrinə rəvayət edir ki, günlərin bir günü (Cureycin) anası gəlib: “Ey Cureyc!” deyə onu çağırdı. Bu vaxt o, namaz qılırdı. Odur ki, namazda ikən öz-özünə: “Anammı ya namazmı?”– dedi, sonra da namazı (anasından) üstün tutmaq qərarına gəldi. Anası ikinci dəfə onu çağırdı. O yenə də öz-özünə: “Anammı ya namazmı?”– dedi, sonra da namazı üstün tutmaq qərarına gəldi. Anası üçüncü dəfə onu çağırdı. O yenə də öz-özünə: “Anammı ya namazmı?”– dedi, sonra da namazı üstün tutmaq qərarına gəldi. Elə ki anasına cavab vermədi. Anası: “Ey Cureyc! Zinakar qadınların üzünə baxmayınca Allah səni öldürməsin!”– dedi, sonra da çıxıb getdi. (Naxırçı ilə yaxınlıq etmiş) o qadını (zinadan doğulmuş) körpəsi ilə birgə padşahın yanına gətirdilər. Padşah soruşdu: “(Uşaq) kimdəndir?” Qadın: “Cureycdəndir!”– deyə cavab verdi. Padşah yenə soruşdu: “Komanın sahibimi?” Qadın: “Bəli!”– deyə cavab verdi. Padşah dedi: “Onun komasını dağıdın, özünü də yanıma gətirin!” Onun komasını yerlə yeksan olana qədər balta ilə qırıq-qırıq etdilər. Əllərini iplə boynuna bağladılar. Sonra da onu (padşahın yanına) apardılar. Cureyc zinakar qadınların yanından keçərkən onları görüb gülümsədi. Onlar da camaatın arasında ona baxırdılar. Padşah dedi: “Bilirsənmi bu qadın nə iddia edir?” Cureyc soruşdu: “Nə iddia edir ki?” Padşah dedi: “İddia edir ki, uşağı səndəndir”. Cureyc (qadına) dedi: “Doğrudanmı sən (belə) iddia edirsən?” Qadın: “Bəli!”– deyə cavab verdi. Cureyc soruşdu: “O körpə haradadır?” Dedilər: “Budur, qadının otağında!” Cureyc ona yaxınlaşıb soruşdu: “Atan kimdir?” (Körpə): “Naxırçıdır!”– deyə cavab verdi. Padşah (Cureycin taqsırı olmadığını anlayıb) dedi: “Komanı qızıldan düzəldəkmi?” O: “Xeyr!”– deyə cavab verdi. Padşah dedi: “Bəs gümüşdən necə?” O yenə də: “Xeyr!”– deyə cavab verdi. Padşah dedi: “Bəs necə edək?” O dedi: “Onu əvvəlki şəklinə qaytarın!” Padşah dedi: “Bəs nə üçün gülümsədin?” O: “Bildiyim bir şeyə gülümsədim, anamın duası mənə yetişdi”– dedi, sonra da (başına gələni) onlara danışdı”.1
Əbu Muslim əl-Xovləni nə zaman yağış yağması üçün dua edərdisə yağış yağardı.2
Bir qadın başqa bir qadını aldatdığına görə həmin qadın da onun gözlərinin tutulması üçün dua etmişdir. Bu duadan sonra o qadının gözləri tutulur. Həmin qadın Əbu Muslim əl-Xovləninin yanına gələrək günahını etiraf edib tövbə etdiyini bildirir. Əbu Muslim də dua edərək deyir: “Allahım! Əgər o düz deyirsə gözlərini geri qaytar!” Bundan sonra qadın yenidən görməyə başlayır.1
Bir nəfər İbrahim ibn Ədhəmin yanına gəlib dedi: “Uca Allah buyurur: “Mənə dua edin, Mən də sizə cavab verim”2. Amma biz dua edirik duamız qəbul olmur”. İbrahim ibn Ədhəm dedi: “Bunun beş səbəbi vardır”. O adam soruşdu: “Onlar nədir?” İbrahim cavab verdi:
1. Allahı tanıdınız haqqını vermədiniz.
2. Quranı oxudunuz, onda olanlara əməl etmədiniz.
3. Dediniz ki, Allahı sevirik amma yolunu tərk etdiniz.
4. Dediniz ki, İblisə lənət edirik, amma ona tabe oldunuz.
5. Öz eyiblərinizi buraxıb, insanların eyibləri ilə məşğul olmağa başladınız.3
QEYD: Əlinizdəki kitab insan əməyinin bəhrəsidir və ona görə də orada xətaların olması labüddür. Hər hansı bir xəta ilə üzləşdikdə və ya mövzu ilə bağlı daha maraqlı təklifiniz olarsa, ramil.soltanov@gmail.com elektron ünvanına yazmanızı xahiş edirik.
Dostları ilə paylaş: |